Erməni kilsəsinin xristianlıq və Rusiya əleyhinə fəaliyyətləri: tarixdən günümüzə

 

 

Bu yaxınlarda katolikos II Qareginin bütün erməniləri müharibəyə çağırmasından qətiyyən təəccüblənmək lazım deyildir. Çünki belə davranış erməni kilsəsi üçün yeni bir şey olmayıb, fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Uzun əsrlərdir ki, erməni kilsəsi və din xadimləri öz fəaliyyətləri ilə sülh və birgəyaşayış dini olan xristianlığa daim ləkə gətirib və eyni zamanda son 200 ilə yaxın dövrdə yaranmış mürəkkəb, çətin anlarda Rusiyanın və rus xalqının ayaqlarının altını qazıb, ona arxadan zərbə vurublar. Gəlin baxaq bu barədə Azərbaycan, Rusiya və Gürcüstan arxivlərində saxlanılan yüzlərlə ən mötəbər arxiv sənədlərindən bəziləri nə deyir?

Çar Rusiyası dövlət orqanlarının XIX əsrin sonlarına aid rəsmi sənədləri təsdiq edir ki, erməni kilsəsi və din xadimləri sülh dini olan xristianlığın gözdən düşürülməsində, xalqlar arasında düşmənçilik toxumunun səpilməsində müstəsna rol oynayıblar, Rusiyaya və rus xalqına nifrət edərək arxadan zərbə vurublar. Bununla əlaqədar olaraq Qafqaz Canişinliyinin 1896-cı il 17 fevral tarixli 195 ¹-li məlumatında yazılırdı ki, Aleksandropolda keşiş Ter-Şuşeq erməni gənclərini silahlı bandalara qoşulmağa təhrik edir. Həmin bandalar Cənubi Qafqazda ictimai təhlükəsizliyi pozan cinayətkar elementlərdən ibarət idi.

Qan tökməyə çağıran təkcə bu din xadimi deyildi. Digərləri də var idi. Qafqaz canişini vəzifəsini icra edən general-leytenant Freze çar Rusiyasının daxili işlər nazirinə 1896-cı il aprelin 25-də göndərdiyi 5205 ¹-li məlumatında yazırdı: "İrəvan quberniyasının Təzəkənd kənd keşişi Ter-Tevetoros Mnaçakanov Sarkisyans erməniləri müsəlmanlara (azərbaycanlılara - M.Q.) qarşı qəddarlıq həyata keçirməyə təhrik edir”.

Erməni keşişləri təkcə düşmənçilik təbliğatı aparıb qarşıdurmaya, qan tökməyə təhrik etmirdilər, eyni zamanda, Allahın evi olan kilsələrin zirzəmilərini silah və sursat anbarına çevirirdilər. Bununla bağlı olaraq İrəvan qubernatoru çar Rusiyasının daxili işlər nazirinə 1896-cı il 15 iyul tarixli 1036 ¹-li məlumatında vurğulayırdı:

"Arazın İran hissəsində yerləşən Culfadakı kilsə Türkiyədəki ermənilərə silah verilməsi üçün anbara çevrilmişdir”.

Erməni kilsəsi, eyni zamanda Cənubi Qafqazda erməni ünsürünün rolunu artırmaq üçün hiyləgər manevrlər edərək Rusiya hakimiyyət orqanlarını və rusların nüfuzunu zəiflətmək üçün fəaliyyət göstərir və ayaqlarının altını qazırdı. Bütün imperiya ərazisində yazışmalar rus dilində aparıldığı halda, erməni kilsəsi dövlət müəssisələri ilə yazışmaları erməni dilində aparır, kilsə pullarını istədiyi kimi, nəzarətsiz xərcləyir və hərc-mərclik yaradırdı. İmperiya orqanlarını gözdən düşürən bu fəaliyyət barəsində Tiflis quberniya jandarma idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Debil "Erməni arximandriti Ağavelyantsın 1903-cü ilin fevral ayında zərərli fəaliyyətləri haqqında” adlı 15 mart tarixli məruzəsində yazırdı ki, erməni kilsəsi hərc-mərclik yaradır. Bu sahədə qayda-qanun yaratmaq məqsədilə Qafqaz canişini knyaz Q.S.Qolitsın 1903-cü ildə erməni kilsəsinin əmlakının idarə edilməsi və hökumətin nəzarətinə verilməsi haqqında qərar qəbul olunması məsələsini gündəliyə gətirdi. Təklif erməni kilsəsi və Daşnaksütyun tərəfindən etirazla qarşılansa da, imperator II Nikolay 1903-cü il iyunun 12-də erməni-qriqorian kilsəsinin mülkiyyətinin idarəsinin hökumət təsisatlarında mərkəzləşdirilməsi, onun mövcudluğunu təmin edən vəsait və mülkiyyətin Xalq Maarif Nazirliyinin sərəncamına verilməsi haqqında Nazirlər Şurasının əsasnaməsini təsdiq etdi.

