Yaşam savaşçısı

 

Vüqar Qurbanovun Vətən müharibəsi gündəliyi

 

 

 

 

...Yaralı əsgəri götürüb gecənin qaranlığında Cəbrayıldan yola çıxan təcili yardım maşını zülməti yararaq çala-çuxur yollarla birtəhər irəliləməyə çalışırdı. Gecikmək olmazdı, hər ötən an xəstəni həyatdan bir az da qoparırdı. Maşında olan tibbi heyət elə buradaca yaralı əsgərə ilk yardım göstərir, ölüm təhlükəsini ondan uzaqlaşdırmağa çalışırdı. Lakin ağıllarına belə gətirmirdilər ki, elə bu dəqiqələrdə onlar özləri də ölümlə rəqs edirlər...

 

Bu tükürpərdici gerçəkliyi isə həmin zülmət gecədə, maşının ətrafında partlayan mərmilərin səsini eşidəndə anlamışdılar. İlk dəfə idi ki, ölüm bu qədər yaxından öz soyuq üzünü göstərmişdi onlara... O da müharibənin əsl dəhşətini, ağrı-acısını çox yaxından hiss etmiş, bir andaca doğmalarının gülümsəyən çöhrələri kino lenti kimi gözlərinin önündən keçmişdi. Çox həyəcanlanmışdı, elə bu an, bu dəqiqə hər şeyin bitəcəyini, bu dünyadakı yaşamının sonlanacağını düşünmüşdü...

 

 

 

O da yaşatmaq üçün savaşdı

 

 

 

Amma ömür dəftərinə hələ çox əsgərlərimizi ölümün pəncəsindən almaq, onları həyata döndərmək kimi xoşbəxt tale yazılmışdı Vüqar həkimin.

 

Onun da xalqımızın tarixin qızıl səhifələrinə həkk etdiyi 44 günlük qəhrəmanlıq salnaməsində payı oldu. O da sentyabrın 27-dən etibarən Vətənin harayına hay verənlərdən oldu. Könüllü olaraq cəbhəyə yollanıb, əsgər oldu. Amma əlinə silah almadı, torpaqlarımız uğrunda döyüşüb sinəsini gülləyə sipər edən igid oğullarımızı yaşatmaq üçün savaşdı. Vətən fədailərini həyata qaytarmaq uğrunda gecə-gündüz demədən çarpışdı...

 

Qurtara bildiyi canlar üçün özünü dünyanın bəxtəvəri saydı, İlahiyə sonsuz şükürlər etdi, bəzən isə insan övladının həkim qismində ölüm qarşısında aciz qaldığı, çarəsi tükəndiyi anlarda göz yaşlarına boğuldu, çox üzüldü, çox əzab çəkdi: "Bu nə kino idi, nə də televiziyada seyr etdiyimiz döyüş səhnələri. Normal şəraitdə çənə-üz travmaları ilə çox rastlaşmışdım, amma güllə, qəlpə yarası ilə yox. Buna görə də ilk anlarda istər-istəməz həyəcanlanırdım, çünki müharibə görməmişdim. Orada gördüyümüz yaralılar, sülh şəraitindəki yaralılardan çox fərqli idi. Bilisinizmi, o 44 gündə biz necə qorxmaz əsgərlərlə qarşılaşdıq, onların qəhrəmanlıqları ilə qürur duyduq?! Bilirsinizmi, həkimlərimiz həmin cəsur oğlanlarımızı sağaltmaq, ağrı-acılarını bir az da olsa azaltmaq üçün necə mübarizə apardılar?! Əslində, o 44 gündə yaşadıqlarımızı sözlə ifadə etmək çox çətindir, gərək ona canlı şahidlik edəsən...”

 

Tibb üzrə fəlsəfə elmləri doktoru, üz-çənə cərrahı, implantoloq Vüqar Qurbanov "Arxa cəbhənin qəhrəmanları”nda həkim kimi keçdiyi 44 günlük müharibə gündəliyini vərəqləyir...

 

 

 

Həkimliyə sevgi ona ailəsindən irsən ötürülüb

 

 

 

1986-cı ildə Gəncədə ziyalı ailəsində dünyaya gələn Vüqar Qurbanova həkimliyə sevgi də ailəsindən irsən ötürülüb. Babası tanınmış əməkdar həkim Qurban Qurbanov Azərbaycan səhiyyəsində 40 ilə yaxın baş həkim kimi fəaliyyət göstərib.

