Xankəndi vahiməyə düşüb

 

Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu artıq açıq etiraf edən ermənilər bu ərazidən kütləvi qaçırlar

 

 

Ermənilərin sentyabrın 27-dən başlayaraq təmas xəttində həyata keçirdikləri təxribatların qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğalçı ölkəyə sarsıdıcı zərbələr vurmaqda davam edir.

Ermənistanda hesab edilir ki, bu müharibə ölkəni daha böyük problemlərə düçar edəcək. Onu da anlayırlar ki, artıq həm hərb, həm də diplomatiya cəbhəsində Azərbaycana indi daha böyük fərqlə uduzmağa başlayıblar.

Cəbhə xəttində baş verənlərlə bağlı erməni mətbuatında davamlı olaraq məlumatlar paylaşılır. Qeyd olunur ki, son bir həftə ərzində Ermənistana köç edən əhalinin sayı 20 mini ötüb.

 

 

"Gedənlər gedir, qalanlar isə həyəcan keçirir

 

 

Xankəndidən reportaj hazırlayan "Joxovurd” qəzetinin jurnalisti əhalinin evlərini tərk etməsini, hərbi postların isə boş qaldığını bildirib. Vurğulayıb ki, Stepanakert (Xankəndi-red.) cəhənnəmi xatırladır. Küçələr boş, şəhəri tərk edənlərin sayı hər gün artmaqdadır. Bölgədə qalan tək-tük ermənidən müsahibə alan müəllif qeyd edib ki, Azərbaycan Ordusu çox qəzəblidir. Onların qarşısını almaq çox çətin olacaq. Ermənistan ordusu çöküb, əsgərlər isə qaçır.

"4rd.am” saytının Xankəndidən hazırladığı reportajda insanların qorxu içərisində olduğu yazılır. Bildirilir ki, Yerevandaya digər şəhərlərdə qohumları olanlara bir çoxu həsəd aparır. Gedənlər gedir, qalanlar isə günləri zirzəmilərdə keçirirlər. Xankəndidə adamı Qaqik Muxtaryan sosial şəbəkədəki paylaşımlardan birində deyib ki, Azərbaycan tərəfinin endirdiyi zərbələr onları qorxuya salıb: "Çox narahatıq. Başqa heç bir şey haqqında düşünə bilmirik. Hər gün əsgərlərimiz ölür. Bütün bunlar bizdə böyük xof yaradıb.

 

 

 

"Paşinyan istefa verməyə məcburdur”

 

 

"Armenianweekly.com” saytı yazır ki, cəbhədə gedən döyüşlərdəki ilkin nəticələr onu deməyə əsas verir ki, Ermənistan baş naziri Nikol Paşinyan baş verənlərdən sonra istefa verməyə məcburdur: "Ordumuz ağır məğlubiyyət almaqda davam edir və rəqib uzun illərdir möhkəmləndiyimiz strateji əhəmiyyətli yüksəklikləri, kəndləri tutdu. Bizi aldatmağa davam edirlər ki, strateji əhəmiyyətli yüksəkliklər bizdədir. İtkilərin həqiqi sayını gizlədirlər, hərçənd həqiqəti gizlətmək mümkün deyil. Azərbaycan tərəfi aşağı-yuxarı rəqəmləri açıqlayıb. Xüsusən rəhbərlik bizi həmişə inandırırdı ki, rəqibin təhdidləri boş sözlərdir. Onlar bizi aldadırdılar ki, Rusiya Azərbaycanın açıq hücumlarına imkan verməyəcək. Amma hər şey tamam fərqli oldu”.

Yazıda bir çox beynəlxalq təşkilatların fikirləri Ermənistan üçün çox təhlükəli adlandırılıb: "Qeyd olunur ki, münaqişənin həlli üçün Ermənistanın qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı və torpaqlar Bakıya qaytarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti hadisələrin bu cür təhlükəli gedişinə hazır deyil. Təhlükənin dərəcəsi artmaqda davam edir”.

 

 

Şuşa hospitalı yaralılarla doludur

 

 

 

Ermənilər sosial şəbəkələrdə də Yerevan rejiminə etiraz edirlər. Ermənistanın "İravnyuk” qəzeti cəbhə xəttində baş verən hadisələrdən sonra sadə ermənilərin Paşinyan hakimiyyətinə qarşı sərt fikirlərini səsləndirib. Sadə ermənilər müharibə istəmir və Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edirlər. Məsələn, fikirlərin birində deyilir: "Niyə anlamırdıq ki, Azərbaycanın ərazilərini ələ keçirsək də, onu həmişəlik saxlaya bilməyəcəkdik. Bizi dünyada it yerinə sayırlar. Biz it yox, insanıq”. Başqa bir misal: "Döyüşlərlə bağlı bizə verilən məlumatlara inanmayın. Hamısı yalandır. Azərbaycan əsgərləri postları ələ keçirəndə rəsmi qurumlar bu barədə bir kəlmə də danışmadılar. Biz daha nəyi bilmirik?! Müdafiə Nazirliyinin dediklərinə inanırsınız? Bu axmaq yalan danışıqlara nə vaxt son qoyacaq?”

Bu arada Ermənistan ordusunun mindən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran "4rd.am” saytı işğal altındakı Şuşa hospitalına istinadən qeyd edir ki, bura yüzlərlə yaralı gətirilib. Öldürülənlər arasında əsgərlərlə yanaşı, kiçikböyük rütbəli zabitlər də var. Avtomobillər, ağır zirehli texnika, artilleriya qurğuları məhv edilib.

 

 

Separatçı rejimin rəhbəri Xankəndidən qaçıb

 

 

Ermənilərin sosial şəbəkələrdə yaydıqları məlumatlarda bildirilir ki, hətta separatçı rejimin rəhbəri Araik Arutyunyan da Xankəndini tərk edib. Ermənilər deyirlər ki, o hazırda Ermənistandadır.

Sosial şəbəkələrdə erməni gənclər açıq şəkildə bəyan ediblər ki, Qarabağ onlara lazım deyil: "Özünü prezident təyin edən qorxaq Arutyunyan indi qaçıb gedib Ermənistana. Yenə deyir ki, bizə kömək edin. İndiyədək özləri üçün kef edənlərin sonu belə olmalı idi. Onlara bu da azdır. Qarabağda özləri üçün klan qurublar, bu alçaqlara görə sadə erməni əhalisi əziyyət çəkir”.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 3 oktyabr.- S.1;5.