Azərbaycan Qarabağda tarixi ədaləti birdəfəlik bərqərar edəcək

 

Azərbaycan dövləti sentyabrın 27-dən cəbhə boyu həyata keçirdiyi hərbi əməliyyatlarla Ermənistanın təxribatlarına qarşı hansı səviyyədə cavab vermək imkanını bütün dünyaya nümayiş etdirdi. Hər gün cəbhədən sevindirici xəbərlər eşidirik. Düşmənin ön xətti yarılıb, işğal altında kəndlərimiz, o cümlədən strateji yüksəkliklər azad edilib, Ermənistanın həmin ərazilərdəki qüvvələri Azərbaycanın müasir döyüş imkanları ilə ciddi şəkildə sıradan çıxarılıb.

Aktiv yeni hərbi əməliyyatların başlaması birdən-birə baş vermədi. Xüsusən son bir ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslərin məntiqi yekunu Azərbaycanın hərbi yolla ərazilərini işğaldan təmizləməsinə gətirib çıxardı. Əlbəttə, rəsmi Bakı problemin danışıqlar yolu ilə həlli prosesindən heç vaxt yayınmayıb və cənab Prezident İlham Əliyev bu istiqamətdə həmişə konstruktiv mövqe nümayiş etdirib.

Lakin Ermənistan rəhbərliyinin yürütdüyü siyasət danışıqların aparılmasını tamamilə mənasız etmişdi. Belə ki, hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlara zidd olan açıqlamalar verən, formatın dəyişdirilməsindən, separatçı rejimin danışıqlara cəlb olunmasından dəm vuran Ermənistanın baş naziri Nikol Paşinyan daha sonra tarixin ironiyası nəticəsində tutduğu vəzifənin eyforiyasından ruhlanaraq regional siyasətdə köklü dəyişikliklər etmək eşqinə düşdü. Xüsusən son bir ildə onun verdiyi bəyanatlar göstərdi ki, Ermənistanın həyata keçirdiyi siyasət, ümumiyyətlə, danışıqların mahiyyətinə və məzmununa uyğun deyil. "Qarabağ Ermənistandır” bəyanatı, Azərbaycanın qarşısında qoyulan 7 şərt, "Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürülməsi kimi sərsəm addımlar və nəhayət, bu ilin iyulunda Tovuza hücum etmələri bu ölkə ilə sivil danışıqları tamamilə mənasız hala gətirdi. Bunların davamı kimi avqustda Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, Ermənistanda könüllü hərbi birliklərin yaradılması təsdiqlədi ki, Ermənistan problemin həllində bütün konstruktiv yanaşmalardan uzaqdır. Üstəlik, cəbhə xəttinə yeni hərbi qüvvələr cəmləməsi bu ölkənin yeni işğalçılıq niyyətlərindən xəbər verirdi.

Cənab Prezident İlham Əliyev bununla bağlı BMT-ni, ATƏT-in Minsk qrupunun həmsədrlərini zamanında xəbərdar etmişdi. Son olaraq İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələri ətrafında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşdığı ilə bağlı xəbərdarlıq etmişdi. O cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüş zamanı kəşfiyyat məlumatlarına əsasən Ermənistanın çox ciddi hərbi hazırlıqlar həyata keçirdiyini, hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşdirdiyini demişdi.

Azərbaycan Prezidenti eyni zamanda başqa bir xəbərdarlığını da edərək bildirmişdi ki, əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Budur, Azərbaycan Ermənistanı sözün əsl mənasında peşman etməkdədir. Erməni mənbələri nə qədər gizlətməyə çalışsalar da, hər gün bu ölkənin şəhər və kəndlərinə saysız-hesabsız əsgər meyitləri gedir, xəstəxanalarda yaralı əlindən yer qalmayıb.

