Ağdamın şöhrətli günləri yenidən qayıdacaq

 

 

Qarabağ qələbəmiz ölkəmizdə bayram əhvali-ruhiyyəsi, xalqımızda xoş ovqat yaradıb. 30 ildən bəri ayrı-ayrı rayonların işğal günlərini ürək ağrısıyla, göz yaşıyla qeyd etdiyimiz günlər artıq bizim üçün kədərli tarixə çevrilib. Azərbaycan əsgəri yeni tarix yazıb. Basılmaz, yenilməz Ordumuz döyüş meydanında canı və qanı bahasına bütün dünyanı heyrətə salan xarüqələr yaradıb. "Qarabağ Azərbaycandır!” deyən qəhrəman oğullar öz hünəriylə Azərbaycan üçün QƏLƏBƏNİ təmin ediblər.

Vətən müharibəsində yeni və həlledici mərhələ başlayandan bəri elə gün olmurdu ki, Ağdam rayonunun yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin artilleriya atəşlərinə, raket zərbələrinə məruz qalmasın. Döyüş meydanında Azərbaycan əsgərinə cavab verə bilməyən, hər həmlədə itkilər verib geri otuzdurulan erməni faşistləri məğlubiyyətlərinin heyfini mülki əhalidən çıxır, kəndlərə, qəsəbələrə top mərmiləri, raketlər yağdırırdılar. Xalq-ordu birliyinin sarsılmazlığı, qəhrəman Azərbaycan əsgərinə yenilməz inam düşmən təxribatlarını nəticə etibarı ilə heçə endirirdi. Şiddətli artilleriya atəşləri bu cəbhə bölgəsində çox sayda yaşayış evlərini, məktəbləri, xəstəxanaları, uşaq bağçalarını və digər sosial obyektləri dağıdıb yararsız hala salsa da, ağdamlılarda döyüş ruhu yüksək, qələbəyə inam böyük idi.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdamın gününü belə dəyərləndirir:

- 30 ildən bəri xalqımız məhz bu günü gözləyirdi. Xalqımızın səbri böyük olduğu kimi, intiqam hissiçox güclüdür. Ermənistanın baş naziri N.Paşinyan Cıdır düzündə yallı gedəndə, "Qarabağ Ermənistandır. Nöqtə” deyəndə biz için-için yanıb qovrulur, qisas hissi ilə alışıb yanırdıq. Amma Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Qarabağ savaşından söz düşəndə deyirdi ki, nəyi, necə və nə vaxt etməyi mən yaxşı bilirəm. Zaman göstərdi ki, dövlət başçısı Qarabağı işğaldan azad etmək üçün ən əlverişli məqamı son dərəcə siyasi müdrikliklə müəyyən etmişdir. Bu qərar region üçün də, beynəlxalq aləm üçünzaman baxımından çox uyğun idi. Bütün baxış bucaqlarından nəzər yetirsək belə, bu tarixi qərarın doğru olduğunu birmənalı olaraq təsdiq edərik. Ən böyük sübut isə şanlı Ordumuzun qələbələrlə müşayiət olunan zəfər yürüşü oldu. Çox xoşdur ki, müəyyən istisnalar olamaqla əksər dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mübarizəsini, öz ərazi bütövlüyünü bərpa etmək uğrunda savaşını müdafiə etdi. Bütün bunlar Prezident İlham Əliyevin beynəlxalq aləmdə uzaqgörən siyasi müdrikliklə həyata keçirdiyi uğur diplomatiyasının məntiqi nəticəsi idi.

Bu gün Ağdam da qələbə sevincini yaşayır. Unutmayaq ki, Birinci Qarabağ savaşında ən çox şəhidi (5 min nəfərdən çox) Ağdam verib. Azərbaycan əsgəri döyüş meydanında hünər göstərib şəhidlərimizin qanını alanda, işğal altındakı torpaqlarımızı düşmən tapdağından xilas edəndə, bu həm də şəhidlərimizin qisası idi. Bizim xalqımız çox məğrurdur. Bir daha gördük ki, Azərbaycan xalqı fövqəlgüc qarşısında məhv olar, amma əyilməz, qula, köləyə çevrilməz. Müdrik Ali Baş Komandanımız, qəhrəman əsgərlərimiz Qarabağı azad etməklə bizi illərdən bəri çiyinlərimizdə daşıdığımız ağır töhmət yükündən, böyük xəcalətdən xilas etdi. İndi hamının üzü gülür, eynəsi açılır. Çox maraqlıdır, müharibə başlayandan rayon İcra hakimiyətinə bir nəfər də maddi yardım üçün müraciət etmədi. Baxmayaraq ki, artilleriya mərmiləri, raket zərbələri çox sayda yaşayış evlərini dağıdırdı. Təbii ki, əksər hadisə yerlərinə baş çəkib ev sahiblərinə toxdaqlıq verir, imkan daxilində zəruri köməklər edirik. Ev sahiblərinin ifadə etdikləri fikirlər birmənalıdır: evimiz də, varımız-dövlətimiz də, üstəlik canımız da Vətənə qurbandır. Əlbəttə, dövlətimiz dağılan evləri bərpa edəcək, mülki əhaliyə dəyən zərəri artıqlaması ilə ödəyəcək. Bunu hər kəs yaxşı bilir. İndi bizi işğaldan azad ediləcək ərazilərimizdə aparacağımız tikinti, abadlıq, quruculuq, işləri düşündürür. Heç şübhəsiz Ağdamın şöhrətli günləri yenidən qayıdacaq. Həm də əvvəlkindən çox fərqli, daha gözəl, müasirqürürverici formada...

Döyüşlərin ən qızğın günlərində də rayonun təsərrüfatlarında əkin-biçin işləri davam edir. Cari il rayonun "sarı kəhrəba” ustaları üçün xüsusilə uğrulu oldu. Rayonun təsərrüfatlarında taxıl zəmilərinin hər hektar üzrə orta məhsuldarlığı 42,8 sentnerə yüksəldi. Təbii ki, çətin şəraitdə bu rekord göstəricinin qazanılmasına böyük əmək sərf edildi. Hər kəs yaxşı başa düşürdü ki, müharibə şəraitində yaşayan bir dövlətdə çörəyin bolluğu silah-sursat qədər vacib şərtdir.

Ağdam kəndlisi əsl əmək fədakarlığı nümunəsi göstərərək ət, süd, yumurta, meyvə-tərəvəz istehsalını da xeyli artırmışdır. Hazırda pambıq yığımı davam edir. Məqsəd böyük zəhmət bahasına yetişdirilmiş məhsulu son qozasınadək yığıb təhvil verməkdir.

Ərazisinin dörddəüç hissəsi düşmən işğalında qalan Ağdam bu gün səbirsizliklə bütövləşəcəyi günü gözləyir. O gün isə lap yaxındadır.

 

Lazım QULİYEV

Azərbaycan.-2020.- 12 noyabr.- S.10.