Oğullar döyüşə gedir

 

Barıt qoxulu Qarabağda günəşli, xoş müjdəli bir payız səhəridir. Tezdən olsa da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin qarşısında qələbəlikdir. Səsgücləndiricidən yayılan vətənpərvərlik ruhunda mahnılar gözlərdəki intiqam qığılcımları, üzlərdəki fərəh cizgiləri ilə qəribə bir ahəngdarlıq yaradır.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səfərbərlik çağırışı vətən sevdalı Bərdə gənclərinin ürəyində böyük əks-səda doğurub. Bərdə şəhərindən, rayonun yaxın-uzaq kəndlərindən hərbi mükəlləfiyyətli gənclər axın-axın çağırış məntəqəsinə gəlirlər.

İlk müsahibimiz Seymur İslamovdur. O, Bərdə şəhər internat məktəbinin direktorudur. Rayonun qabaqcıl təhsil işçisi kimi böyük nüfuz sahibidir. Seymur müəllim həm də ehtiyatda olan leytenantdır:

- Çoxdan gözlədiyimiz gün axır ki, gəlib çatdı. İndi düşməndən qisas almaq zamanıdır. Çox şadam, hədsiz qürur hissi keçirirəm ki, döyüş meydanında düşmənlə üz-üzə gəlib ürəyimdə qalaqlanan intiqamı söndürmək fürsəti qazanıram. Ali Baş Komandanın polad iradəsi, Azərbaycan əsgərinin qəhrəmanlığı hər birimizə yenilməz inam verir, qələbəyə ruhlandırır. İllərdən bəri həsrətlə gözlədiyimiz Qələbə isə çox yaxındadır. Mən özümü xoşbəxt sayıram ki, o parlaq zəfəri qazananların sırasında mən də olacağam.

Təlim mərkəzlərinə, döyüş bölgələrinə yol alacaq avtobuslar şöbənin həyətində cərgələnib.

Çağırış məntəqəsinə oğlu ilə birlikdə gələn Alaçadırlı kənd sakini Eyvaz Şirinovla söhbət edirik. Müsahibim deyir:

- Bu gün burada belə böyük bir izdihamı görmək mənə xoş duyğular yaşadır. Bu möhtəşəm görüntü xalqın öz ordusuyla sarsılmaz birliyinin parlaq ifadəsidir. Mən inşaat mühəndisiyəm. Cəbhə bölgələrində çoxsaylı yaşayış evlərinin tikilməsində zəhmətim olub. Ancaq bu gün faşist xislətli ermənilər insanlığa sığmayan hərəkətlər edir, kəndləri, şəhərləri atəşə tutur, mülki əhalini qətlə yetirirlər. Artıq onlara dərs verməyin vaxtı çatıb. Buraya oğlum Elnurla gəlmişəm. Bir ata olaraq oğlumun döyüşə getməsində qürur duyuram. Oğul düşmən çəpəridi deyib babalarımız. Doğma Qarabağımızın azadlığı yolunda qanımızı, canımızı verməyə hazırıq!

Vətənin çağırışına ilk səs verənlərdən biri də Bərdə Rayon Təhsil şöbəsinin əməkdaşı, ehtiyatda olan leytenant Ziya İsmayılzadədir. Üz-gözündən qürur yağan gənc düşüncələrini bizimlə həvəslə bölüşür.

- Hər gün döyüş bölgələrindən qələbə soraqlı xoş xəbərlər alırıq. Əsgərlərimiz əsl qəhrəmanlıq göstərir, düşməni ağır itkilərə məruz qoyub ərazilərimizdən qovurlar. Çox sevinirəm ki, bu gün şanlı tarix yazan əsgərlərimizin sırasına tezliklə mən də qoşulacağam.

Müharibəyə getmək, döyüşlərə atılmaq bu gün hər kəsin arzusudur. Suyunu içdiyimiz, havasını udduğumuz, torpağına qədəm qoyub gəzdiyimiz Vətən qoyub bu şərəfli haqqı boynumuza. Vətən sevdalı oğullar bu gün Qarabağ uğrunda həlledici döyüşə inamla, qələbə eşqiylə, düşməndən layiqli qisas almaq ehtirası ilə gedirlər. Sağ gedin, salamat qayıdın! Tanrı sizi qorusun. Gözü yolda, qulağı səsdə olanları QƏLƏBƏ xəbəri ilə sevindirin!

 

Lazım QULİYEV,

 

Azərbaycan. - 2020.-2 oktyabr.- S.8.