Haqq yolu ilə

 

Xalqımızın illərdən bəridir ki, gözlədiyi böyük günlər gəlib yetişdi. Müzəffər Ordumuzun işğal edilmiş torpaqlarımızın azadlığına doğru zəfər yürüşü başlandı. Əslində, bu qürur dolu günlərə aparan yol hələ Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin Aprel döyüşlərində özünü göstərmişdi.

Uğurlu əməliyyatla düşmənə sarsıdıcı zərbə vuraraq ərazimizin bir hissəsini, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini tam azad edən əsgər və zabitlərimiz hələ o zaman irəlidə bizi gözləyən daha şanlı qələbələrin müjdəsini vermişdilər. Budur, Azərbaycan bir neçə gündür ki, intizarla gözlədiyimiz daha böyük zəfərin sevincini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun yazdığı möhtəşəm tarixin qüruru köksümüzə sığmır.

Faşist mahiyyətli ermənilərsə yenə öz mənfur xislətlərinə sadiqdirlər. Düşmən mülki əhalini atəşə tutur. Hərbçilərimizdən də, cəbhə ətrafı yaşayış məntəqələrinin dinc sakinlərindən də həlak olanlarımız və yaralananlarımız var.

Allah bütün şəhidlərimizə rəhmət etsin. Düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarını rəşadətlə davam etdirən Azərbaycan Ordusunun ardıcıl zərbələrlə bu qanı yerdə qoymayacağına əminik. Hər birimiz uşaqdan-böyüyə bütün varlığımızla ordumuzun yanındayıq. Əsgər və zabitlərimizə dəstəyik. Onların qələbəsinə bacardığımız töhfəni vermək üçün hər cür fədakarlığa hazırıq.

 

Düşmən təxribatlarına layiqli cavab

 

Şəhidlərimizin itkisi qəlbimizi ağrıtsa da, qazanılan qələbə, öz şəhadətləri ilə əbədiyyət ömrü qazanmış igidlərimizin qanının hədər getməməsi acımızı ovudur. İnsanlarımız arasında böyük bir həmrəylik ruhu var. Özünü bu vətənə bağlı sanan hər kəs Qafqaz regionunda, Azərbaycanın köksündə illərdir ki, qövr edən, hər dəfə yeni-yeni ömürlərə nöqtə qoyan erməni separatizminin birdəfəlik kəsilib atılmasını istəyir.

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları son dövrlər daha da intensivləşmişdi. İyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti artilleriya atəşi nəticəsində hərbçilərimiz və mülki şəxs həlak oldu. Azərbaycan Prezidenti 27 sentyabrda xalqa müraciəti zamanı bununla bağlı dedi: "Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır”.

Təcavüzkar Ermənistanın bu təxribat arxasındakı məkrli məqsədi, ilk növbədə, Azərbaycanı yeni işğalla hədələməyə çalışmaq, yeni ərazilər uğrunda işğal siyasətini davam etdirmək idi. Digər tərəfdən məlumdur ki, Ermənistan hazırda ağır sosial-iqtisadi fəlakətlər məngənəsində çapalayır. Koronavirus pandemiyasının yaratdığı çətinliklər dolanışıq imkanları onsuz da ağır olan işğalçı ölkədə vəziyyəti daha da gərginləşdirib. Ölkədə hakimiyyət uğrunda ciddi mübarizə gedir. Küçə-meydan eyforiyasının köməyi ilə hakimiyyətə yiyələnən baş nazir Nikol Paşinyan artıq xalqın etimadını itirib. Ona görə də bəziləri fikirləşir ki, Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadisiyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq üçün Azərbaycana qarşı təxribatlara əl atmaq Paşinyan hakimiyyəti üçün bəlkə də son çarədir. Digər tərəfdən, işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi, mövcud status-kvonu qorumaq, münaqişənin ömrünü illərlə indiki vəziyyətində uzatmaq üçün hər vəchlə danışıqlar prosesini pozmağa çalışır və artıq, demək olar ki, buna nail olub. Hazırda danışıqların faktiki olaraq dayanması məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti üzündəndir.

 

Səbrimiz sonsuz deyil

 

Ermənistanın baş naziri bir il bundan əvvəl Azərbaycanın işğal edilmiş torpaqlarında - Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə” dedi və Azərbaycan Prezidentinin "Qarabağ Azərbaycandır və nida” cavabı ilə siyasətdə, diplomatiyada, bəlkə də karyerasının ilk ustad dərsini aldı. Amma təəssüf ki, bu dərsdən nəticə çıxarmadı. Təxribatçı bəyanatlarını, Azərbaycanın Ermənistanla yox, qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalı olması barədə avantürasını davam etdirməyə başladı. Qədim şəhərimiz olan Şuşada bir müddət əvvəl Dağlıq Qarabağda yaradılmış qondarma kriminal xunta rejiminin başçısının "andiçmə” mərasimi keçirildi. Üstəlik, qondarma "Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul olundu.

Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz məskunlaşma siyasətini Paşinyan rejimidavam etdirdi. Livan ermənilərindən ibarət bir neçə ailənin bu yaxınlarda Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilməsi bunun bariz nümunəsi, Ermənistan rəhbərliyinin Cenevrə Konvensiyasına zidd olaraq törətdiyi hərbi cinayətdir. Paşinyan hakimiyyətinin belə bir cinayətlə məşğul olub sələflərindən qalmış qanunsuz məskunlaşdırma siyasətini davam etdirməsinin bəlli səbəbləri var. Ermənistanda mövcud olan ağır iqtisadi, siyasisosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır. İşğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirmək üçün bu ölkə lazımi sayda əhali resurslarına sahib deyil. Ona görə xaricdə yaşayan erməniləri bu ərazilərə köçürməklə möhkəmlənməyi düşünür. Ermənistan rəhbərliyi işğalçı rejimin illərdir apardığı vandalizm hərəkətlərindən əl çəkmir. İşğal altındakı rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların əsrlərdir burada yaratdıqları tarixi-mənəvi irsin silinməsinə ardıcıl cəhdlər edilir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri yerlə-yeksan olunur, təhqir edilir. Ermənistan bizim məscidlərimizdə inək, donuz saxlamaqla bütün müsəlman aləminə həqarət göstərir. Hətta Ermənistan rəhbərliyinin faşist mahiyyəti, vandallığı, vəhşiliyi məzarlarında uyuyan əcdadlarımızın qəbirlərinin traktorla dağıdılmasına qədər gedib çıxır. Çünki bu məzarlar xalqımızın min illərlə bu torpaqlardakı mövcudluğunun, yaratdığı mədəniyyətin kitabələrin dili ilə danışan şahidləridir. Ermənilər hətta dilsiz-ağızsız məzar daşlarına da dözə bilmirlər.

Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı isə işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər, ardınca isə ölkəmizdə terror aktları törətmək üçün diversiya qrupunun göndərilməsi oldu. Bütün bunlar bir daha göstərir ki, Ermənistan və bu ölkənin rəhbərliyinin apardığı çirkin siyasət hazırda regionda əsas təhlükə mənbəyidir.

Amma Ermənistan bütün bu təxribatlara əl atarkən unudurdu ki, Azərbaycanın səbri sonsuz deyil. Bu möhlətin ömrü bir gün bitə bilər.

 

Azərbaycanla hədə-qorxu dili ilə danışan peşman olacaq

 

Azərbaycan Prezidenti xalqa müraciətində bu məqamı xüsusi vurğuladı: "İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudubir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır”.

Bu, xalqımızın haqq davasıdır və Azərbaycan Ordusunun səngərdə apardığı bu davanı Azərbaycan Prezidenti İlham Əliyev eyni fədakarlıqla həm də diplomatik səngərlərdə uğurla davam etdirir. Ölkəmizin haqlı mövqeyini dünyaya çatdırır, apardığı danışıqlarla kimin düz, kimin səhv olduğunu göstərir, beynəlxalq aləmin dəstəyini alır.

Münaqişə ilə bağlı Azərbaycanın xeyrinə 4 qətnamə qəbul etmiş BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti öz müvafiq qərar və qətnamələri ilə bizim mövqeyimizi dəstəkləyir. Prezident İlham Əliyev bütün beynəlxalq tribunalardan Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağın məsələyə hansı tərəfdən baxırsan-bax nə qədər reallıqdan uzaq bir iddia olduğunu hər kəsə anladır. Buna heç zaman imkan verilməyəcəyini qətiyyətlə bəyan edir.

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Prezidenti arasında videokonfrans formatında keçirilən görüşdə də Prezident İlham Əliyev ölkəmizin haqlı mövqeyini BMT rəhbərliyinin diqqətinə çatdırdı. Ermənistanın Azərbaycana qarşı törətdiyi ardıcıl təxribatlarla işğalçı ölkənin regionda sülh, sabitlik, inkişaf əleyhinə yönəlmiş mənfur niyyətlərini göstərdi. Yada salaq ki, Prezident İlham Əliyev Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı zamanı da qeyd etmişdi.

BMT-nin Baş katibi ilə müzakirələrində də Prezident İlham Əliyev bir daha qətiyyətlə vurğuladı ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır.

Azərbaycanı, dövlətimizin rəhbərliyini bu məsələdə güclü, qətiyyətli edən haqq mövqeyində olmağımızdır. Ermənistandan fərqli olaraq Azərbaycan kiməsə qarşı hər hansı təxribata əl atmır, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Tarixi ədalət də, beynəlxalq hüquq normaları da məhz bizim tərəfimizdədir.

Zəfərin mübarək, Azərbaycan əsgəri!

Ali Baş Komandanımızın da bəyan etdiyi kimi, "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2020.-1 oktyabr.- S.1; 10.