Kilsə və Daşnaksütyun bu hadisədən bütün erməni ünsürünün birləşdirilməsi üçün istifadə etdilər. Daşnaklar və erməni kilsə xadimləri dövlət hakimiyyət orqanlarına qarşı silahlı müqavimət göstərdilər. 1903-cü ilin avqust ayında Tiflisdə Van kilsəsinin yanında ermənilər və polis arasında toqquşma baş verdi. Qarşıdurmada yaralanan və xəsarət alanlar oldu. Baş verən hadisə barədə Qafqaz canişinin mülki hissəsinin rəisi 1903-cü il 19 dekabr tarixli məktubunda çar Rusiyasının daxili işlər naziri V.K.fon Pleveyə yazırdı ki, ermənilər Tiflisdə erməni kilsəsi qarşısında sui-qəsdlər törətdilər.

Qəbul edilən qərardan qəzəblənən erməni kilsəsi və terror təşkilatları yüksək rütbəli hakimiyyət nümayəndələrinə qarşı terrora hazırlaşmağa başladılar. Jandarma orqanlarının hazırladığı "Erməni terrorçularının izlənməsi üzrə iş. 25.10.-13.12.1903” adlı sənəddə yazılırdı ki, erməni terrorçularının imperator II Nikolaya sui-qəsd hazırlamaları barədə şayiələr gəzir. Lakin sui-qəsd imperatora deyil, canişin Q.S.Qolitsınə edildi. Canişin öldürüləcəyi ilə bağlı hələ 1903-cü il oktyabrın 18-də erməni komitəçilərindən erməni hərfləri ilə "A.K.T” imzası ilə yazılmış bir məktub almışdı. Tiflis jandarma idarəsinin rəisi 1904-cü il 15 may tarixli 3014 saylı məxfi məktubunda canişinə 3 və 13 deyil, 100 və daha çox erməninin sui-qəsd etmək istədiyi barədə məlumatlar olduğu yazılmışdır. Az müddət keçmiş, oktyabrın 14-də erməni terrorçuları Qafqaz canişini knyaz Q.S.Qolitsınə sui-qəsd etdilər. Lakin o, sağ qaldı. Sankt-Peterburqa çağırılan canişin bir daha Cənubi Qafqaza qayıtmadı.

Kilsə və terrorçuların bu cinayətkar hərəkətlərini erməni ziyalıları və din adamları bəyənir, tacirləri onu qəbul etmir, kəndlilər isə qorxurdular. Bununla bağlı olaraq çarizm hakimiyyət orqanlarının hazırladığı "Erməni hərəkatının qısa oçerki” adlı sənədində yazılırdı: "Rusiya hakimiyyəti üçün ziyanlı elementlər erməni ziyalıları və din adamlarıdır”.

Erməni kilsəsi daşnak terrorçularının toplaşdığı yerə çevrilmişdi. Daşnaksütyun kilsə xadimləri seçilərkən öz namizədini keçirməyə çalışır və ona nail də olurdu. Bununla əlaqədar olaraq İrəvan quberniya jandarma idarəsinin rəisi Daxili İşlər Nazirliyinin Polis Departamentinə 1903-cü ilin noyabr ayında yazdığı 1288 ¹-li məxfi raportunda vurğulayırdı: "İrəvan kilsəsinin keşişi Sukias Ter-Qriqoryan Daşnaksütyun Partiyasının üzvüdür”.

Kilsə və terror təşkilatları bərabər hərəkət edirdilər. Onların fəaliyyəti həm xristianlığı, həm də Rusiya hakimiyyətini gözdən düşürürdü.

