Milli Məclisin sədri MDB PA-nın 51-ci plenar iclasında iştirak edib

 

 

Noyabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının videokonfrans formatında 51-ci plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

İclasda Milli Məclisin sədri, MDB PA-da nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova da iştirak edib.

Tədbirdə təşkilati məsələlərə baxılıb, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Sədri Valentina Matviyenko yenidən MDB PA Şurasının Sədri seçilib.

Sonra iclasda COVID-19 pandemiyası ilə əlaqədar MDB iştirakçısı olan dövlətlərdə qanunvericilik sahəsində görülmüş tədbirlər, Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti, perspektivləri və onun normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrinin dövlət orqanlarına keçiriləcək seçkilərin müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA ilə əməkdaşlığının istiqamətləri, MDB PA-nın 2021-ci il üçün fəaliyyət planı, bir sıra təşkilati və maliyyə məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

 

Azərbaycan.-2020.- 28 noyabr.- S.2.