İndi Azərbaycan regionun həm də qalib dövlətidir

 

İlham Əliyev tarixi Qələbə ilə respublikamızın Cənubi Qafqazdakı liderliyini və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi

 

 

 

 

İkinci Qarabağ müharibəsində qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm hadisəsi oldu. Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər bir azərbaycanlı haqlı olaraq Cənubi Qafqazın yalnız lideri deyil, həm də qalib dövlətinin vətəndaşı olmasıyla fəxr edir.

 

 

 

 

Ordumuz hansı gücə malik olduğunu döyüş meydanında göstərdi

 

 

 

 

44 günlük müharibənin ilk günlərindən Azərbaycan Ordusu vətənpərvərlik dastanı yazdı, bütün dünyaya əsl qəhrəmanlığın, vətən uğrunda necə mübarizə aparmağın nümunəsini göstərdi. Bir-birinin ardınca rayonlarımızın, kənd və şəhərlərimizin alınması ilə ordumuz hansı qüdrətə, hansı əzmə malik olduğunu birbaşa döyüş meydanlarında göstərdi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Uğurla həyata keçirilən hərbi əməliyyatlar isə ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin gücü ilə bağlı deyilənlərin əyani təsdiqi oldu.

 

Respublikamıza rəhbərliyinin ilk günlərindən ordunun döyüş qabiliyyətinin artırılması, ən müasir hərbi texnikanın alınması Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu prioritet vəzifələrdən idi. Bu məqsədlə aparıcı hərbi sənaye kompleksi olan ölkələrlə sıx əməkdaşlıq əlaqələri yaradıldı.

 

Xüsusən ən müasir döyüşlərin aparılmasına imkan verən hərbi texnikalar alındı və hərbi təlimlərdə sınaqdan çıxarıldı. Bir sözlə, Ermənistan oz ordusu ətrafında mif yaradanda, danışıqlar prosesini imitasiya edəndə Azərbaycan ordu quruculuğunu zamanın yeni reallıqları əsasında həyata keçirdi və elə bir səviyyəyə çatdırdı ki, işğal olunmuş ərazilərdəki möhkəmləndirilmiş istehkamlar da onun qarşısında aciz qaldı.

 

Ağdam şəhərinə səfəri zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan bu barədə deyib: "Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Mən deyirdimya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsinİkinci Qarabağ müharibəsi bunu göstərdi”.

 

Azərbaycan Ordusu bu qələbə ilə sübut etdi ki, Ermənistanın silahlı qüvvələrinin məğlubedilməzliyi ilə bağlı iddiaları mifdən başqa bir şey deyilmiş. Müharibədən sonra hətta güclü ordusu olan dövlətlər Azərbaycanın döyüş meydanında yaratdığı nümunəni, təcrübəsini öyrənməyə çalışırlar.

 

 

 

 

Ermənistanın rüsvayçılığa boyun əyməkdən başqa yolu qalmadı

 

 

 

 

Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının ardınca Şuşanın alınması Vətən müharibəsində Azərbaycanın hərbi qələbələrinin zirvəsi oldu. Buna qədər təxminən 42 gün müddətində Ermənistanın aidiyyəti orqanları ölkə ictimaiyyətini aldatmaqla məşğul olmuşdular. Azərbaycan Ordusu artıq Şuşaya hücum etdiyi bir vaxtda Ermənistan Müdafiə Nazirliyinin rəsmisi A.Ovannisyan keçirdiyi brifinqlərdə Hadrut ətrafında döyüşlərin getməsi, hətta ermənilərin öz mövqelərini yaxşılaşdırmaları barədə yalanlar danışırdı. Noyabrın 8-də Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra da yalan informasiyalar dövriyyəyə buraxılırdı. Noyabrın 10-da gecə saatlarından N.Paşinyanın kapitulyasiya aktını imzalamasından sonra Ermənistan ictimaiyyəti əsl həqiqətlərdən xəbərdar oldu.

