Neftçalalı qəhrəman əsgər

 

Neftçala şəhəri "6-cı məhəllə” deyilən ünvanda yaşayan, bir müddət bundan əvvəl Füzuli şəhəri uğrundakı şiddətli döyüşlərdə yaralanan Cəbrayıl Babayevlə görüşə gedirik. Payız yağışı təzəcə kəsmişdi. Elə bu yerdə düşünürsən ki, bu payız doğma Azərbaycanımız, onun dilbər guşəsi olan Qarabağımız üçün düşərli oldu.

 

Bizimlə birlikdə gedən şəhər bələdiyyəsinin işçisi uzaqdan darvazanı nişan verir: "Cəbrayılgilin evi bayraq asılan o qapıdır”. Sonra ərklə qapını açır, içəri keçirik. Hiss olunur ki, bu evə gəldiyi birinci dəfə deyil. Səliqə-sahmanlı həyətdə bizi yaralı əsgərimizin anası Çimnaz bacı qarşılayıb evə dəvət edir.

 

C.Babayevlə görüşüb, hal-əhval tutub "keçmiş olsundeyirik. Qaraqaş, qaragöz, qarayanız, yaraşıqlı bir oğlandır. Söhbət zamanı məlum olur ki, keçən ilin oktyabr ayında ordu sıralarına gedib. Sentyabr ayının 27-də ordumuz əks-hücum əməliyyatına başlayanda Cəbrayıl Babayev də xidmət etdiyi hissənin bütün əsgərləri kimi düşmənə qarşı mübarizəyə atılır. Əsgər yoldaşları ilə birlikdə erməni işğalçılarına divan tutanlardan biri olur. Döyüşlərin birində onlardan 5-ni təkbaşına məhv edir. Amma növbəti qızğın döyüş zamanı yaxınlığına düşən mərmidən 6 qəlpə yarası alır: "Gözümü açanda özümü xəstəxana çarpayısında gördüm. Bir neçə dəqiqə keçmişdi ki, başımda ağrılar hiss etməyə başladım”.

 

İki gündən sonra Cəbrayılı Saatlı rayonundakı xəstəxanaya, oradan da Salyana göndərirlər. Bir neçə günburada müalicə olunur. Həkimlərin qərarı ilə Bakıya aparılır. Təcrübəli həkimlər qəlpələrdən birini çıxarmağa nail olurlar. Qalanlarının isə fəsad verməməsi üçün zaman keçdikcə çıxarılması qərarına gəlirlər. Beləliklə, Cəbrayıl Neftçaladakı evlərinə göndərilir.

 

C.Babayev evin tək oğludur. Özündən böyük bir bacısı var. Atası Vaqif Babayev neftçidir. Çimnaz xanım onun indi işdə olduğunu deyir. Sonra da əlavə edir: "Allah özü ermənilərin cəzasını verdi. Çıxıb getmək istəmirdilər. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə igidlərimiz mənfur düşməni qovaraq ərazilərimizdən çıxardılar. Görün bu ermənilər nə qədər yaramaz, vəhşi insanlardır ki, çıxıb gedəndə də evləri, məktəbləri, meşələri yandırırlar. Erməniləri müdafiə edənlər gərək onların bu əməllərini də görsünlər, kimin yanında dayandıqlarını, kimi müdafiə etdiklərini bilsinlər. Oğlum Cəbrayıl yaralansa da, bilirəm ki, o, Vətən uğrunda döyüşüb. Bu, xalqımızın haqq savaşı idi. Mən oğlumla fəxr edirəm. Fəxr edirəm ki, bu böyük qələbənin qazanılmasında onun da payı var. Allaha şükürlər olsun ki, Qarabağ savaşına son qoyuldu, sülh bərqərar oldu, özü də Qələbəmizlə! Prezidentimizə, Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həkimlər Cəbrayılın sağlamlığını gündəlik nəzarətdə saxlayırlar. Oğlum günlər keçdikcə özünü yaxşı hiss edir. Payon rəhbərliyi, camaatımız da sağ olsun. Vaxtaşırı oğluma baş çəkirlər”.

 

Bəli, müharibə qələbəmizlə başa çatmışdır. Bu müharibə xalqımızın birliyini, müzəffər ordumuzun döyüş qabiliyyətini göstərdi. Şəhidlərimizin hər birinin ruhu indi şaddır. Uğrunda vuruşduqları Qarabağ erməni faşistlərinin tapdağından azad edilmişdir. Ölkəmizin hərb salnaməsində hər bir şəhidin, hər bir qazinin xüsusi yeri var. Neftçaladan olan əsgər Cəbrayıl Babayev kimi...

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2020.- 22 noyabr.- S.9.