Çarizm güzəştə gedərək erməni kilsəsinin əmlakını geri qaytardı. Lakin Daşnaksütyun bunu öz qələbəsi kimi qələmə verməyə başladı. Ermənilər kilsə əmlakının qaytarılmasını yalnız Daşnaksütyunun xidməti kimi qiymətləndirirdilər. Bundan sonra erməni kilsəsinin və terror təşkilatlarının fəaliyyətləri daha da genişləndi. İrəvan qubernatoru Qafqaz canişinin mülki hissə üzrə direktoruna 1904-cü il 20 iyul tarixli 1026 ¹-li məxfi məktubunda bu barədə yazırdı: "...erməni terror təşkilatlarının fəaliyyəti nəinki zəifləmədi, yerli erməni gizli təşkilatları heç bir ciddi zərərə uğramadılar, bu isə onlara terror fəaliyyətlərini davam etdirməyə inam və imkan verdi”.

Həmin hadisədən sonra Daşnaksütyunun erməni kilsəsi üzərində təsiri daha da artdı. Təşkilat erməni xalqının iki milli sərvətinin qaldığı barədə geniş təbliğat aparırdı: məktəb və kilsə. Məktəb müəllimləri erməni şagirdləri arasında güclü təbliğat aparır, kilsə isə bütün erməniləri birləşdirirdi. Bütün bu fəaliyyətlər Rusiya hakimiyyət orqanlarının nüfuzdan düşürülməsi məqsədi daşıyırdı.

Q.S.Qolitsınə sui-qəsddən sonra Daşnaksütyun üzvləri Kars vilayətində daha çox görünməyə başladılar. Karsın coğrafi mövqeyi və Osmanlı dövləti ərazisində ermənilərin vəziyyətinə artan maraq onları çox zaman təqiblərdən xilas edirdi. Kars vilayəti daşnak terrorçuları üçün bazaya çevrilmişdi. Vilayətdə toplanan silahlar Cənubi Qafqazdakı ermənilərə ötürülürdü. Kilsə və terror təşkilatlarının təsiri altında olan erməni ünsürü Rusiyaya və ruslara nifrət edirdi. Rusiyanın Bəyazitdəki vitse konsulu İstanbuldakı rus səfirinə 1904-cü il 15 yanvar tarixli 9 ¹-li məxfi məktubunda bu barədə yazırdı: "Buradakı ermənilər Rusiyaya nifrət edir və erməni çarlığını qurmaqda yeganə maneə kimi Rusiyanı görürlər. Onlar Qafqazda Rusiyanın ayaqlarının altını qazırlar”.

Erməni kilsəsinin rus xalqı və Rusiya əleyhinə fəaliyyətlərində növbəti addım rus-yapon müharibəsi zamanı oldu. Kilsə müharibədə Rusiyanın məğlub olmasını istəyən xarici ölkələrin əlində alət oldu. Müharibənin başlanması ilə Rusiyada yeni ictimai-siyasi vəziyyət yarandıqda Cənubi Qafqazda qarışıqlıq yaratmaq üçün kilsə və daşnaklar hərəkətə keçdilər. Ərzurumdan Rusiya nümayəndəsi S.Skryabinin 1904-cü il fevralın 1-də verdiyi məlumatda buna dair yazılırdı: "Erməni komitələri Qafqazda açıq döyüşlərə başlayacaqlar”.

Rusiyanın Xarici İşlər naziri Vladimir Lamsdorf Daxili İşlər naziri V.K. fon Pleveyə 1904-cü il 28 fevral tarixli 184 ¹-li məxfi məktubunda xarici dövlətlərin ermənilərdən istifadə etməsinə dair yazırdı: "...Qafqazda və Türkiyədə ermənilərin üsyanını qaldırmağa cəhd edirlər”.

Daşnakların 1904-cü ildə keçirilən III qurultayının qərarları kilsə və daşnakların əsl məqsədlərini bir daha təsdiq etdi. Qurultayda Daşnaksütyunun "özünümüdafiə” adı altında Qafqazda mübarizəyə hazırlaşması barədə qərar qəbul edildi.