İnsanlıqdan uzaq olan N.Paşinyan erməni ordusunun "intellektual orduolduğunuaz qala hər bir erməni əsgərinin qeyri-adi döyüş qabiliyyətinin olması ilə bağlı illüziyalar uydurmağa başlamışdı. Amma reallıqlar nədən ibarətdir. Döyüşlərin getdiyi günlər ərzində bu "intellektual ordu” darmadağın oldu. Erməni əsgərləri silahlarını ataraq döyüş bölgələrini qoyub ağlaya-ağlaya qaçmağa başladılar. 27 il ərzində dağlıq ərazilərin strateji yüksəkliklərində möhkəmləndirdikləri istehkamları və digər mühəndis-texniki qurğuları vasitəsilə müdafiə olunmaqlarına baxmayaraq, qəhrəman Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. Sual olunur: Bu idimi Paşinyanın intellektualları? Bir-birinin ardınca aldığı zərbələrdən sonra bütün dünya ölkələrinin başçılarına yalvarır ki, amandı bizi xilas edin, bizi qırırlar. İşğalçı olduqlarından danışmır, lakin problemə dini don geyindirməyə cəhd edir.

Ermənistanda ümumi səfərbərlik elan olunmasına baxmayaraq, itkilərin əvəzini doldurmaq üçün əsgər tapmaqda çətinlik var. Sıravi ermənilər isə Qarabağ uğrunda döyüşmək arzusundan uzaqdırlar. Erməni mətbuatında guya insanların könüllü şəkildə Qarabağa getmək istəmələri barədə bəhs olunanlar isə yalançı təbliğatdan başqa bir şey deyil. Ona görə Paşinyan 55 yaşına kimi kişilərin ölkədən çıxışına qadağa qoyub. Kişi tapılmadığından ölkənin müdafiə nazirliyi tərəfindən qadın batalyonunun yaradılmasına başlanılıb.

Qeyd etdiyim kimi, bu günlərdə Paşinyanın zəng etmədiyi dövlət və hökumət başçısı qalmayıb. Lakin problemə bələd olan dövlətlər və təşkilatlar yaxşı bilirlər ki, Azərbaycan öz ərazilərinin azadlığı uğrunda mübarizə aparır. Yaxşı bilirlər ki, Azərbaycan 27 ildir kağız üzərində qalan BMT qətnamələrinin, ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqların tələblərinin yerinə yetirilməsi, beynəlxalq hüququn normalarının təmin olunması uğrunda mübarizə aparır. Ona görə hansısa dövlətin və təşkilatın bu günlərdə qeyri-konstruktiv davranışı işğala və işğalçıya dəstək verilməsindən başqa bir şey ola bilməz.

Olduqca sevindirici haldır ki, bu günlərdə biz Türkiyə dövlətinin, o cümlədən Pakistanın, Ukraynanın Azərbaycana möhkəm dəstəyinin şahidi olduq. Lakin Fransa Prezidenti Emmanuel Makronun hərbi əməliyyatların başladığından bəri tutduğu mövqeverdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddirneytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Münaqişəni sülh yolu ilə həll etmək üçün yaradılmış ATƏT-n Minsk qrupunun həmsədri olan bu ölkənin rəhbərliyinin qərəzli mövqeyi qətiyyən qəbuledilməzdir. Makron bütün davranışları ilə özünə oxşayan Paşinyana elçilik etməklə, daha da çox qan tökülməsinə səbəb olur.

Fransa qədim dövlətçilik ənənələri olan dövlətdir. Lakin Makronun açıqlamaları göstərir ki, o, Avropanın belə bir dövlətinə başçılıq etmək üçün tələb olunan siyasi və mənəvi keyfiyyətlərə malik deyil. Aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqına başucalığı gətirmir. Sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən bir adamın Fransa kimi dövlətə rəhbərliyi təəssüf doğurur. Təbii ki, onun bu addımları həm də Fransada yaşayan ermənilərin gələcək seçkilərdə səsinin alınmasına hesablanıb. Lakin proseslər göstərir ki, Makronun seçildiyi vaxtdan bəri Fransa gərgin daxili problemlərlə üzləşib. "Sarı jiletlilər”in nümayişi buna misaldır. Təbii ki, Makron növbəti dəfə prezident seçilməyəcək, ermənilər isə həmişə olduğu kimi, alət rolunu oynayacaqlar.

Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan bu gün tarix yazır, dövlət müstəqilliyini möhtəşəm uğurlarla şərəfləndirir. Bütün bunların müəllifi isə Prezident İlham Əliyevdir. Azərbaycanın yolu haqq yolu, Qələbə yoludur. Bu yolun sonu işğal edilmiş bütün ərazilərimizin azad edilməsi və beləliklə, tarixi ədalətin bərpa olunmasıdır. Tanrı Ordumuzu qorusun!!!

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.7.