Madagiz artıq Suqovuşandır

 

Torpaqların işğaldan azad olunması uğrunda Vətən müharibəsi gedir

 

3 oktyabr 2020-ci il Azərbaycanın ulu tarixinə, zəfər salnaməsinə qələbə sevinci ilə yazıldı. 26 ildir düşmən tapdağında olan Suqovuşan kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olundu. Kənddə şanlı Azərbaycan bayrağı ucaldıldı...

Bu şad xəbəri xalqa Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi "Twitter” səhifəsindən çatdırdı. Daha sonra Ali Baş Komandan Madagiz kəndi və yüksəkliyinin işğaldan azad olunması münasibətilə 1-ci Ordu Korpusunun komandiri general-mayor Hikmət Həsənovu təbrik etdi. Bütün Azərbaycan xalqı bu qələbə xəbərinə sevindi, bayram etdi. Qələbə müjdəsinə təşnə olan xalqımız sevinc, fərəh hissini bölüşmək üçün küçələrə axışdı, binalardan, evlərdən alqış səsləri, zəfər nəğmələri ucaldı. Çox keçmədi ki, dövlət başçısının növbəti paylaşımı ilə sevincimiz ikiqat oldu. Prezident Madagizin tarixi adını bərpa etdiyini, kəndin əvvəlki kimi Suqovuşan adlandırıldığını elan etdi. Beləliklə, 26 ildən sonra tarixi həqiqət öz təcəssümünü tapdı...

Suqovuşan kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Suqovuşan kəndi isə Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Lakin 1994-cü ilin aprel ayında mənfur ermənilər yenidən Suqovuşanı işğal edib. Ermənilər kəndi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. Buradakı 49971 nömrəli hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonukimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.

Hərbi ekspertlər bildirirlər ki, Suqovuşan irəliləmə və əraziyə nəzarət baxımından olduqca önəmli rola malikdir.

Gözəl, səfalı təbiəti olan bu kəndin ərazisində üç tarix-memarlıq abidəsi də qeydiyyata alınıb: Müqəddəs Yelisey monastrı, körpü və kilsə.

Kəndin yaxınlığında Suqovuşan su anbarı və su elektrik stansiyası da yerləşir. Eyni zamanda kənd həm Ağdərə, həm də Sərsəng su anbarına yaxındır. Ona görə bu ərazi yerli iqtisadi infrastrukturun mərkəzlərindən hesab olunur. Sərsəng Su Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi Qarabağın elektrik enerjisinin 60-70 faizini təşkil edirdi. Burada istehsal olunun elektrik enerjisindən Ermənistana da verilirdi.

Suqovuşanda balıq zavodu da vardı, orada kürü istehsal olunurdu.

Bütün bunlar artıq həqiqi sahibinə - Azərbaycana aiddir!

Suqovuşanın düşmən tapdağından qurtulduğunu sevinc göz yaşları ilə qarşılayan kənd sakinləri doğma yurdlarına qayıdacaqları, ata-baba torpaqlarına ayaq basacaqları günü səbirsizliklə gözləyirlər...

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 6 oktyabr.- S.9.