Əsgərlərin sırasında olmaqdan məmnunam

 

Bu gün hər kəsin ürəyi Azərbaycan əsgəri ilə bir döyünür. Cəbhədən gələn sevinc dolu xəbərlər qürur verir, qələbəyə inamımızı artırır.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səfərbərliklə əlaqədar imzaladığı sərəncam ürəyimizdən xəbər verdi. Tibbi xidmət kapitanıyam. Cəbhəyə könüllü yazılanlar sırasında mən də yer aldım. Fikirləşirəm ki, bu gün mən döyüş meydanında daha çox lazımam. Yaralı döyüşçülərə ixtisaslı tibbi yardım göstərmək üçün döyüş meydanında olmaq çox vacibdir.

Artıq bir neçə gündür ki, cəbhədəyəm. İftixar hissi ilə deyə bilərəm ki, əsgər və zabitlərimizdə döyüş ruhu, qələbə əzmi çox yüksəkdir. Nisbətən yüngül yaralananlar ilk tibbi yardımdan sonra dərhal səngərə qayıdıb döyüşlərə davam edir. Bu, çox qürurvericidir. Vətən torpaqlarını erməni işğalından azad etmək, düşməndən layiqli qisas almaq həvəsi ilə alışıb-yanan əsgərlərimizin sırasında olmaqdan çox məmnunam.

 

Orxan ABIŞOV,

Tibbi xidmət kapitanı, könüllü

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.8.