Azərbaycanın Baş prokuroru xarici ölkələrin Baş prokurorlarına və Ədliyyə nazirlərinə müraciət ünvanlayıb

 

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ABŞ, Kanada, Avstraliya, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Uruqvay, İraq, İran, Argentina, Braziliya, Bolqarıstan və Polşanın Baş prokurorlarına, eləcə də Livan, Yunanıstan, Suriya və Fransanın Ədliyyə nazirlərinə rəsmi müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Ermənistan Respublikasının rəhbərliyinin dövlət terroru siyasətinə bağlılığının sübutu olaraq sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulmaqla əsasən dinc əhalinin sıx yaşadığı ərazilər, xəstəxanalar, məktəblər, uşaq evləri ağır artilleriyadan atəşə tutularaq mülki infrastruktura külli miqdarda ziyan vurulduğu, oktyabrın 4-dən başlayaraq döyüş bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, o cümlədən strateji sənaye əhəmiyyəti daşıyan Beyləqan və Mingəçevir şəhərlərinin, yaşayış məntəqələrinin raket və mərmilərlə atəşə tutulduğu, nəticədə ölən və yaralananların olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum tədbirlərinin görülməsi nəticəsində erməni silahlı qüvvələrinin öz mövqelərini itirmələri səbindən yeni canlı qüvvə toplamaq məqsədilə Ermənistan xarici ölkələrdə yaşayan erməniləri silahlı qarşıdurmada iştirak etməyə çağırıb. Kütləvi informasiya vasitələrində təxminən 1000-ə yaxın etnik erməninin Azərbaycan Respublikasının ərazisinə gəlmələri və ya gəlmək istədikləri barədə məlumatlar yayılıb.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 2178 (2014) saylı qətnaməsində “xarici terrorçu döyüşçülər” termini ilə digər ölkələrdə terror aktlarının təşkilində, həyata keçirilməsində iştirak edən şəxslər müəyyənləşdirilib.

Xarici dövlətlər nəzərə almalıdırlar ki, bu kimi “erməni könüllüləri” döyüş bacarıqlarını əldə etdikdən sonra yaşadıqları dövlətlər üçün real təhlükə mənbəyinə çevrilə bilərlər.

Həmçinin müraciətdə qeyd olunan ölkələrdə çoxsaylı erməni diasporasının mövcud olmasını, həmin diasporunun nümayəndələri tərəfindən “erməni könüllülərinin” daşınmasının təşkil olunması nəzərə alınmaqla ölkə vətəndaşlarının kütləvi şəkildə Ermənistan Respublikasını ziyarət etmələrinə xüsusi diqqət yetirilməsi, eyni zamanda, xarici ölkələrin ərazisindən terroristlərin Azərbaycan Respublikasına daşınmasının qarşısını alınması üçün preventiv tədbirlərin görülməsini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunub xahiş edilib.

 

Azərbaycan.-2020.- 6 oktyabr.- S.2.