Haqq davasında Zəfər bizimdir

 

Qarabağ cəbhəsində döyüşlər davam edir. Azərbaycan Ordusu bizi illərdir həsrətində olduğumuz böyük qələbəyə doğru addım-addım yaxınlaşdırır. Cəmiyyətimizdəki milli həmrəylik ruhu ilə tez bir zamanda zəfər qazanacağımıza hər birimiz əminik. Çünki Azərbaycanın apardığı bu dava haqq davasıdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz ölkəmizin ərazi bütövlüyü qədər, həm də həyatın ali dəyərlərindən olan ədalət uğrunda savaşırlar. Təcavüzkar Ermənistan ərazilərimizin 20 faizindən çoxunu 30 ilə yaxındır işğal altında saxlamaqla, milyonlarla soydaşımızı öz yurdundan didərgin salmaqla, o torpaqlarda ağlasığmaz vandalizm aktları törətməklə ədalət normalarını da pozur. Ədalət isə ümumbəşəri dəyərdir və onun müdafiəsi təkcə bir ölkəni və xalqı deyil, ümumilikdə bəşəriyyəti qayğılandırmalıdır.

 

 

Biz öz torpağımızda vuruşuruq

 

 

Düşmənin növbəti təxribatlarına qarşı əks-zərbə əməliyyatlarının başlandığı gün xalqa müraciətində də, cəbhə bölgəsində yaralanaraq hazırda hospitalda müalicə olunan hərbçilərimizlə görüşündə də Prezident İlham Əliyev bu məqamı xüsusi qeyd etdi: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq.

Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.

Azərbaycan dövləti illərdir ki, beynəlxalq tribunalardan dünyanı ədalətin qorunmasına dəstək olmağa çağırır. Bir xalqın digərinə qarşı işğalçılıq siyasətinin cavabı verilmədikcə bu siyasətin qorxulu xəstəlik kimi dünyada yeni-yeni faciələrə səbəb olacağının xəbərdarlığını edir. BMT kimi mötəbər bir təşkilat Ermənistanın təcavüzkar siyasətinə qarşı dörd - 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə də, dünyanın aparıcı ölkələrinin qəbul etdikləri bütün digər sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulanır. Əfsuslar olsun ki, beynəlxalq birlik ötən onilliklər ərzində bu qətnamələrin icrasına doğru real addımlar atmadı. Ermənistan silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxmasına deyil, münaqişənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verildi. Bu işin məsuliyyətini üzərinə götürmüş ATƏT-in Minsk qrupu isə ciddi bir nəticəyə nail ola bilmədi. Beləliklə, bu proses uzandıqca uzandı.

 

 

Döyüşə oğullar gedir

 

 

 

Hazırda Azərbaycanda bu münaqişə dövründə dünyaya gəlmiş böyük bir nəsil yetişib. Bu gün Vətənin ərazi bütövlüyü uğrunda döyüşə toy-bayram əhvali-ruhiyyəsində gedən balalarımız bu yeni nəslin təmsilçiləridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində igid ataların cəbhə bölgəsində apardıqları əks-hücum əməliyyatlarını bu gün onların igid oğulları davam etdirirlər. Azərbaycan dövləti Ermənistanın danışıqlar prosesini pozmaq üçün min bir fəndə əl ataraq münaqişə bölgəsindəki status-kvonu bundan sonra da illərlə qoruyub saxlamaq cəhdlərinə artıq dözmək fikrində deyil. Qeyd edək ki, status-kvonun qəbuledilməz olduğunu ATƏT-in Minsk qrupunun həmsədrləri qismində çıxış edən Rusiya, Fransa və ABŞ-ın dövlət başçıları da dəfələrlə bəyan ediblər. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır.

Bunu son günlər cəbhə bölgəsində baş verənlərlə bağlı "Rossiya-1” telekanalının "60 dəqiqə” proqramının suallarını cavablandırarkən Azərbaycan Prezidenti İlham Əliyev bir daha diqqətə çatdırdı. Dövlət rəhbərimiz Azərbaycanın danışıqlarda həmişə konstruktiv mövqe nümayiş etdirdiyini vurğuladı. Ölkəmizin illər boyu işlənib hazırlanmış, Minsk qrupununonun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə də, danışıqların formatına da sadiq olduğunu bir daha qeyd etdi: "Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, "Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər?”