Erməni kilsəsinin və terror təşkilatlarının xristianlığa ləkə vurmasının, dinlərarası düşmənçilik yaratmasının, Rusiyanın ayaqlarının altını qazmasının və rus xalqına arxadan zərbə vurmasının daha bir nümunəsi islam dinini məsxərəyə qoyması və s. idi. Jandarma əməkdaşları Bakıda axtarış aparan zaman islam dinini məsxərəyə qoyan erməni dilində kitabçalar tapmışdılar. Kitabçada Məhəmməd Peyğəmbər (s.ə.) erməni keşişinin formasında təsvir edilmişdi. Belə vəziyyət müsəlmanları hakimiyyətin fəaliyyətindən narazı saldığı üçün Rusiyaya qarşı yönəlmişdir.

Erməni keşişləri silah və sursat saxlamaqla xristianlığı gözdən salırdılar. Məsələn, 1905-ci ildə İrəvan quberniya jandarma idarəsi tərəfindən keşiş Seqomonyans, 1906-cı ildə isə keşiş Rubinyans silah saxlamaq və terror təşkilatı ilə əlaqədə ittiham edildilər.

1905-1906-cı illərin hadisələrindən sonra bəzi erməni din adamları törətdikləri cinayətlərə görə cəza alacaqlarından qorxub Şuşa şəhərindən qaçıb getmək istəsələr də, qəza rəisi onların bir neçəsini saxladı. Axtarış nəticəsində şəhərdəki erməni kilsəsindən 23 bomba, 2 Berdan tüfəng, 152 patron, 2 bıçaq, yanğın törətmək üçün partlayıcı maddə tapıldı. Bu əməllərinə görə keşişlər Ter-Karegin Ovanesyans, Ter-Arsen Axumov, Ter-Karapet Varapetyans və kilsədə çalışan bir neçə erməni saxlanıldı. Təqsirləndirilən şəxslərin hamısı polis idarəsində silah, partlayıcı maddə saxladıqlarını, bunları hələ iyulun 1-də erməni-azərbaycanlı toqquşmaları zamanı qoyduqlarını etiraf etdilər. Ona görə də Qaryagin, Zəngəzur, Şuşa və Cavad qəzalarının müvəqqəti general-qubernatoru general-mayor Bauerin 39 saylı qərarı ilə keşişlərə fövqəladə vəziyyət elan edilən ərazilərə girmək qadağan olundu. Saxlanılan kilsə əməkdaşları isə üç aylıq həbs cəzasına məhkum edildilər.

Kilsənin terror təşkilatı ilə əlaqədə olaraq xristianlığı gözdən salmasının daha bir nümunəsi Daşnaksütyunun Eçmiadzin kilsəsinin yanında dini təşkilat olan Patorik təşkil etməsi idi. Yalnız rəhbərliyə tabe olan bu terror təşkilatının başlıca vəzifəsi ermənilərin psixoloji və dini hisslərinə təşkilatın mövqeyindən təsir etmək idi. Patorikin fəaliyyətində erməni katolikosunun şəxsən iştirak etməsi isə kilsə və terror təşkilatının bərabər hərəkət etdiyini göstərirdi. Cənubi Qafqazda tökülən qanlar üçün məsuliyyəti erməni kilsəsi və terror təşkilatları daşıyırdı.

Anarxiya yaratdıqları üçün kilsə xadimlərinə qarşı çarizm hakimiyyət orqanları tədbirlər gördü. 1907-ci ildə Tiflis quberniyasında keşiş Ter-İsraelov, Yelizavetpol quberniyasında isə erməni kilsəsinin arximandriti Koryun Saakyan silah saxladıqları və terror təşkilatı ilə əlaqəli olduqları üçün barələrində cinayət işi açıldı.

Terrorçuların silah və sursatla təmin edilməsində erməni din xadimləri və Daşnaksütyun xüsusi rol oynayırdılar. Polis Departamentinin direktoru "Erməni inqilabi hərəkatının qısa tarixi oçerki” adlı 1908-ci il 9 iyun tarixli 65789 ¹-li məxfi sənədində yazırdı ki, 1908-ci ilin mart ayında Daşnaksütyun İrəvan eparxiyası Tatev monastrının keşişi İnzakın vasitəsi ilə Yaponiyadan silahlar alıb gətirdi.