 

Ondan sonra isə sənətini oğlu, yəni Vüqarın atası Asif Qurbanov hərbi həkim kimi davam etdirib. Azərbaycan hərb sahəsində xüsusi yeri və rolu olan Əməkdar həkim hazırda hərbi tibb sahəsindən təqaüdə ayrılıb. Elə Vüqarın anası da həkimdir və hərbi hospitalda fəaliyyətini davam etdirir, yaralı əsgərlərə baxır.

 

Babasının, valideynlərinin yolu ilə gedən Vüqar da həkimlik ixtisasına yönələrək, 2004-cü ildə yüksək balla Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olur. ATU-nu fərqlənmə diplomu ilə bitirərək bu universitetin doktoranturasına daxil olur. O, tibb üzrə fəlsəfə doktoru elmi adını aldıqdan sonra dövlət proqramı çərçivəsində Türkiyənin Samsun 19 mayıs Universitetinin Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrasında asistent doktor olaraq fəaliyyət göstərir. Və PHD, yəni tibb üzrə fəlsəfə doktoru təhsilini ikinci dəfə orada tamamlayıb, 2018-ci ildə vətənə dönərək özəl bir klinikada üz-çənə cərrahı implantoloq olaraq fəaliyyət göstərməyə başlayır.

 

- Hərbçi, hərbi həkim ailəsində böyümək çox çətin idi. Açıq desəm, ümumiyyətlə, gənclik dövrüm, orta təhsil, tələbəlik illərim çətinliklərlə keçib. Atam Birinci Qarabağ savaşında hərbi həkim kimi aktiv iştirak edib. Müharibənin çox şiddətli dövrlərində, bəzən elə olurdu ki, aylarla atamın üzünü görə bilmirdik. O zamanlar evdə bütün yük anamın üzərinə düşürdü. Xatırlayıram, Türkiyəyə getdiyim zaman orada da böyük çətinliklərim oldu. İkinci dəfə təhsil alanda yaşım 30-un üzərində idi. Təbii ki, yaşın öz sözü var idi, ailə problemləri var idi. Amma bütün bu çətinliklər hər zaman mənə əlavə stimul verirdi və onları aşmağı bacarırdım. Bəlkə də o dövrlərdə yaşadığım çətinliklərin mənə aşıladığı hisslər idi ki, 44 günlük müharibə başlayanda yenidən o hissləri özümdə duyaraq cəbhəyə yollandım.

 

 

 

 

Vətən məni çağırdı

 

 

 

 

2020-ci ilin başlanğıcı bütün dünya, o cümlədən də Azərbaycan üçün ağır bir il oldu. Bəşəriyyət COVID-19 adlı bir bəla ilə üz-üzə qaldı və bu təhlükəli virusa yoluxan insanların həyatını xilas etmək kimi müqəddəs missiya da həkimlərimizin öhdəsinə düşdü. Vüqar həkim də həmin həkimlərin sırasına qoşulub COVID-ə qarşı ilk sırada savaşmaq istəyirdi, amma qismətində 2020-ci ilin sonlarını daha müqəddəs bir cəbhədə mübarizə aparmaq var imiş...

 

- 27 sentyabrdan əvvəl bəzən fikirləşirdim ki, həkimlərimizin hamısı ön cəbhədədir. Yəni bu günün bəlası COVID-lə mübarizə aparırdılar və fikirləşirdim ki, nə gözəl ixtisasları var ki, onlar insanlara yardım edirlər, amma mənim üz-çənə cərrahı olaraq heç kimə faydam dəymir. Lakin fürsət elə gətirdi ki, 2020-ci ilin sonlarına doğru, sentyabr ayında Vətən məni də çağırdı. İxtisasım da o qədər lazımlı oldu ki, elə ilk gündən, yəni sentyabrın 28-dən bu proseslərə könüllü qoşuldum və demək olar ki, bitən günə qədər müxtəlif bölgələrdə qürurla və fəxrlə fəaliyyət göstərdim.

