Ağdamın Birinci Baharlı qəsəbəsində 25 evə ziyan dəyib

 

Ağdam işğal altındakı vətən torpaqlarının azad edilməsi uğrunda müqqədəs savaşın şiddətlə davam etdiyi qaynar bölgələrdəndir. Artilleriya mərmilərinin gurultusu, iriçaplı silahların atəş səsləri ara vermir.

Döyüş meydanında sarsıdıcı zərbələr alan Ermənistan silahlı qüvvələri qəhrəman Azərbaycan əsgərinin dəmir iradəsi qarşısında tab gətirə bilməyib geri çəkilsə də, köhnə faşist xislətini dəyişmir. Düşmən mülki obyektləri, dinc əhalini, yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.

Müharibənin başladığı 3 gündə rayonun yaşayış məntəqələrinə atılan mərmilər 100-dən çox evə, mülki tikiliyə müxtəlif dərəcəli zərər vurmuşdur. Sentyabrın 29-dan 30-na keçən gecə atılan artilleriya mərmilər təkcə Birinci Baharlı qəsəbəsində 25 evə zərər vurmuşdur. Evi artilleriya mərmisi ilə dağılan Birinci Baharlı qəsəbəsinin sakini Elşən Məmmədovla əlaqə saxlayıb baş verən hadisə ilə bağlı məlumat aldıq.

- Top mərmisi evimizi yararsız vəziyyətə salmışdır. Məkrli düşmən etdiyi xəyanət üçün elə məqam seçir ki, o zaman hamı evdə olur. Hadisə gecəyarısı baş verdi. Xoşbəxtlikdən gündüzdən ailə-uşağı nisbətən təhlükəsiz yerə köçürmüşdük. Bizim qəsəbədə xeyli evə zərər dəyib. Amma heç kəs uçurulub dağılan evlərə görə üzülmür. Bundan yaxşı da evlər tikə bilərik. Əsas məsələ ordumuzun qazandığı uğurlardır. İgid əsgərlərimizin döyüş meydanında göstərdikləri sücaət, qazandıqları zəfərlər bizə qol-qanad verir, sonsuz qürur bəxş edir. Biz 30 ildir ki, bu günü gözləyirdik. İndi inanırıq ki, qələbə yaxındadır. Tezliklə Ağdama qovuşacağımız o anı gözləyirik. Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna güvənirik!

Ağdamda döyüşlər intensiv xarakter alıb. Cəbhədən gələn qələbə soraqlı xəbərlər əhalidə yüksək əhvali-ruhiyyə yaradır.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2020.-2 oktyabr.- S.10.