Eçmiadzinin belə cinayətkar fəaliyyətlərinə qarşı hakimiyyət orqanları tədbirlər görməyə başladıqda katolikos pulları xəlvəti olaraq xaricə çıxarmağa başladı. Bununla bağlı olaraq F.D.İsayev "Pryamoy put” qəzetində dərc edilmiş "90-cı illərdə Qafqazda inqilabi təşkilatlar (Daşnaksütyun və erməni-tatar qırğını)” adlı məqaləsində yazırdı ki, Eçmiadzindəki erməni kilsəsi 30 milyon rubl pulu xaricə çıxardı.

Katolikosun rus xalqına, Rusiyaya və xristianlığa qarşı yönəlmiş bu fəaliyyəti Rusiya mətbuatında da hiddətlə qarşılandı. Məsələn, "Zemşina” qəzeti 1909-cu il 17 oktyabr tarixli sayında "Erməni riyaraklığı” adlı məqaləsində yazırdı: "Ermənilər də ikili taktika işləyib hazırlamağa başlayırlar. Bunun xarakterik təzahürü erməni katolikosudur... Bu isə riyakarlıqdır. Ermənilər bir tərəfdən, Rusiyada separatçılığı dəstəkləyən müxalifət təşkilatları ilə ittifaqa girir, digər tərəfdən isə ermənilər arasında separatçılığa qarşı çıxırlar. Bu, riyakarlıqdan başqa bir şey deyildir və separatçılığı ört-basdır etmək deməkdir”.

Çarizm tədbirlər görsə də, kilsə xadimləri daşnak fəaliyyətlərində xüsusi rol oynayırdılar. Onların demək olar hamısı daşnaklar idi. Tiflis quberniya jandarma idarəsinin rəisi 1910-cu il mayın 5-də 6896 ¹-li məxfi məruzəsində Qafqaz Canişininin mülki hissə üzrə köməkçisinə yazırdı: "Hazırda erməni sinodunun üzvlərinin çoxu daşnaklardır. Katolikos daşnakların əlindədir, ikiüzlüdür. Kilsə üzərində nəzarət etmək üçün daşnakların nümayəndəsi kilsədə oturur”.

Erməni kilsəsinin Rusiya və rus xalqı əleyhinə fəaliyyətlərində Birinci Dünya müharibəsi özünəməxsus yer tutur. Çarizmin köməyi ilə müxtariyyət qurmaq istəyən kilsənin və terror təşkilatlarının istəklərini Rusiya hakimiyyəti rədd etdi. Bundan sonra Eçmiadzinin və daşnakların Rusiyaya münasibəti dəyişdi. Çarizm orqanlarının tərtib etdiyi "Erməni məsələsinə dair arayış. Aprel 1915-ci il” adlı sənəddə yazılırdı ki, daşnaklar bildirdilər, Rusiyadan ermənilər üçün muxtariyyət gözləməyə dəyməz, ona görə də silahı rus ordusuna vermək olmaz, o, gələcəkdə Rusiyaya qarşı yönəldilə bilər. Bu mövqe 1915-ci il fevralın 16-18-də Tiflisdə Daşnaksütyunun nümayəndələrinin iştirakı ilə keçirilən yerli erməni komitələrinin qurultayında müzakirə olundu və eyni məzmunlu qərar qəbul edildi.

Erməni kilsəsi və terror təşkilatları Rusiyadan üz döndərərək Avropa ölkələrinə üz tutdular. Avropaya gedən bütün ermənilərin katolikosu V Gevorq keçirdiyi görüşlərdə bildirdi ki, Rusiya ermənilərin istəyini yerinə yetirmədi və "ermənilərsiz Ermənistan” istəyir. Səfər barəsində Tiflis quberniya jandarma idarəsinin rəisi Qafqaz Canişini dəftərxanasının xüsusi şöbəsinə 1917-ci il 17 yanvar tarixli 162 ¹-li məxfi məktubunda yazırdı ki, 1917-ci ilin əvvəllərində lodr Brays ermənilərin katolikosunu qəbul etmişdir. Görüş zamanı o xahiş etmişdir ki, "erməni məsələsi”nin həllinə yardım göstərsin. Lord Brays müharibənin sonunda imzalanacaq sülh müqaviləsinin şərtlərinə bu məsələni daxil etmək üçün çalışacaqlarını bildirmişdir.

