Qətiyyətin, milli mübarizənin və tarixi ədalətin qələbəsi

 

İlham Əliyev Ermənistanı müharibə yolu ilə cəzalandıraraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi

 

 

 

Azərbaycan Ordusunun şanlı Qələbəsinin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad olunması prosesi davam edir. Ermənistanın kapitulyasiyasına əsasən, Ağdamdan sonra Kəlbəcər rayonu da ordumuzun nəzarətinə keçdi. Beləliklə, üçtərəfli bəyanatda nəzərdə tutulmuş 3 rayondan 2-si artıq azad olundu. 44 günlük müharibədə işğalçının güc yolu ilə cəzalandırılmasının ardından Ali Baş Komandan İlham Əliyev siyasi-diplomatik yolla Ermənistanı zəbt etdiyi ərazilərimizi boşaltmağa məcbur edir.

 

 

 

Beynəlxalq hüquqi baza formalaşdıran diplomatiya

 

 

 

 

Tarix çox dövlətlər arasında müharibələrə şahidlik edib. Və hər bir müharibənin nəticəsi sübut edir ki, öz haqqı uğrunda mübarizə aparan tərəf mütləq qalib gəlir. Lakin bugünkü beynəlxalq münasibətlər sistemi daha çox güc amilinə əsaslandığından, ayrı-ayrı dövlətlərin konyunktur və istilaçı maraqlarına xidmət etdiyindən bir çox hallarda bəzi ölkələrin və xalqların haqq səsi elə yerindəcə boğulur.

 

Öz milli haqqı olan ərazi bütövlüyü uğrunda 30 ilə yaxın idi ki, mübarizə aparan Azərbaycan da danışıqlar prosesində işğalçı Ermənistanın maraqlarına cavab verən bir mövqe ilə üz-üzə qalmışdı. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, ayrı-ayrı təşkilatların ölkəmizin mövqeyini müdafiə edən müvafiq sənədləri, o cümlədən BMT-nin qətnamələri olsa da, Ermənistanın himayə olunması və işğal siyasətinə göz yumulması reallıq idi.

 

Lakin 1994-cü ilin atəşkəsindən ötən dövrün təhlili göstərir ki, Azərbaycan heç vaxt bu reallıqla barışmadı, bir günolsun ruhdan düşmədi və bütün diplomatik müstəvilərdə ərazi bütövlüyünün təmin olunması istiqamətində fəal iş apardı. "Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özüdaim gündəliyin mərkəzində olsun” - deyə Prezident İlham Əliyev xalqa müraciətində bu barədə bildirib.

 

İndiyədək bu fəaliyyətin nəticəsi olaraq bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlər əslində Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatları daha inamladaha dərindən əsaslandırılmış formada həyata keçirməsi və işğalçı ölkəni təslimçi sülhə məcbur etməsi üçün böyük hüquqi baza formalaşdırdı. Azərbaycanın tərəfdar çıxdığı mühüm ikitərəfli və çoxtərəfli sənədlərə respublikamızın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ilə müddəalar daxil edilməsi mühüm diplomatik uğurlarımız sırasında yer aldı.

 

Məlum olduğu kimi, bir neçə gün öncə Niderland parlamenti erməni lobbisinin sifarişləri əsasında Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul edib. Niderland parlamenti bu məsələni Avropa Parlamentinin müzakirəsinə də çıxarmaq niyyətindədir. Amma unudulmamalıdır ki, cəmi bir neçə il öncə Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb. Bu sənəddə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənib. Beləliklə, İlham Əliyevin milli maraqlarımızı uğurla təmin edən siyasi-diplomatik fəaliyyətinin nəticəsi olan bu sənəd Avropa İttifaqı çərçivəsində Azərbaycanın mənafelərinə zidd olan bütün təşəbbüslərin qarşısında etibarlı hüquqi-siyasi baryerdir.

 

 

 

 

Sübut olundu ki, işğala güc yolu ilə son qoymaq mümkündür

 

 

 

 

Onu da qeyd etməliyik ki, həmin təşkilatlar müvafiq sənədlər qəbul etməklə yanaşı, hər zaman iddia edirdilər ki, münaqişənin hərbi həlli mümkün deyil, Dağlıq Qarabağ problemi danışıqlar yolu ilə yoluna qoyulmalıdır və s. Bununla da əslində problemin həllinə yanaşmada ikili standartlara rəvac verirdilər. Çünki beynəlxalq praktikada xüsusən son onilliklərdə işğala güc yolu ilə son qoyulmasına dair kifayət qədər faktlar mövcuddur.

 

Azərbaycan sentyabrın 27-dən başlatdığı hərbi əməliyyatlarla göstərdi ki, Ermənistanın işğal siyasətinə də güc yolu ilə son qoymaq mümkündür. Noyabrın 25-də xalqa müraciətində Kəlbəcərin işğaldan azad olunması münasibətilə həmvətənlərimizi təbrik edən Prezident İlham Əliyev bu barədə deyib: "Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır.

 

Deyə bilərəm ki, bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa, torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur. Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim”.