 

 

Qarabağ Azərbaycandır!

 

 

Xatırladaq ki, ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplər mahiyyətcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin Azərbaycana verilməsini nəzərdə tutur. Çünki Ermənistan Dağlıq Qarabağ regionunun bütün ərazisini işğal etdikdən sonra ətraf rayonlarımızı da işğal etməklə "bufer zona” yaradıb. Bu zona işğal edilmiş Dağlıq Qarabağ ətrafında yerləşən Azərbaycan rayonlarını əhatə edir. Nəticədə Azərbaycanın Ermənistanla dövlət sərhədinin 70 faizindən çoxuİran İslam Respublikası ilə sərhədinin 160 kilometri hazırda işğalçı Ermənistanın nəzarəti altındadır. Bu işğalı həyata keçirənlər də, hazırda münaqişə bölgəsindəki mövcud statuskvonu qorumağa çalışanlar da Ermənistan hərbçiləridir. Təcavüzkar ölkənin yeni baş naziri Nikol Paşinyan isə hakimiyyətə gələndən az sonra belə bir sərsəm iddia irəli sürməyə başlayıb ki, "Qarabağ Ermənistandır” və danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılmalıdır. Bu sərsəm iddialara rəğmən, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində də, BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatlarında da bu münaqişədə məhz Ermənistan Respublikasının iştirakı etiraf olunur. Bu isə o deməkdir ki, Ermənistan bu münaqişədə bitərəf deyil, Azərbaycana qarşı hərbi təcavüzü, beynəlxalq cinayəti həyata keçirən tərəfdir. BMT Baş Məclisinin 1974-cü ildə keçirilən 29-cu sessiyasında isə təcavüzün istənilən forması (birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilib. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. İşğalçı Ermənistanın BMT-nin Nizamnaməsini, digər beynəlxalq hüquq normalarını pozaraq sülh danışıqlarının artıq 20 ildən bəri mövcud olan formatını dəyişmək və status-kvonu qorumaq cəhdlərinin qarşısı alınmalıdır. İşğalçı ölkənin son aylar cəbhə xəttində törətdiyi davamlı təxribatlar da buna xidmət edirdi. Son günlər cəbhə xəttində baş verən proseslərə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. İşğalçı Ermənistanın davranışları, ölkə rəsmilərinin verdikləri bəyanatların xronologiyası onların bu təxribata şüurlu şəkildə getdiklərini göstərirdi. Ermənistanın müharibəyə hazırlaşmasını və onu dayandırmağın zəruriliyini Azərbaycan Prezidenti elə bu günlərdə BMT Baş Assambleyasındakı çıxışı zamanı da nəzərə çatdırmışdı. 30 il ərzində olduğu kimi yenə də beynəlxalq qurumlar tərəfindən əməli addımlar atılmadığından Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə aldı. 2016-cı ildəki Aprel zəfərindən sonra Şanlı Ordumuz Ermənistana daha böyük sarsıdıcı zərbə vurdu.

 

 

Azərbaycan əsgəri zəfərləri ilə işğal yaralarını sağaldır

 

 

Bu əməliyyatlarda beynəlxalq hüquq normaları məhz bizim tərəfimizdədir. BMT Nizamnaməsinin 25-ci maddəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsinin icbari xarakter daşıdığı göstərilib. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə qeyd-şərtsiz qaydada çıxarılması tələbi öz əksini tapıb. Bu baxımdan həm BMT Nizamnaməsinin 25-ci maddəsini, həm də 51-ci maddəsini əsas götürərək, Azərbaycan dövləti işğal altında olan torpaqlarını hərbi yolla geri qaytarmaq hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüququn prinsiplərinə tamamilə uyğundur.