Erməni kilsəsinin silah və sursat saxlamaqla xristianlığı gözdən düşürməsinə dair fəaliyyətləri sonrakı illərdə də davam etdi. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Dövlət Siyasi İdarəsinin "İranda daşnakların fəaliyyəti” adlı 1932-ci il 15 may tarixli 00313 ¹-li tamamilə məxfi sənədində yazılırdı ki, Cənubi Azərbaycan Culfasından 30 km aralıda yerləşən Daraşan monastrında keşiş Gevondun nəzarəti altında silah anbarı yaradılmışdır. Sovet xarici kəşfiyyat məlumatlarına görə, daşnakların Təbrizdəki təşkilatında 600-dən çox tapança var idi və Mauzer üçün 5 min, Naqan üçün isə 3 min patron alınmışdı.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra da erməni din xadimləri Allahın evi olan kilsəni silah və sursat anbarına çevirmək ənənələrini davam etdirdilər. Bununla əlaqədar olaraq sovet xarici kəşfiyyatının "Təbrizdə (İran) daşnakların silah anbarının üzə çıxarılması ilə əlaqədar olaraq tədbirlər haqqında " adlı tamamilə məxfi sənədində yazılırdı ki, daşnakların Cənubi Azərbaycanda başlıca məntəqəsi Təbrizdir. Burada onlar silah anbarı yaratmışlar. Anbar Lilavandakı erməni kilsəsində yerləşir. 1946-cı ildə 15-ci Qafqaz korpusunun Əks-Kəşfiyyat SMERŞ əməkdaşlarının səyləri nəticəsində həmin anbardan 50 min tüfəng patronu, 19 tüfəng, Naqan və Mauzer tipli 23 tapança, 3 min bomba fitili, 25 ədəd qumbara, 500 kiloqram partlayıcı maddə (dinamit, amonal və b.) və digər silahlar götürüldü. Kilsədə silah və sursat saxlanılması haqqında yayılan xəbərdən hiddətlənən yerli azərbaycanlılar bəyan etdilər ki, ermənilər onlara qarşı üsyan hazırlayırlar və düşmənləridir, haqq-hesab çəkmək lazımdır. Hiddətlənən bəzi ermənilər silah saxladıqları və İran Azərbaycanındakı erməniləri zərbə altına qoyduqları üçün daşnakları, xüsusən Təbrizdəki erməni epararxiya şurasının rəisi arxiyepiskop Nerses Melik-Tangiyanı, zərgər Aykak Kosayanı, ədəbiyyatçı Qayk Əcəmyanı, erməni məktəbinin keçmiş gözətçisi, həmin vaxt ticarətlə məşğul olan Ovanes Qabrielyanı və onun oğlu Andranik Qabrielyanı təqsirləndirirdilər. Yeni silah anbarlarının olması mümkünlüyünü nəzərə alan və yerli əhali ilə ermənilər arasında münaqişənin qarşısını kəsmək üçün sovet ordu komandanlığı bir sıra həbslər həyata keçirdi. Təqsirləndirilən şəxslər cinayətlərini etiraf etdilər.

Erməni kilsəsinin Rusiya və rus xalqı əleyhinə fəaliyyətlərinin növbəti mərhələsi SSRİ-nin faşist Almaniyasının işğalı altında olan ərazilərində nasistlərlə əməkdaşlıq etməsi olub. Sovet kəşfiyyat sənədlərində yazılır ki, müharibənin gedişində Stavropol, Rostov-Don və başqa şəhərlərdə açılan erməni kilsələrində yaradılan "Kilsə şuraları”, "Erməni dini icmaları” və "Kilsə xeyriyyəçiliyi” cəmiyyətləri ruslar və digər slavyan xalqları əleyhinə fəal antisovet təbliğat aparır və Cənubi Qafqazın işğalına kömək etməkdən ötrü vəsait toplayırdılar.