 

Əvvəlcə Gəncə Beynəlxalq Xəstəxanasında və Abbas Səhhət adına şəhər xəstəxanasında, daha sonra isə Füzulidə Diqnostika Mərkəzində fəaliyyət göstərdim. Qeyd edim ki, həmin zaman tanıdığım 100-ə yaxın həkim könüllü olaraq bu prosesə qoşuldu. Bəzən deyirlər, cərrahlar hərbidə formalaşır, onlar hərbi şəraitdə özlərini sübut edirlər. Amma könüllü olaraq bu prosesə qoşulan həkimlərimizin fikri bu deyildi. Biz çalışdığımız qədər minimum zərər verməklə, əsgərlər üzərində ən müasir avadanlıqlardan, texnologiyalardan istifadə etməklə uğurlu nəticələr almaq, bütün yaralıları sağaltmaq idi.

 

Həm də biz həkimlər onlara həkimlikdən əlavə mənəvi dayaq da dururduq. Çünki biz o yaralı əsgərləri qarşılayan ilk insanlar idik. Onlara verdiyimiz ilk sual susuzluqla, aclıqla, telefonla əlaqəli idi. Çalışırdıq mümkün qədər onları ailələri ilə danışdıraq. Bəzən heç ailələri ilə danışmaq istəmirdilər, deyirdilər ki, "həkim, evdəkilər yaralı olduğumu bilməsinlər”.

 

Biz bu 44 gün ərzində çox cəsarətli, çox qorxmaz insanlar gördük. Onların içərisində elələri var idi ki, günlərlə döyüşdə idilər, yaralı idilər, amma "susuzsanmı”, "acsanmı” sualına, "həkim, yemək varsa yeyərəm”, "su varsa içərəm” cavabı verirdilər. "Yemək, su verin” sözünü bir dəfə də olsun onların dilindən eşitmədik...

 

 

 

 

Göydə Allah həmin yaralını saxladısa, yerdə də biz həkimlər onun həyatını xilas etdik

 

 

 

 

Amma Vüqar həkim bu 44 gün ərzində təkcə müharibə yaralılarının deyil, cəbhədən kilometrlərlə uzaqda yerləşən doğma Gəncəsinin mənfur ermənilər tərəfindən artileriya atəşinə tutulması nəticəsində dağıntılar altında qalan mülki vətəndaşların da imdadına yetməli olmuşdu...

 

- Gəncədə 4 dəfə böyük partlayış oldu. Hətta iki mərmi xəstəxanamızın çox yaxınlığına düşdü. Bomba düşdükdən 10 dəqiqə sonra mən artıq hadisə yerində idim. Orada dağıntıların altından uşaqları çıxarırdıq, dəqiqələr ərzində 20-25 yaralını xəstəxanaya təxliyə edə bildik.

 

Bir müddət sonra Füzulidə olan dostum Fəxrəddin həkim zəng etdi ki, "Vüqar, sən burada lazımsan”. Dərhal Füzuliyə yollandım. Müharibənin ən gərgin getdiyi günlər idi və ora tamam fərqli idi.

 

Öncə orada formalaşmış bir kollektiv yaratdıq. Bu kollektivin yaradılmasında üz-çənə cərrahı, biz ona "052 komutanı” deyirdik, Oqtay Mehdiyevin və Elgün Səmədovun böyük əməyi oldu.

 

İstər Gəncədə, istərsə də Füzulidə olanda hər zaman şükür edirdim ki, nə yaxşı ki buradayam. Bunu ona görə deyirdim ki, xeyli xəstəni həyata qaytara bilirdik. Şəki şəhərindən olan İlkin adlı yaralını isə heç zaman unutmaram. Deməliyəm ki, əgər göydə Allah həmin yaralını saxladısa, yerdə də biz həkimlər onun həyatını xilas etdik. Düz 8 saat onu əməliyyat etdim, çox böyük travma almışdı. Üzün göz nahiyəsindən boyuna doğru böyük bir ağac parçası batmışdı və möcüzə nəticəsində gözü zədələnmişdi. Mən isə onu elə səliqəli şəkildə əməliyyat etməli idim ki, gözü sağ qalsın və həyati orqanları, damarları zədələnməsin. Əslində, həmin xəstə Gəncəyə gəldikdə heç kim inanmırdı ki, biz ona kömək edə bilərik. Çox düşündük ki, bəlkə xəstəni Bakıya göndərək, amma vaxt itirmək olmazdı, xəstənin tənəffüsündə ciddi narahatlıq var idi. Bəlkə də cavanlığımdan, çılğınlığımdan irəli gəldi ki, anidən qərar verdim və 5 saatlıq əməliyyatdan çıxmağıma baxmayaraq, xəstəni əməliyyata hazırlamalarını söylədim. Əməliyyat ciddi bir briqada tərəfindən həyata keçirildi. Çox şadam ki, bu briqadada aparıcı həkimlərdən biri də mən oldum. Həmin əməliyyatı uğurla bitirdikdən sonra bütün tibbi heyət bir-birini qucaqlayıb təbrik etdi. Daha sonra onu üç gün Gəncədə saxlayıb, Bakıya təxliyə etdik.