Əgər Ermənistan 30 il ərzində öz işğalçı mövqeyindən geri çəkilmirsə, bütün imkanları münaqişənin həllindən çox mövcud vəziyyətin qorunmasına yönəldirsə, Azərbaycanın öz torpaqlarının azadlığı üçün hərbdən başqa yolu qalmır. Torpaqlarımızın işğalı və böyük bir dövr ərzində işğal altında saxlanması, təbii ki, səfalət içində yaşayan, əhalisinin sayı getdikcə azalan, öz sərhədlərini belə qorumaq üçün başqa bir ölkənin köməyinə bel bağlayan Ermənistanın hünəri deyil. 30 il əvvəl işğal planını güclü havadarların əli ilə gerçəkləşdirmişdi. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan xaos, siyasi böhran, ayrı-ayrı silahlı qruplaşmalar arasındakı hakimiyyət davaları da torpaqlarımızın itirilməsində böyük rol oynamışdı. Bu gün Azərbaycan əsgərinin hər qarışı uğrunda canınından keçdiyi, günlərlə ölüm-dirim savaşı apardığı kəndlərimizin, şəhərlərimizin o illərdə hansısa hakimiyyət hərisinin cılız iddialarına görə bir-birinin ardınca düşmənə verilməsini xatırlamaq çox ağır hissdir. Bu münaqişə həmin illərdə yaranmış vəziyyəti fürsət bilərək torpaqlarımızı işğal etmiş, təkcə Azərbaycan xalqına qarşı deyil, ümumən, bəşəriyyətə qarşı Xocalı faciəsi kimi qanlı cinayətlər törətmiş işğalçıların bağrımıza vurduqları yaradır. İgid döyüşçülərimiz bu gün apardıqları haqq savaşı ilə o yaranı da sağaldırlar. İllər əvvəl içimizdəki düşmənlərin tariximizə vurduqları ləkəni təmizləyirlər. Bununla həm də bir daha sübut edirlər ki, heç bir işğalçı ölkə zamanın ədalət mühakiməsindən qaça bilməyəcək və bu aqibət indi təcavüzkar Ermənistanı da haqlamaqdadır.

 

 

Faşist xislətinə sadiq düşmən

 

 

Yaralı hərbçilərimizlə görüşü zamanı Ali Baş Komandan dedi: "Azərbaycan öz doğma torpağında vuruşursiz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında - Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.

Ermənistan son hərbi əməliyyatlarda da yenə cinayətkar, faşist xislətinə uyğun davranır. İşğalçı ölkənin hərbçilərinin silahlı münaqişələrin aparılması qaydalarına məhəl qoymadan Azərbaycanın dinc əhalisini atəşə tutması, cəbhəboyu ərazilərdə yaşayan silahsız, mülki şəxslərin öldürülməsi bunun bariz təsdiqidir. Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrini günlərdir ki, müxtəlif çaplı silahlardan intensiv atəşə tutur. Düşmənin bizim yaşayış məntəqələrimizi, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır. Müharibə hər nə qədər tərəflərin bir-birinə qarşı silahlı güc tətbiqi olsa da, onun öz qayda-qanunları var. Hərbi əməliyyatlar vəhşilik həddinə gəlməməlidir. Cenevrə Konvensiyasına görə hərbi münaqişələr zamanı xüsusilə mülki əhali arasında itkilərə səbəb olacaqmülki obyektlərə zərər vura biləcək hücumlar qadağandır. Ermənistanın günlərdir mülki insanlarımızı hədəfə alması, hətta məktəbliləri qətlə yetirməsi isə göstərir ki, 1992-ci ilin fevralında Xocalıda azərbaycanlı mülki şəxslərə qarşı törədilmiş soyqırımı vəhşilikləri bu gün də Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır. Bunun özü müvafiq beynəlxalq hüquq normalarına əsasən, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiqi aktıdır. İşğalçı ölkə bütün bu hərbi cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməli olacaq. Bu vəhşiliklərə göz yuman, Ermənistanın bəşəri cinayətlərini dəstəkləyən başqa hər kəs də əli azərbaycanlı körpələrin qanına batmış müttəhimlərlə tarixin haqq-hesab anında yanaşı olacaq. Çünki Ermənistan kimi beynəlxalq cinayətkara hər hansısa şəkildə dəstək vermək regionda sülhə, sabitliyə qarşı çıxmaqdır. İnkişafın qarşısını almaqdır. İnsan faciələrinə, təcavüzkar qonşumuzun quldur əməllərinə şərik olmaqdır.