1980-ci illərin ortalarından etibarən SSRİ-də anarxiya, xaos və qarşıdurmanın yaradılmasında, günahsız insanların qanının tökülməsində, ev-eşiklərindən didərgin düşmələrində erməni kilsəsi ənənəvi rolunu davam etdirib. Erməni kilsəsi Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsini geniş təşviq etməklə münaqişə yaradılmasında cinayətkar rol oynayıb. 1988-ci ilin fevralında Sumqayıtda təxribatın törədilməsində erməni kilsəsinin özünəməxsus payı vardır. Həmçinin Bakıda 1990-cı ilin sonlarında törədilən təxribatda da erməni kilsəsinin müəyyən rolu olub. Bununla bağlı olaraq ən mötəbər mənbələrdən birində yazılır ki, 1988-ci il martın 8-10-da Bakıdakı erməni kilsəsinin dyakonu (aşağı rütbəli keşiş - M.Q.) S.S.Davityan Eçmiadzinə gedərək katolikos I Vazgenin qəbulunda olmuş, sonra isə ieoromonaxlar İsaxanyan, Mkrtıçyan və dyakon Matevosyan ilə görüşmüşdü. Söhbətlər zamanı Matevosyan Bakı və Sumqayıtdakı şəraitlə maraqlanmış, Bakı ermənilərinin Dağlıq Qarabağ məsələsində bitərəf mövqe tutmasının səbəblərinə dair suallar verərkən demişdi: "Onlar böyük işlər görməyə qadir deyillər, böyük işlər böyük qurbanlar tələb edir, onlar isə qorxaqdırlar”.

S.Davityan cavabında bildirmişdi ki, Ermənistan əhalisinin çıxışları Bakı ermənilərinin vəziyyətinə mənfi təsir edə bilər. Bu zaman kilsə xadimləri soyuqqanlılıqla belə söyləmişdilər: "Burada qorxulu heç nə yoxdur, onları (Bakı erməniləri nəzərdə tutulur - M.Q.) qurban vermək olar”.

Bu, bir daha təsdiq edir ki, Bakıda 1990-cı ilin sonlarında təxribatın törədilməsində erməni kilsəsi bilavasitə iştirak edib. İnsanların qanı və acıları erməni kilsəsinin üstündədir.

Ermənistan hakimiyyətinin din adamlarını zorla Azərbaycan ərazisinə müharibəyə göndərməsinə dair son fakt Qubadlı rayonunda əsir düşən erməni silahlılarından birinin Gümrü şəhəri Adventist kilsəsinin rahibi Hovsep Araratoviç Sahakyanın olmasıdır. Azərbaycan dövləti onun işğalçı ölkənin vətəndaşı olmasına baxmayaraq, dini ayinlərini icra etməsi üçün şərait yaradıb. Rahib Yeddinci Günün Adventistlərinin Dua Evində dua edib. Keçirilən görüşdə bildirib ki, əlinə silah götürüb döyüşmək istəmədiyini deməsinə baxmayaraq, zorla Azərbaycan ərazisinə göndəriblər. Bu hal terroru dövlət siyasətinə çevirən Ermənistan adlı bir qurama dövlətin əsl mahiyyətidir.

 

vvv

 

Beləliklə, təqribən son 200 illik fəaliyyəti erməni kilsəsinin əsl simasını ortaya qoyur. Erməni katolikosunun başçılığı altında erməni kilsəsi terror təşkilatları ilə sıx əlaqə yaratmaqla, terroru təşviq etməklə, kilsə xadimlərinin çoxu terror təşkilatlarının üzvləri olmaqla, kilsə zirzəmilərini silah və sursat anbarına çevirməklə, xalqlar arasında nifaq və kin-küdurət yaratmaqla sülh və birgəyaşayış dini olan xristianlığa ləkə gətirib. Katolikosun bütün fəaliyyəti Rusiya dövləti və rus xalqının əleyhinə yönəlib, onlara xaincəsinə arxadan zərbə vurub. Bütün bunlar bir daha təsdiq edir ki, həm XIX əsrin sonlarında, həm də indi erməni kilsəsi sülh yaratmaqdan çox uzaq olub.

Ona görə də katolikos II Qareginin çağırışından təəccüblənmək lazım deyildir. Onun müvafiq çağırışı erməni kilsəsinin əsrlər boyu formalaşmış ənənəsinin yeni şəraitdə davam etdirilməsidir. Dünyanın xristian xalqlarının, o cümlədən Rusiyanın və rus xalqının bunu görməsi zamanı hələ çatmayıbmı?

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü, professor

Azərbaycan.-2020.- 12 noyabr.- S.9.