 

Başqa bir xəstəm isə güllə yarası almışdı və çox qan itkisi, qanaxma ilə gəlmişdi. Həmin xəstəni haradasa 7-8 saatlıq bir əməliyyat nəticəsində Bakıya çatdırdıq.

 

Çox xoşbəxtəm ki, xəstələrim arasında həqiqətən ağırlaşmış və həyatını itirən xəstə olmadı, onların hər birini Bakıda olan xəstəxanalara yönəldə bildim.

 

 

 

 

Sülh müqaviləsinə saatlar qalmış çox ağır bir yaralı gəlmişdi

 

 

 

 

- Amma ümumi profil olaraq, çox ağır xəstələr də gəlirdi və onlardan həyatlarını itirənlər də oldu. Hətta sülh müqaviləsinə saatlar qalmış çox ağır bir yaralı gəlmişdi. Orada həkimlərimiz həmin əsgərin həyatda qalması üçün saatlarla işlədilər. Əlimizdən gələn hər şeyi edirdik ki, təki həmin əsgər sağ qalsın. Hətta son anda İlqar həkim ürək masajı etdi və ürəyinin geri döndüyünü hiss etdik. Bu zaman keçirdiyimiz sevinc hissini sözlə ifadə etmək çox çətindir. Amma tibbin də öz qanunu var, müəyyən bir müddət ürək fəaliyyət göstərsə də, beyin oksigensiz qaldığı üçün biz o xəstəni itirdik.

 

Və həmin hadisədən saatlar sonra müharibənin başa çatması ilə bağlı müqavilə imzalandı...

 

Mən cəbhədə olub, həmin hadisələri, oradakı yaralıları gördükdən sonra bu müqavilənin hansı həyati anlama gəldiyini daha aydın təsəvvür etdim.

 

Çalışdığım hər iki xəstəxananın yaxınlığında tibbi ekspertiza bölməsi var idi, ora şəhid olmuş insanlar gətirilirdi. Ora gətirilən şəhidlərin ata-anasının naləsi hələ də qulaqlarımdan getmir. Onlar deyirdilər "kaş övladımız yaralı gələrdi, gözü, əli, ayağı olmayaydı, amma nəfəsi üstündə olaydı”. Bu cür ürək dağlayan ifadələri hər saat eşidirdik. Müharibənin bitməsi bütün bu faciələrin, dəhşətlərin bitməsi demək idi.

 

Həm də qürurlandırıcı idi ki, biz bu müharibəni qələbə ilə bitirdik. Bu qələbəni bizə Ali Baş Komandan İlham Əliyev ərməğan etdi, bu 44 gün ərzində dövlət başçımızın necə əzmlə mübarizə apardığını gördük. Təsəvvür edin ki, əməliyyatlar sırasında belə, əməliyyatı dayandırmadan televiziyanı qoşub Ali Baş Komandanın çıxışını, tvitlərini gözləyirdik ki, görək bu gün hansı torpağımız azad olunub?

 

 

 

 

O həkimlərin adlarını çəkməsəm olmaz...

 

 

 

 

Müsahibə boyu Vüqar həkim dönə-dönə qürurla vurğulayırdı ki, bu qələbədə ön cəbhənin hərbçiləri ilə yanaşı, həkimlərin də payı oldu. Və o, söylədi ki, Gəncə və Füzuli qəhrəmanları deyə iki qrupa böldüyü həkimlərimizin, tibb işçilərimizin hamısının mümkün olmasa da, heç olmasa bir qisminin adını qeyd etməsək olmaz...

