Milli Məclisin Sədri ilə Şimali Kiprin Cümhuriyyət Məclisinin sədri arasında telefon danışığı olub

 

Oktyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə Şimali Kipr Türk Cümhuriyyətinin Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay arasında telefon danışığı olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar müzakirə olunub.

Teberrüken Uluçay bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanın öz torpaqlarını azad etmək üçün başladığı əks-hücum əməliyyatlarında ölkəmizi dəstəkləyir və tezliklə Azərbaycan torpaqlarının işğalçılardan təmizlənəcəyinə inanır. Şimali Kipr Türk Cümhuriyyəti bu haqq işində daim Azərbaycanın yanındadır.

Telefon zənginə görə təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, sentyabrın 27-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlarartilleriya qurğularından intensiv atəşə tutub. Ötən günlərdə isə işğalçı ölkənin silahlı qüvvələri Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə, sənaye şəhəri Mingəçevirə və münaqişə zonasına aidiyyəti olmayan digər şəhərlərə raket hücumları həyata keçirib. Nəticədə mülki əhali arasında həlak olanlar, yaralananlarçoxlu sayda dağıntılar var. Ermənistan silahlı qüvvələrinin mülki insanları və obyektləri atəşə tutması beynəlxalq cinayətdir və bunun məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Milli Məclisin Sədri Azərbaycana verdiyi dəstəyə görə bir daha Şimali Kipr Türk Cümhuriyyətinə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı tezliklə Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə və münaqişənin həll olunacağına əminlik bildirilib.

 

Azərbaycan.- 2020.-7 oktyabr.- S.2.