Azərbaycan öz torpaqlarını havadarlarının kimliyindən asılı olmayaraq, işğalçı ermənilərdən azad edəcək

 

Tovuz təxribatı törədildi. Ermənistan layiqli cavabını aldı, bu gün isə cəzasını çəkir. Təxribatın törədilməsində regionda birbaşa marağı etiraf olunan üçüncü ölkə - Rusiyanın iştirakı məsələsi gündəmə gəldi. Ancaq heç kəs düşünmədi ki, bu təxribatın arxasında Fransa dayanır və onun bu ssenarisi, həm də dolayısı ilə Rusiyanın özünün əleyhinə yönəlib.

AZƏRTAC xəbər verir ki, bu sözlər YAP-ın Mətbuat Xidmətinin rəhbəri, Əməkdar jurnalist Hüseyn Paşayevin məqaləsində yer alıb. Müəllif fikirlərini davam etdirərək yazır:

Hələ iyul hadisələrinin qızğın müzakirə olunduğu bir vaxtda belə iddianı irəli sürənlər bu barədə regionda marağı olan ölkələrin kəşfiyyat orqanlarında təkzibolunmaz faktların mövcudluğunu önə çəkirdilər. Məqsəd Ermənistan tərəfindən torpaqlarımızın işğalını tam dayanıqlı etmək, iqtisadi-siyasi, geostrateji əhəmiyyətini sadalamağa ehtiyac duyulmayan enerji xətlərinin vurulması ilə Azərbaycan, həm də Türkiyəyə ağır zərbələr endirilməsi, Qarabağ ətrafında region ölkələrinin qarşıdurmasını yaratmaqla, həm düşmən saydığı Türkiyəni, həm də Avropanın başağrısına çevrilmiş Rusiyanı taqətdən salmaq, eyni zamanda, Ankara-Moskva müttəfiqliyini parçalamaq idi.

İyul təxribatı baş tutmadı. Azərbaycanın işğal altında olan torpaqlarına aylardır Livan, Suriya ermənilərinin, muzdlu PKK tör-töküntülərinin daşınması və Yerevanın müharibə hazırlıqları barədə ən yüksək səviyyələrdə həyəcan siqnalı çalınır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə bütün diplomatik kanallar vasitəsilə xəbərdarlıq etmiş, ən ali tribunadan – BMT Baş Assambleyasının sammitində də dünya ictimaiyyətini məlumatlandırmışdı. Bu qədər terrorçunun işğal altındakı torpaqlarımıza daşınması, onların saxlanması xərci, Kim Kardaşyan kimi xidməti müqabilində tələb olunan iri məbləğləri acından ölən Ermənistanın ödəməsi təbii ki, mümkünsüzdür. Maliyyənin erməni lobbisi təşkilatlarının əli ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi – Fransa tərəfindən ödənilməsi barədə iddialar Prezident Makronun canfəşanlığı fonunda həqiqət payını daha da artırdı.

Sülh prosesini tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa bu gün Yerevandan daha çox hay-həşirdədir. Öz doğma, müqəddəs torpaqlarını azad etmək iradəsini ortaya qoyan Azərbaycanı terrorçularla işbirliyində suçlamağa cəhd edən Fransa bu işdə Türkiyənin də vasitəçiliyi barədə dəlilsiz, sübutsuz bəyanatlar səsləndirir. Məqsədləri hər kəsə bəllidir.

Afrikanın ucsuz-bucaqsız çöllərindən qovulmuş Fransa müstəmləkəçiləri bu gün Yaxın Şərqdə səlib yürüşünə başlayıb. Bu səlib yürüşünün qarşısında isə əzəmətli Türkiyə var. Bu gün Paris bütün resurslarını Türkiyəyə qarşı yönəldib. Türkiyənin haqq səsinə qarşı yunanları hər vasitə ilə dəstəkləyən makronlar-makranyanlar bu gün burunlarını Qafqaza soxmaq istəyirlər. Ancaq unutmasınlar, Azərbaycan öz haqq işi uğrunda müharibə aparır. Azərbaycan öz torpaqlarını havadarlarının kimlərin olmasından asılı olmayaraq, mənfur ermənilərdən azad edəcəkdir.

Məkkə, Mədinə müsəlman dünyası üçün nə deməkdirsə, Şuşa, Ağdam, Füzuli, Xankəndi bizim üçün, Türk dünyası üçün o mənanı daşıyır. Bu gün Şuşa bizim Məkkəmiz, Xankəndi Mədinəmizdir. Azərbaycan əsgəri hələ də qanı axan, yarası qaysaq bağlamayan Xocalının qisasını alacaqdır. Şanlı Azərbaycan əsgəri Ağdamımızın qürurunu özünə qaytaracaq, Şuşamızda muğam səslənəcəkdir.

Hər bir azərbaycanlı Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın "Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusunun çox da uzaqda olmadığına əmindir.

Qoy, makronlar, petrosyanlar, paşinyanlar və başqa "yanlar” da tam əmin olsunlar: Murov yüksəkliklərində üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı İlham Əliyev Zirvəsi hər bir türkün ziyarətinə gedəcəyi müqəddəs məkan olacaqdır.

 

Azərbaycan.-2020.- 3 oktyabr.- S.11.