Erməni faşizminin süqutu

 

Dünya alman faşizminin törətdiyi dəhşətləri hələ xatırlayır. Ötən əsrin əvvəllərində Avropada baş qaldıran bu bəla Yer üzündə milyonlarla insanın ölümünə və bir çox ölkələrin dağılmasına səbəb olmuşdur.

Müttəfiq qoşunları Almaniya üzərində qələbə qazandıqdan sonra Hitlerin tör-töküntüləri üzərində Nürnberq məhkəməsi qurulsa və bəşəriyyətə qarşı dəhşətli cinayətlər törədən faşist cəlladları layiq olduqları cəzanı alsalar da, sonrakı baş verənlər göstərdi ki, bundan hamı dərs götürməmişdir.

Günü bugünəcən Ermənistanın bətnində faşizm yaşayır. Ermənilər Cənubi Qafqaza köçürüldüyü gündən bütün qonşularla, xüsusilə türklərlə faşizm ideologiyasından qaynaqlanan üsulla rəftar edirlər. Onlar bizə təkcə etnik deyil, həm də dini mənsubiyyətimizə görə nifrət bəsləyirlər. Deməli, erməni faşizmi mahiyyətinə görə daha qəddardır.

Lakin sual yarana bilər ki, əgər erməni faşistləri müsəlman aləmini hədəfə götürübsə, nə üçün onların bir çox islam ölkələri ilə yaxşı münasibətləri var? Elə erməni faşizmini fərqləndirən cəhət də gizli və məkrli olmasıdır. Əgər faşist ideologiyasının digər daşıyıcıları hədəf və məqsədlərini gizlətmirlərsə, ermənilər niyyətlərini gizli şəkildə həyata keçirməyə üstünlük verirlər.

Məsələn, İrəvanda olan Azərbaycan məscidini fars məscidi adı ilə islam dininə sayqı nümunəsi kimi göstərən erməni faşistləri işğal etdikləri ərazilərimizdəki məscidləri ya söküb satmış, ya da orada donuz saxlamışlar.

Məhz bu cür hiyləgər yolla onlar "cidanı çuvalda gizlətməyə” cəhd edirlər. Ancaq bunu həmişə etmək mümkün olmur. Məsələn, Qaregin Njdeyə Yerevanın mərkəzində heykəl qoyanda nə qədər cəhd etsələr də, onun kimliyini gizlədə bilmədilər. O, həmin Njdedir ki, Türkiyədə, Azərbaycanda dəhşətli cinayətlər törədib, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Avropaya qaçıb, Almaniyada faşistlər baş qaldıran kimi onların sıralarına daxil olubözünün erməni faşizm nəzəriyyəsini yaradıb. İkinci Dünya müharibəsi zamanı ermənilərdən ibarət faşist cəza dəstələri təşkil edərək keçmiş SSRİ ərazisində yəhudilərə və digər xalqlara divan tutub. Həmin hadisələrin şahidləri deyirlər ki, Njdenin cəza dəstələri qəddarlıqda faşistləri geridə qoymuşdular. Bu dəstələr minlərlə günahsız insana dəhşətli işgəncələr vermiş və qətlə yetirmişlər. Əgər bu qatil başqa hər hansı bir xalqın nümayəndəsi olsaydı, onu unutmağa çalışardı. Ermənilər isə Njde ilə fəxr edirlər, milli qəhrəman adlandıraraq ona ölkənin paytaxtında 6 metr hündürlüyündə heykəl qoyurlar.

Paşinyanın Njdeni müdafiə etməsi təsadüfi deyil. Bu il MDB məkanında alman faşizmi üzərində Qələbənin 75 illik yubileyinin keçirilməsi barədə qərar qəbul olunmuşdu. Paşinyan da dəstədən geri qalmamaq üçün babasının İkinci Dünya müharibəsində almanlara qarşı döyüşməsi barədə sosial şəbəkədə paylaşım etmişdi. Əsl həngamə də bundan sonra qopmuşdu. Elə ermənilərin özləri arxivdən sənəd çıxarıb sübut etmişlər ki, Paşinyanın babası faşistlərə qarşı yox, faşistlər tərəfində vuruşub. Atalar demişkən, ot kökü üstündə bitər. Nikolun Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizdə yaşayan dinc sakinlərin atəşə tutulması barədə əmr verməsi mənsub olduğu soyundan və söykəndiyi ideologiyadan irəli gəlir.

Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti genişmiqyaslı təcavüzündən sonra erməni faşizminin üzü daha aydın şəkildə görünməyə başladı. Biz onların çirkin təbliğat aparmaqda mahir olduqlarına yaxşı bələdik. Ancaq bu dəfə apardıqları təbliğatla istədiklərinə tam nail ola bilmədilər. Çünki azğınlaşıb Azərbaycanın dinc əhalisini hədəf alan, kütləvi şəkildə qətl törədən ermənilərin üzünü dünya yavaş-yavaş görməyə başlamışdı. Daha doğrusu, "məzlum” ermənilərin hansı qəddarlığa qadir olduğunu hamı anlamışdı. Baş verən Gəncə, Bərdə, Tərtər terrorları dünyanın kütləvi informasiya vasitələrində dolaşdıqca "kor” gözlər, "karqulaqlar açılmağa, "yatmış vicdanlar oyanmağa başlamışdı.

Bəs, bunun qarşılığında erməni faşistləri nə edirlər? Nə edəcəklər ki... Həmişə olduğu kimi, bu dəfə də haqqı deyənlər, yazanlar şantaj edilir, ölümlə hədələnir. Bu sırada kimlər yoxdur - özlərinin Şahnəzərovundan tutmuş, özgələrinin siyasətçi və jurnalistlərinəcən.

 

Artıq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığımız Vətən savaşı qələbə ilə sona çatmışdır. Prezidentimizin qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələri darmadağın edilmişdir. Məğlubiyyətini etiraf edən işğalçılar bayraq qaldırmağa məcbur olmuşlar. İndi onlar acı məğlubiyyətlərinin acısını, Azərbaycan isə böyük Qələbənin sevincini yaşayır. Bu isə təkcə 30 illik işğalın sonu deyil. Həm də bir əsrlik erməni faşizminin süqutu deməkdir. Ən azından Azərbaycan ərazisində.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.- 13 noyabr.- S.1; 8.