 

- Həqiqətən, müharibə ərzində könüllü həkimlərimizdən ibarət inanılmaz bir kollektiv formalaşmışdı. Gəncədə olan həkimlərimizin aparıcı qüvvəsi Neftçilər Xəstəxanasının həkim heyəti idi. Burada Elmir Əsgərov, Musa həkim, neyrocərrahlarımız Zaur, Elşən, anestezioloqumuz Fuad həkimin adlarını çəkmək istəyirəm. Damar cərrahlarımız Seymur Allahverdiyevin rəhbərliyi altında Gəncə şəhərində çox uğurlu əməliyyatlar icra etdilər. Eyni zamanda da göz cərrahlarımızın fəaliyyətini vurğulamalıyam.

 

Bir xüsusi nüansı da qeyd edim ki, Gəncədə olanda Türkiyədən gənc könüllülərdən ibarət bir həkim ordusu bizə dəstəyə gəldi, onların çox faydasını gördük. Anestezioloq, reanimotoloq Rəşad, Ərəstun, cərrah Araz həkimin adlarını çəkmək istəyirəm. Füzulidən olan Elnurə həkim çox cəsarətli işlər görürdü, eyni zamanda, orta tibb bacıları Günay, Aynur xanım və daha adını çəkə bilmədiyim yüzlərlə tibb işçisinin hər birinin bu qələbədə haqqı, payı oldu.

 

Onu da deməliyəm ki, Füzulidə çox öndə olan qorxmaz həkimlərimiz var idi ki, onlar hərbi səhra cərrahiyyəsi sistemində çalışırdılar, orada əməliyyat edirdilər. Həmçinin oradakı tibb personalının əməyini sözlə ifadə etmək çox çətindir.

 

Yenə də deyirəm, bizim çox cəsarətli həkimlərimiz var. Aralarında kolleqalarım, diş həkimləri, üz-çənə cərrahları da var ki, biz onları şəhid verdik. Bu həkimlərin ailələrinin qarşısında baş əyirəm. Onların canı, qanı bahasına bu qələbəni aldıq. O insanlar çox-çox cəsarətli idilər ki, birbaşa ön bölgədə xidmət göstərirdilər, bizə yuxu kimi gələn müharibənin tam içərisində idilər.

 

 

 

 

Yaralı əsgərlərimizə həyat verdi, onlarla birgə yaşadı....

 

 

 

 

- Biz bu müharibə zamanı şəhidlər verdik, dəyərli insanlarımızı itirdik. Bu insanlar gələcək nəsillərimizin firavanlığı, xoşbəxtliyi üçün canlarından keçdilər. Biz də onların ailələrinə, yaxınlarına, övladlarına baxmaq məcburiyyətindəyik. Bu bir vətəndaşlıq borcu deyil, məcburiyyətimizdir. Bu, artıq hər birimizin ailəsində üç yox, beş övladının olması anlamına gəlməlidir. Vətən uğrunda şəhid olanların övladlarının da haqqıdır ki, bizim övladlarımız kimi təhsil alsınlar, həyat şəraitləri olsun. Təbii ki, dölətimiz onlar üçün hər şey edəcək, amma biz də öz növbəmizdə şəhidlərin bizə əmanətlərindən muğayat olmalıyıq.

 

Dünən bir yaralı əsgərimizin şəhid olduğunu eşitdim. Hansı ki, onu yaralı olduğu üçün hospitala göndərmişdik ki, müalicə alsın. Amma o, qaçıb yenidən müharibəyə qatılmışdı və növbəti yarasından şəhid oldu. Baxın, biz vətənini canından çox sevən bu cür oğlanlar itirdik. Onların bu fədakarlıqları qarşısında isə nə etsək, dəryada damla misalı qədər azdır...

 

"Əsl həkim hər xəstə ilə yaşayıb öləndir”, Stefan Zveiqə məxsus bu fikirlər isə elə Vüqar həkimin öz facebook səhifəsindəki paylaşımındandır. Bəli, o da əsl həkim olmağı bacaranlardan oldu. Yaradanın özündən sonra, həkimlərə bəxş etdiyi xilasedici, həyata qaytaran kimi müqəddəs missiyasını yerinə yetirərək, elə müqəddəs Vətən savaşımızda da əsl həkim kimi davranaraq yaralı əsgərlərimizə həyat verdi, onlarla birgə yaşadı...

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2020.- 26 noyabr.- S.8.