 

Hazırda nəiniki müharibənin davam etdiyi 44 gün ərzində, ümumiyyətlə, ötən 30 ildə yalanlarla idarə olunan bu işğalçı dövlət tarixinin ən acınacaqlı, ən utancverici dövrünü yaşayır. Bütün Ermənistan vətəndaşları işğal siyasətinin qurbanına çevriliblər və üzləşdikləri əzaba və rüsvayçılığa boyun əyməkdən başqa yolları qalmayıb. Xəstə erməni təfəkkürünün, özgə torpaqlarına göz dikməyin sonu başqa cür ola da bilməzdi.

 

Azərbaycan işğaldakı torpaqlarının bir hissəsini döyüş yolu ilə azad etdi. Kapitulyasiya aktına əsasən Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxarması ilə bağlı öhdəlik götürdü. Ağdam və Kəlbəcərdə artıq Azərbaycan bayrağı dalğalanır. Bu rayonların azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanlarındakı şanlı qələbələrinin nəticəsidir. Bu qələbələrin nəticəsi olaraq Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin şərtlərini yerinə yetirməyə məcbur oldu.

 

 

 

 

Fransanın timsalında dünya erməniliyinə vurulan zərbə

 

 

 

 

İkinci Qarabağ müharibəsində Ermənistana öldürücü zərbə vuran Azərbaycan yeni regional və beynəlxalq reallıqlar yaratdı. Əsas reallıq odur ki, Azərbaycan işğal olunmuş rayonlarını geri qaytarmaqla ərazi bütövlüyünü bərpa etdi. Bununla da ATƏT-in Minsk qrupunun 28 il idi ki, ətrafında danışıqlar apardığı prinsipləri ordumuz güc yolu ilə yerinə yetirdi. Buna qədər beynəlxalq təşkilatlar, həmsədrlər iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Azərbaycan sübut etdi ki, düz sözü anlamayanları cəzalandırmaqla problemi həll etmək mümkündür.

 

Digər bir reallıq ondan ibarətdir ki, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi üçtərəfli bəyanatla tam təsbit edildi. Beləliklə, 44 günlük müharibədəki qələbənin nəticəsi olaraq Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirilməsi istiqamətində tarixi addım atıldı. Bununla da Muxtar Respublikanın 30 illik blokadasına son qoyulur, eyni zamanda bütün türk dünyasının yerüstü tranzit-rabitə əlaqəsi bərpa edilir.

 

Əsas reallıqlardan biri də həm müharibənin gedişində, həm də ondan sonrakı dövrdə Prezident İlham Əliyevin dünya erməniliyinə vurduğu zərbədir. Fransa dövləti ilk gündən neytrallıq prinsipini unudaraq Azərbaycana qarşı təzyiq yolunu tutdu. Prezident Makron gah zəng etdi, gah başqa dövlətlərlə danışıqlar apardı. Fransanın təşəbbüsü ilə BMT-də Ermənistanın maraqlarına xidmət edən qətnamənin qəbuluna cəhd göstərildi. Lakin bütün cəhdlər Fransanın biabırçılığına səbəb oldu. Bu ölkə nə qədər çapalasa da, Ermənistanın kapitulyasiyasına mane ola bilmədi. Bu günlərdə Fransa senatının Dağlıq Qarabağdakı qondarma qurumun tanınması ilə bağlı qətnaməsi isə əslində bu ölkənin siyasi dairələrinin məğlubiyyətinin və Azərbaycanın qələbəsinin göstəricisidir. Bu qələbə ilə Azərbaycan Fransanın timsalında dünya erməniliyini darmadağın etdi.

 

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan regionun lider dövləti idi. Bu qələbə isə respublikamızı Cənubi Qafqazın həm də qalib dövlətinə çevirməklə regiondakı aparıcı rolunu və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2020.- 29 noyabr.- S.1;8.