Milli maraqlarımız tam gerçəkləşdi

 

Tarixi Qələbəsi ilə Azərbaycan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılması planının üstündən həmişəlik xətt çəkdi

 

Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələndi.

44 gün davam edən bu savaş tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixarqürur mənbəyinə çevrildi. Ötən 17 ildə tariximizin ən möhtəşəm uğurlarına nail olan İlham Əliyev bu dəfə Azərbaycanı həm də qalib dövlət etdi.

 

Mübarizlik və vətən sevgisi

 

Vətən müharibəsi ilk gündən xalqımızın işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu. Məlum olduğu kimi, hələ bu ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə vətəndaşımız könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşmüşdü.

Sentyabrın 27-dən sonra isə könüllü olaraq Vətən savaşında iştirak etmək istəyənlərin sayı daha da artdı. Elə buna görə də Ali Baş Komandan tərəfindən yalnız qismən səfərbərlik elan edildi. Bununla da Azərbaycan xalqı işğalçı Ermənistan cəmiyyətində baş verənlərdən fərqli olaraq yüksək vətənpərvərlik hisslərinə malik olduğunu, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Döyüşə gedənlər alqış sədaları ilə yola salındılar.

Cəmiyyətimizin tamamilə vətənpərvər ruha köklənməsini təmin edən başlıca amil ölkə rəhbərliyinin yürütdüyü siyasət, Prezident İlham Əliyevin fəaliyyətində ərazi bütövlüyünün bərpasının prioritet təşkil etməsidir. İlham Əliyev daim bəyan edirdi ki, Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında qalmasıdır. Dövlət başçısının ordu quruculuğu ilə bağlı gördüyü işlər, məcburi köçkünlərə qayğısı, beynəlxalq səviyyədə milli maraqlarımızı qətiyyətlə təmin etməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən övladlarına dərin ehtiramı nəticə etibarilə Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun daha da güclənməsinə yol açdı. Ona görədir ki, atəşkəs dövründə böyüyən, 90-cı illərin əvvəllərində baş verənlərin şahidi olmayan və 44 günlük müharibədə qələbəmizi təmin edən gənc nəsil ən yüksək vətənpərvərlik hisslərinə malikdir.

Torpaqlarımızın azadlığı uğrunda ayağa qalxan xalqımız öz liderinin - Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu göstərdi. Bir daha sübut olundu ki, Prezident İlham Əliyev xalqının dərin rəğbətini qazanan rəhbərdir. Vətən müharibəsindəki Qələbə həm də İlham Əliyevin öz xalqına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini göstərdi. İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

 

Azərbaycan əsgəri qəhrəmanlıq, şücaət və rəşadət nümunəsi göstərdi

 

44 gün davam edən müharibədə 30 ilə yaxın idi ki, işğal altında olan əzəli torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı.

Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu ermənilərin özləri haqqında yaratdığı "məğlubedilməzlik” mifinin üstündən xətt çəkildi. Düşmən ordunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi.

Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınmasının ardınca işğalçı Ermənistanın Prezident İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolu qalmadı. Noyabrın 10-da Ermənistanın bayraq qaldırması, kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsini Qələbə ilə başa vurdu.

"Bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi” - deyə Prezident İlham Əliyev işğaldan azad olunmuş Füzuli şəhərinə səfəri zamanı bildirdi. Bu səfər zamanı Prezident İlham Əliyev həm də Müzəffər Ali Baş Komandan kimi qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.

Bu Qələbə Azərbaycanın son əsrlərdəki ən böyük zəfəri oldu. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını işğaldan azad etdi.

 

Qarabağ Azərbaycandır!

 

Azərbaycanın bu tarixi zəfəri həm də Dağlıq Qarabağla bağlı bütün müzakirələri kökündən dəyişdi. Məlum olduğu kimi, danışıqlar prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə, o cümlədən Şuşa şəhərinə girməsi fikri ümumiyyətlə, yaxına buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi.

Lakin bu qalibiyyətlə Azərbaycan həm keçmiş Dağlıq Qarabağın inzibati ərazisinə daxil oldu, həm də onun ətrafındakı və Ermənistanın qaytarmaq istəmədiyi torpaqları işğaldan azad etdi. Şuşa şəhərinin, Xocavənd və Xocalı rayonlarının kəndlərinin, Suqovuşanın azad edilməsi ilə Azərbaycan həm də Dağlıq Qarabağa nəzarəti ələ aldı. Üstəlik, Kəlbəcərin və Laçının geri qaytarılması ilə Dağlıq Qarabağa gedən əsas strateji yollar, yüksəkliklər, kommunikasiya xətləri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlindədir.

Göründüyü kimi, bu savaşın nəticəsi olaraq 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Bu mənada danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Prezident İlham Əliyev Füzuli şəhərindən bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal edilmiş torpaqlardan qovmuşuq: "Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var”.

Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. İlham Əliyevin yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi. Prezident İlham Əliyev Ermənistana və həm də bütün ermənipərəst siyasi dairələrə sübut etdi ki, Qarabağ Azərbaycandır!

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2020.- 19 noyabr.- S.1; 8.