Torpaq onu qoruyanların hesabına Vətən olur

 

 

Vətən müharibəsi başlayan kimi qara buludları dəf etmək, azadlıq mücadiləsinə öz payını verməyə tələsən oğullardan biri də Fərahim Hüseynovdur. 1999-cu ildə Sumqayıtda doğulub. Valideynləri Ağdam rayonundandır. 1993-cü ildə onlar məcburi köçkün kimi Sumqayıta pənah gətirəndə bir gün ora qayıdacaqlarına əmin idilər.

 

- Mən həmişə inanmışam ki, nə zamansa bu, baş verəcək, - deyə Fərahimin atası İbrahim Hüseynov bildirir. - Çox çətinliklərlə üzləşdik. Əsla ümidimizi itirmədik. Burada ailə qurmuşam.

 

Fərahim Sumqayıt şəhər 13 saylı tam orta məktəbdə oxuduğu zaman ictimai işlərdə fərqlənirdi. "Şahin” hərbi-idman yarışlarında ilk dəfə məktəblərinə fəxri fərman da qazandırmışdı.

 

- Bir gün dərsdən evə gəldi, - İbrahim söhbətinə davam edir. - Onu belə görməmişdim. Düşündük ki, yəqin kiminləsə savaşıb. Anası Nurəngiz, bala, nə olub, deyə soruşanda, biz nə vaxtadək qaçqın olacağıq, cavabını verdi. Tutuldum, səbəbini soruşanda, mən babalarımın yurdunu görmək istəyirəm, dedi. Sonra da əlavə etdi ki, hamı yayda öz kəndinə gedir, biz isə oralara getmək barədə heç söz də açmırıq. Qoy böyüyüm, ermənilərin başını əzib, o yerlərə sizi özüm aparacam. Anası onu qucaqlayıb, ay mənim əsgər balam, vallah, sən dediyini eləsən, evimizin yuxarı başından sənin şəklini asacam, dedi.

 

Orta məktəbi qurtaranda test imtahanından lazımi balı toplaya bilmədi. Fərahim əsgəri xidmətə yollandı. İlyarım həqiqi hərbi xidmət keçdi. Hərbi qaydalara vaxtında yiyələndi, əsgəri şücaəti nəticəsində komandanlığın dəfələrlə təşəkkürünə, fəxri fərmanlara layiq görüldü. Xidmətini baş çavuş kimi bitirdi.

 

Atası İbrahim ötən günləri gözləri yol çəkərək xatırlayır:

 

- Vətən müharibəsi başlayan gün evdə oturmuşduq. Xəbəri televiziyadan alan kimi üzümə baxdı. Sakitcə yerindən qalxdı: "Mən cəbhəyə getmək üçün ərizə verməyə gedirəm. Bəsdi, bu köpək uşağının qabağından qaçdıq. İnşallah, qələbə ilə qayıdacam” - dedi. Bir an sakitlik yarandı. Anası onun üzünə baxıb bildirdi: "Get oğul, yolun açıq olsun”.

 

Ordu sıralarına könüllü kimi yazılan Fərahim döyüşə gedəcəyi anı 20 gün gözləməli oldu. Həmin günlər Fərahim hər gün səfərbərlik idarəsinə gedirdi. Nəhayət, oktyabrın ortalarında ona çağırış gəldi.

 

- Evdə yır-yığış edirdik. Onun mənə sərt söz dediyini xatırlamıram. Amma yola salanda üzünü bizə tutub belə dedi: "Ata, sizin buraxdığınız səhvi biz düzəldəcəyik. Gələcək nəslə problem qoymayacağıq. Erməninin yerini, kim olduqlarını onlara göstərəcəyik”.

 

Füzuli, Zəngilan, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən Fərahim öz əqidəsini vətən sevgisinə qatıb düşmənə qan uddurdu. Bu günlər evlə danışan Fərahimə atası, oğul, sən dediyini elədin, deyəndə, belə cavab verdi: "Bizim düşməndən üstünlüyümüz onda idi ki, içimizdəki sevgi Qarabağ boydadır. Bu sevgini içində daşıyan oğulların çiynində torpaq Vətən olur”.

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2020.- 24 noyabr.- S.7.