 

 

Quldur dövlətə dəstək olanlar bəşər qarşısında da hesab verəcəklər

 

 

Bütün gərgin zamanlarda, sınaq məqamlarında olduğu kimi, bu gün də Azərbaycanın yanında duran, qardaş əlinin həyanını, doğma sözlərinin ruhlandırıcı gücünü bir an belə əskik etməyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Böyük Millət Məclisinin tribunasından bəyan etdiyi kimi, bu regionda davamlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir: "Ermənistan hakimiyyətini hər şeyi bir kənara qoyub, təkidlə Türkiyəyə böhtan atmaq cəhdləri də xilas etməyəcək. Bu quldur dövlətə dəstək verənləri bəşərin vicdanı qarşısında hesab verəcəkləri barədə xəbərdar edirəm. Rəbbim azərbaycanlı qardaşlarımızın yar və yardımçısı olsun!”

Azərbaycan Ordusu ötən onilliklər ərzində döyüş meydanında, səngərlərdə gücləndiyi kimi, Azərbaycan dövlətinin də diplomatik arenada mövqelərini möhkəmləndirməsi sayəsində bu gün haqlı mövqeyimizə dəstək verənlər daha çoxdur. Artıq bütün dünya Dağlıq Qarabağ münaqişəsində haqq-ədalətin, beynəlxalq hüquq normalarının kimin yanında olduğunu gözəl bilir. Ermənistan rəhbərliyi isə Azərbaycanın son sarsıdıcı zərbələrindən sonra isterik vəziyyətdə müxtəlif ünvanlara üz tutur. Müzəffər Ordumuzun rəşadəti qarşısında müqavimət gücü artıq tam tükənməkdə olduğundan hərbi əməliyyatların mümkün qədər tez bir zamanda dayandırılması üçün acizcəsinə kömək istəyir. Tarixboyu başqalarının əlində alət olduğunu, heç zaman öz taleyinə sahiblik edə bilmədiyini miskin davranışları ilə növbəti dəfə sərgiləyir. Eyni zamanda öz cılız mahiyyətindən irəli gələrək cəbhə xəttində olduğu kimi, informasiya savaşında da ağlasığmaz uydurmalara əl atır. Bura Azərbaycanın, guya, Suriyadan muzdlu döyüşçülər gətirməsi, yaxud Türkiyə hərbçilərinin bu münaqişədə iştirakı barədə saxta xəbərlərin dövriyyəyə buraxılması da daxildir. Ermənistan rəhbərliyinin bu cür iddialarla özünü necə gülünc vəziyyətə qoyduğunu, Azərbaycan Prezidentinin isə siyasətdəki mükəmməlliyini "Rossiya-1” kanalına müsahibəsi zamanı hər kəs gördü. Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. "Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.

 

 

Bizim yalnız bir şərtimiz var

 

 

Ermənistanı bu çarəsiz durumdan xilas etməkdən ötrü döyüşlərin dayandırılması xahişi ilə dövlət rəhbərliyimizə ardıcıl müraciətlər edən beynəlxalq təşkilatlar, xarici ölkələrin başçıları isə bu dəfə qarşılarında başqa bir Azərbaycanı görürlər. O Azərbaycanı ki, artıq kənardan verilən ümidlərə bel bağlamaq niyyətində deyil və irəli sürdüyü yeganə şərtə əməl edilməyənə qədər qılıncı qınına qoymayacaq.

Ali Baş Komandan cənab İlham Əliyevin bəyan etdyi kimi, "Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib”.

Azərbaycan xalqı bütün varlığı ilə bu gün Ordumuzun, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının yanındadır. Belə bir həmrəyliklə illərdən bəri həsrətində olduğumuz böyük Zəfər tezliklə bizim olacaq.

 

 

 

 

Nurlana ƏLİYEVA,

BSU-nun rektoru,

YAP Qadınlar Şurasının sədri, professor

Azərbaycan.-2020.- 3 oktyabr.- S.1;7.