“...Müsəlləh əsgərəm mən də bu gündən”

 

Düşmən olsan da belə hər şeyin həddi, hüdudu var. Tarix sübut etmişdir ki, bu hüdudu gözləməyənlərin aqibəti faciə ilə başa çatır. Faşist Almaniyasının başında durub dünyaya ağalıq etmək iddiasında olan Adolf Hitler də ağlagəlməz müharibə cinayətlərinə sərəncam vermişdi, amma aqibəti hamıya məlumdur.

Neyləyəsən ki, bəşər sivilizasiyasının bu çağında - XXI əsrdə, insan şüurunun, intellektinin pik nöqtəyə çatdığı indiki zamanda belə hallar qalmaqda davam edir. Özübu qədər iyrənc bir şəkildə, müasir dünyanın gözləri qarşısında. Özlərinə rəva bilmədiklərini Azərbaycan xalqına rəva görən dünyanın güc mərkəzləri, aparıcı dövlətləri isə Ermənistana "dur” demədilər.

30 ilə yaxındır ki, Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağ mənfur erməni qoşunlarının tapdağı altındadır. Vandallar həmin ərazilərimizdəki tarixi abidələrimizi, məscidlərimizi, qəbiristanlarımızı, mədəniyyət ocaqlarımızı söküb dağıdır, təhqir edir, yaşayış yerlərinin adını dəyişirlər. Məhv etdiklərini edir, qalanını da öz adlarına çıxırlar. Onlar bir sıra xarici şirkətləri işğal etdikləri ərazilərə dəvət etməklə təbii sərvətlərimizi talayıb aparırlar. Xaricdə yaşayan erməni lobbilərinə, digər havadarlarına arxalanan Ermənistanın hakim dairələri get-gedə azğınlaşır, məsuliyyətsiz, sərsəm bəyanatlar verir, dünyanı öz yalanları ilə çaşdırmağa çalışırlar.

Sentyabrın 27-də səhər saat 6 radələrində ərazilərimizi atəşə tutan mənfur düşmən bizi Vətən müharibəsinə qalxmağa məcbur etdi. Yüksək səviyyədə hərbi hazırlığı olan Azərbaycan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə əks-hücuma keçdi. Özünü məğlubedilməz ordu kimi qələmə verən erməni silahlıları sarsıdıcı zərbələrdən geri çəkilməyə başladılar. Düşmənin çoxlu sayda müxtəlif atəş nöqtələri susduruldu, texnikası sıradan çıxarıldı, canlı qüvvəsi məhv edildi, bir sıra yaşayış məntəqələrimiz, strateji əhəmiyyətli yüksəkliklər alındı.

Qarabağın işğaldan azad olunmasına başlanması hamıda böyük ruh yüksəkliyi yaratdı. İndi hər bir gənc, ehtiyatda olan hərbi mükəlləfiyyətli vətəndaşlarımız döyüşə girmək, Vətənin müdafiəsinə öz payını vermək istəyir. Belə gənclərdən biriSalyan rayonunun Şorsulu kənd sakini Qubad Cavadovdur. O, bir il öncə əsgəri borcunu yerinə yetirərək dədə-baba ocağına qayıdıb. Zəhməti, alın təri ilə təsərrüfat qurub, ev tikməyə başlayıb. Arzuları böyükdür. Öz təsərrüfatını genişləndirmək, ailə qurmaq haqqında fikirləşir. Dövlət başçısının qismən səfərbərlik haqqındakı sərəncamı on minlərlə gəncimiz kimi, Qubadın da ürəyincə oldu. "Vətən olmasa, ev-eşik, yurd-yuva da olmaz!” deyib Vətənin müdafiəsinə yollandı. Təkcə Qubad deyil, Şorsulu kəndinin digər gəncləri də bu ruhdadır.

Bu vətənpərvərlik hissini bütün rayonlarımızda, qəsəbə və kəndlərimizdə görmək olar. Gənclərimiz də, onları cəbhəyə yola salan valideynlər də Vətənin çağırışına böyük coşqu ilə cavab verirlər. O cümlədən lerikli gənclər böyük ruh yüksəkliyi ilə cəbhəyə yola düşürlər. Şaiq İbrahimov Aprel döyüşlərinin iştirakçısıdır. Vətənin çağırışına səs verərək cəbhəyə getməyi özünə borc bildiyini söyləyən Şaiqi, oğlu Azər Quliyevi ötürməyə gələn Şəhla ananı və onun kimi onlarca valideyni görəndə Qarabağ savaşında qələbənin bizim olacağına heç bir şübhə qalmır. Bəli, doğrudan da, biz birlikdə güclüyük!

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.9.