Türkiyəli qonaqlar Naxçıvanın tarix və mədəniyyət obyektləri ilə tanış olublar

 

Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvanın tarix və mədəniyyət obyektləri ilə tanış olublar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, nümayəndə heyətinin üzvləri əvvəlcə Naxçıvan şəhərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin abidələrini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar.

Məlumat verilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ümummilli Liderin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər zəngin materiallarla nümayiş etdirilir.

Sonra türkiyəli qonaqlar Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Mömünə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət ediblər.

 

Azərbaycan.-2020.- 12 noyabr.- S.8.