İƏT Parlament İttifaqı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətini qətiyyətlə qınayır

 

Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində hərbi təxribatların törədilməsi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına (İƏTPİ) məktub göndərib. İƏT Parlament İttifaqı həmin məktubu öz rəsmi saytında yerləşdirərək Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təxribatları qətiyyətlə pisləyib və bütün üzv dövlətlərin Ermənistanın növbəti təcavüz aktı barədə məlumatlanması üçün şərait yaradıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarovaya cavab məktubu göndərərək qurumun dəstəyini ifadə edib. Vurğulayıb ki, İƏTPİ müxtəlif konfranslarda qəbul etdiyi bütün qətnamələrində münaqişənin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında ədalətli həllini həmişə dəstəkləyib.

Məktubda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətini qətiyyətlə qınayır, işğalçılara qarşı Azərbaycan ilə tam həmrəyliyini bəyan edir.

 

Azərbaycan.- 2020.-1 oktyabr.- S.9.