Qələbəmiz əbədi qürurumuzdur!

 

"Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq!”

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

"Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdiyi o gün - 2020-ci ilin 10 noyabrı tariximizin unudulmaz səhifəsinə çevrildi.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında bəyanat imzalandı. Dövlətimizin başçısı doğma xalqına müraciətində həmin sənədin əhəmiyyətini açıqladı. Prezident İlham Əliyev bəyanatın mətni ilə xalqı tanış etdi. Sonra dedi: "Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.

Ermənistanın məğlubiyyətini rəsmi şəkildə təsdiq edən bu bəyanat Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının, məğlubedilməz ordumuzun şanlı qələbəsinin nəticəsidir. Prezident İlham Əliyev bu müjdəni fəxr və qürurla Azərbaycan xalqına çatdırdığı andan - 10 noyabr gecə saatlarından başlayaraq ölkəmizdə bayram ab-havası hökm sürür. Çünki sevinmək, qürurlanmaq, fəxr etmək qaliblərə yaraşır. Və biz qalibik! Bu tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, böyük inamla Ali Baş Komandanın ətrafında sıx birləşməsi və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və rəşadətidir. Bu güclə, bu əzəmətlə, bu sarsılmaz inam və birliklə möhtəşəm qələbəni qeyd edirik.

Bunun əksinə olaraq, Ermənistanda xaos, özbaşınalıq, hərc-mərclik baş alıb gedir. Əslində, Ermənistan dövləti yalnız Azərbaycan dövləti və xalqı qarşısında məğlub olmayıb. Haqqın, ədalətin önündə məğlubiyyətə uğrayıb. Çünki Ermənistan əsrlərdir ki, tarixən ermənilərlə heç bir bağlılığı olmayan, başqa xalqa məxsus torpaqlara qarşı ağılsız iddialar irəli sürür. "Böyük Ermənistan” kimi cəfəng düşüncələrə, xülyalara qapılır. Ona süfrəsində yemək, torpaqlarında yaşamaq üçün yer verən xalqın humanistliyindən sui-istifadə etmək ermənilərin dədə-babadan əməli, adəti olub. Çox təəssüf ki, bəzən məkrli niyyətlərini həyata keçirə biliblər. Tarixin müxtəlif dövrlərində hiylələrlə, böyük gücə malik olan xalqlara, dövlətlərə yaltaqlanaraq, yarınaraq, dondan-dona girərək ərazilər əldə ediblər. Bu gün Ermənistan adlanan dövlətlərini də Azərbaycanın qədim torpaqlarında belə yaradıblar. Və, necə deyərlər, ağızlarında şirə qalıb. Nə zaman tarixin təkəri, fələyin çərxi tərsinə dönüb, erməni hiyləsi məkrə, qəddarlığa dönüb. Torpağına sığındıqları xalqa qarşı torpaq iddiası ilə hücuma keçiblər. Bununla həm öz rahat həyatlarını alt-üst ediblər, həm də hər zaman minnət duymalı olduqları insanları bəlalara, faciələrə düçar ediblər.

1980-ci illərin sonlarında azərbaycanlılara qarşı başladıqları savaşın da mahiyyətində bunlar vardı. XX əsrin son onilliyində Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən, bir milyondan çox azərbaycanlını yurdundan, evindən didərgin salan düşmən, əslində, o zaman da qalib deyildi. Əvvəla, o torpaqlar ermənilərə məxsus olmamışdı. Bu səbəbdən də Ermənistan dünyada işğalçı ölkə kimi tanındı. İkincisi, erməni silahlıları nəinki müharibə qaydalarını pozaraq, hətta insanlıq adına ləkə vuraraq Azərbaycan torpaqlarını ələ keçirdilər. Odur ki, erməni tarixinə qalibiyyətlərini deyil, şərəfsizliklərini, vəhşiliklərini, qəddarlıqlarını əks etdirən səhifələr yazdılar. Buna görə də gələcək nəsilləri həmin tarixdən qürur yox, ancaq utanc duymalı, xəcalət çəkməlidirlər. Çünki qadınlara, qızlara təcavüz edən, hamilə gəlinlərin diri-diri qarnını yaran, körpələri süngüyə keçirən və daha neçə-neçə vəhşiliklər törədən babalarına görə hər bir erməni yalnız xəcalət hissi çəkməli, onları lənətləməlidir.

Sentyabrın 27-də Ermənistan tərəfin başladığı müharibədə də dəyişən, başqalaşan düşmən yox idi qarşımızda. Ermənistan silahlı qüvvələri yenə müharibə cinayətləri törətməkdən çəkinmirdilər. Bu dəfə də döyüş meydanında nə qədər qorxaq olduqlarını, Azərbaycan döyüşçülərindən çəkindiklərini açıq şəkildə büruzə verdilər. Yenilməz Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan düşmən nəinki cəhbəyə yaxın, hətta uzaq məsafələrdə yerləşən ərazilərimizdə yaşayan günahsız insanlarımızı hədəfə alır, onları öz evlərində, isti ocaqlarında qanlarına qəltan edirdilər. Ancaq Azərbaycan hiyləgər və qəddar düşmənin məkrinə uymadı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, Azərbaycan xalqının öz rəhbərinə inamı, özünəhörməti, humanistliyi nəticəsində dünyanın gözləri önündə böyük və unudulmaz mənzərələr yarandı. Kimin hansı xislətə, hansı əxlaq və düşüncəyə malik olduğunu özünü uzun illərdir korluğa vuranlar belə görməyə bilmədilər.

Dövlətimiz uzun zamandır Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq üçün mübarizə aparırdı. Bütün sahələrdə Ermənistandan güclü olduğunu bilə-bilə müharibəyə başlamadı. Bununla bütün dünyaya sülhsevərliyini sübut etdi. Azərbaycan Prezidenti öz çıxışlarında da bizim qan-qada istəmədiyimizi ifadə etdi. Dövlət başçısı bunu sərt şəkildə bəyan etdi: "Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”

Ermənistan silahlı qüvvələri Gəncədə, Bərdədə, Beyləqanda, Tərtərdə, Ağdamda, Ağcabədidə və daha neçə-neçə yaşayış məkanlarımızda mülki şəxsləri raket və ağır artillerya hücumlarına məruz qoydu. Qəddar düşmən nəinki qocaları, gəncləri, hətta uşaqları, dünyanın yaxşısını, yamanını anlamayan körpələri belə yaşamaq hüququndan məhrum etdi. Azərbaycan Silahlı Qüvvələri isə doğru hədəfdən yayınmadı. Müharibəni mərdliklə, qəhrəmanlıqla, şərəf və ləyaqətlə apararaq qələbə çaldı. Odur ki, Azərbaycan xalqı üçün bu qələbə belə şirin, belə sevincliqürurvericidir. Ədalətli müharibə apararaq, şərəflə qazanılan bu zəfər Azərbaycan xalqının tarixi nailiyyəti, əbədi fəxarətidir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 15 noyabr.- S.7.