Ağdamda məcburi köçkün qəsəbəsi artilleriya atəşinə tutulub

 

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Erməni hərbçilərinin müharibə cinayətləri nəticəsində mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur.

AZƏRTAC-ın cəbhə zonasına ezam olunmuş bölgə müxbiri xəbər verir ki, düşmənin növbəti hədəfi məcburi köçkünlər üçün salınmış Ağdamın Birinci Alıbəyli qəsəbəsi olub. Oktyabrın 1-dən 2-nə keçən gecə qəsəbə ərazisinə 6 mərmi düşüb. Nəticədə qəsəbədə bir nəfər əlindən yaralanıb, məcburi köçkünlərin yaşadığı bir ev dağılıb, mal-qaraya, kənd təsərrüfatı texnikasına, qəssabxanaya ziyan dəyib.

Qəsəbə sakini Sarı Allahverdiyev: Gecə evimizdə yatmışdıq. Güclü partlayış səsinə ayıldıq. Gördük evin içi uçub tökülüb. Mərmi digər otağa düşüb. Xoşbəxtlikdən sağ qalmışıq. Düşmən yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutur. Ancaq bununla heç nəyə nail ola bilməyəcək. Ordumuz erməni işğalçılarını torpaqlarımızdan birdəfəlik qovub çıxaracaq.

Sakin Eyvaz Hüseynov: Gecə idi. Ailə üzvlərim evdə olub. Mən isə evə gəlirdim. Darvazanın yanına çatanda şiddətli partlayış oldu. Yerə yıxıldım. Baxdım ki, əlimdən qan axır. Evə qaçdım, şükür Allaha ki, ailə üzvlərimizə heç nə olmayıb.

Sakin Ədalət Mirzəyev: Gecə qəsəbəyə atılan mərmilərdən biribizim evin yaxınlığında partlayıb. Mən özüm müharibə veteranıyam. Silah-sursatı yaxşı tanıyıram. Qəlpələrdən və mərmi düşən yerdəki izlərdən məlum olur ki, düşmən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəş açıb. Qəlpələrdən biritraktoru zədələyib. Qardaşım da ordudadır. Mən də könüllü olaraq döyüşə getmək üçün müraciət etmişəm. Növbəm çatan kimi cəbhəyə yollanacağam. İnşallah qələbə bizim olacaq.

 

Azərbaycan.-2020.- 3 oktyabr.- S.9.