 

Beynəlxalq təşkilatların qətnamələri və beynəlxalq hüququn normaları əslində Azərbaycana ərazilərini güc yolu ilə həll etməyə imkan verirdi. O cümlədən BMT-nin nizamnaməsi də hər bir dövlətin güc yolu ilə öz ərazi bütövlüyünü təmin etmək hüququnu tanıyır. Azərbaycan da ərazilərini işğaldan azad edərək məhz bu hüquqa istinad etdiuğurlu diplomatik fəaliyyətin ardından sübuta yetirdi ki, işğala güc yolu ilə son qoymaq mümkündür.

 

 

 

 

Anti-Azərbaycan fəaliyyətin qarşısı alındı

 

 

 

 

Ermənistan silahlılarının güc yolu ilə işğal olunmuş torpaqlarımızdan çıxarılmasına gedən yolda tarixi həqiqətlər və real vəziyyət də davamlı şəkildə dünya ictimaiyyətinə çatdırılıb. Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmiz Ermənistanın və havadarlarının yaratdığı mifləri dağıtmağı, informasiya müharibəsində üstünlük əldə etməyi bacarıb. Azərbaycan Prezidenti bütün beynəlxalq təmaslarda, ayrı-ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində, beynəlxalq tədbirlərdə iştirakı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini, tariximövcud vəziyyət haqqında həqiqətləri daim dünya ictimaiyyətinə çatdırıb.

 

Digər tərəfdən, Azərbaycan diplomatiyası uğurlu fəaliyyəti ilə Ermənistanın və onun havadarlarının müxtəlif təşkilatlarda anti-Azərbaycan xarakterli sənədləri qəbul etdirmək cəhdlərinin qarşısını məharətlə aldı. Ermənistanın danışıqlar prosesində imitasiya etdiyi aydın idi. Bu gün işğal olunmuş ərazilərimizdə yer adlarının erməniləşdirilməsi, tarixi Azərbaycan ərazilərinə eybəcər adların verilməsi göstərir ki, Ermənistan həmin torpaqları danışıqlar yolu qaytarmaq niyyətində olmayıb. O cümlədən ermənilər tərəfindən cəbhə xəttində bir neçə mərhələli möhkəm istehkam mövqelərinin yaradılması da bunu təsdiq edir. Torpaqları azad etməkdən uzaq olan Ermənistan və onun havadarları, həmçinin beynəlxalq səviyyədə işğal siyasətinə hüquqi don geydirilməsi istiqamətində fəal aparırdılar. Lakin bütün hallarda Prezident İlham Əliyevin uğurlu diplomatiyası tərəfindən bu antiazərbaycançı fəaliyyətin qarşısı qətiyyətlə alındı.

 

Ötən ay BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın təşəbbüsü ilə TŞ prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrə istinad yer almamışdı. Həmin layihə TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələrin sərt etirazı nəticəsində qəbul edilmədi. Ona görə ki, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid etdilər. Bundan sonra layihənin müəllifləri rüsvayçılıqla geri çəkilməyə məcbur olublar. İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uğurlu fəaliyyət Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edərək Ermənistana və onun havadarlarına növbəti diplomatik zərbəni vurdu.

 

 

 

 

Ermənistan BMT TŞ-nin 822 və 853 saylı qətnamələrini yerinə yetirməyə məcbur edildi

 

 

 

 

Beləliklə, Prezident İlham Əliyevin düşünülmüşhücumçu diplomatiyası nəticəsində İkinci Qarabağ savaşında Ermənistanın havadarlarının Azərbaycana qarşı siyasi cəbhə formalaşdırmaq cəhdlərinin qarşısını qətiyyətlə aldı. Azərbaycan Ordusu ilk gündən hücum əməliyyatlarını sürətlə həyata keçirərək işğal olunmuş ərazilərini azad etdi. Uğurlu hərbi əməliyyatlarla Prezident İlham Əliyev indiyə qədər bütün beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə yer alan tələbləri təmin etdi. Azərbaycan güc yolu ilə işğal olunmuş ərazilərimizi azad etməklə hüquqi ədaləti bərpa etdi.

 

Diplomatik müstəvidə Azərbaycana uduzan Ermənistan və dünya erməniliyi 44 günlük müharibədə ölkəmizə qarşı güclü informasiya savaşına start vermişdi. Lakin Azərbaycan informasiya müharibəsindən də qələbə ilə çıxdı. 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərə dünya ictimaiyyətinə çatdırıldı.

 

Noyabrın 20-də Ağdamın işğaldan azad olunması BMT TŞ-nin 853 saylı, Kəlbəcərin azad edilməsi isə 822 saylı qətnamələrinin tələblərinin yerinə yetirilməsidir. Bu rayonlar birbaşa döyüş yolu ilə alınmasa da, onların azad edilməsi Azərbaycan Ordusunun qələbəsinin və Prezident İlham Əliyevin şərtlərinin diktə etdiyi siyasi fəaliyyətin nəticəsidir.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2020.- 28 noyabr.- S.1;6.