Biz gəlirik, Qarabağ!

 

İllərin həsrətini, könüllərin nisgilini daşlara çırpıb gəlirik, Qarabağ! Ali Baş Komandanın "İrəli” əmri milyonların ürəyində əks-səda verib, bütün türk dünyasında qeyri-adi bir rezonans yaradıb. Qoy başı dumanlı Şuşa dağlarından buludlar çəkilsin, Laçının, Kəlbəcərin, Ağdamın, Qubadlının, Cəbrayılın, Zəngilanın, Xocalının eynəsi açılsın, üzü gülsün.

Otuz ilin həsrətinə son qoyub gəlirik, Qarabağ! Canımızı, qanımızı fəda edib sənə qovuşmaq eşqindəyik. Bu ilahi eşqin mayası vətən sevgisidi. Vətəni sevməyən insan olmaz... Bu gün səngərdəki əsgərlərimizin atdığı güllələri "Vətən” adlı bir nəğmənin döyüşən misralarına bənzədirik. Bu gün şəhid anası göz yaşlarını silib "Oğulları vətən üçün böyütmüşük, təki Vətən var olsundeyir. Bu gün bağça uşaqları da körpə barmaqlarını büküb yumruqlarını qaldırıb "Qarabağ bizimdir!” söyləyirlər. Bu gün arxa cəbhədə - neft buruqlarında, fabrikzavodlarda çalışanlar da, pambıq tarlasında, taxıl zəmisində zəhmət çəkən, tər axıdan ata-analar, bacı-qardaşlar da qazandıqları uğurları Qarabağa həsr edir. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” çağırışını ümumxalq hərəkatına çevirirlər.

Bu gün cəbhədən şad xəbərlər gəlir. Azərbaycan əsgərinin şücaəti, uğurlu döyüş əməliyyatları ürəklərimizdə illərdən bəri qaysaq bağlamış yaralara məlhəm olur. Şuşada yallı gedən, Murov yüksəkliyindəki istehkamdan Azərbaycan ərazilərini qalib kimi seyr edən, bu torpağın gerçək sahibləri qarşısında şərtlər qoyan ermənilər indi hərbi texnikaları döyüş meydanında qoyub qaçır, gizlənməyə yer axtarırlar. Bax, budur Azərbaycan əsgərinin gücü, qüdrəti!

İndi Paşinyanın zəng vurmadığı, dil çıxarıb yalvarmadığı dövlət, nüfuzlu beynəlxalq təşkilat qalmayıb. Erməni yalanı üçün bəzi beynəlxalq qurumlar bəyanatlar qəbul edir, tərəfləri atəşi dayandırmağa, münaqişəni danışıqlar masasında həll etməyə çağırırlar. Soruşmağa haqqımız çatır ki, sülhpərvər cənablar, bəs 30 ildən bəri səsiniz niyə çıxmırdı? Erməni faşistləri Xocalıda körpə uşaqları, ixtiyar qocaları qətlə yetirib soyqırımı törədəndə, kəndlərimizi, şəhərlərimizi, tarixi abidələrimizi, mədəniyyət abidələlərimizi xaraba qoyanda, bir milyon insan doğma ev-eşiyindən perik düşüb qaçqın və məcburi köçkünə çevriləndə siz harada idiniz? Hansı restoranda "Ararat” konyakı vura-vura erməni cəlladlarının törətdiyi əməllərə sağlıq deyirdiniz?

Yetər! Daha keçməz! İndi o zaman deyil! Bu gün bütün Azərbaycan xalqının canından artıq sevdiyi, ətrafında sıx birləşdiyi Ali Baş Komandan İlham Əliyevin sülh üçün yalnız sadə bir şərti var: Ermənistanın silahlı qüvvələri Qarabağdan, bütün Azərbaycan ərazilərindən tamamilə çıxmalıdır. BMT də, ATƏT də, digər beynəlxalq təşkilatlar da niyə bu sadə həqiqəti görməzdən gəlirlər? Axı Azərbaycan əsgəri başqa bir dövlətin yox, öz vətənində öz ərazilərini işğaldan azad etmək üçün döyüşür. Qoy sülh yaratmaq istəyənlər zəhmət çəkib işğalçıya desinlər ki, sənin başqa dövlətin ərazisində nə işin var, sənin apardığın müharibənin məqsədi nədir? Qoy erməni havasına oynayan "sülhməramlı” təşkilatlar boş vədlərlə, yalan sözlərlə, imitasiya xarakterli sülh danışıqları ilə daha bir 30 ilimizi oğurlamasınlar.

Beynəlxalq təzyiqlərə, güclənən təsirlərə müdrik diplomatiya bacarığı ilə cavab verən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin polad iradəsi bu gün Azərbaycan Ordusunun gücünə güc qatır, xalqın Qələbə uğrunda sarsılmaz vəhdətinə güclü stimul yaradır. Xalqdaorduda döyüş ruhunu indiyədək olmayan ən yüksək səviyyəyə qaldırır.

Ordumuz doğma yurdu işğaldan azad etmək, üçrəngli müqqədəs bayrağımızı Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə... dalğalandırmaq üçün başladığı yürüşünü inamla davam etdirir. Bu müqqədəs savaşda verdiyimiz itkilərə təəssüflənsək də, sarsılmırıq. Bilirik ki, müharibə qansız-qadasız olmur.

Biz gəlirik, Qarabağ! Bağışla bizi, günahlarımızı yumağa gəlirik. Düşməndən intiqam almağa, sənin yaralarına məlhəm olmağa gəlirik. Susuzluqdan dodaqları çat-çat olan bir təşnənin çağlayan dupduru bir bulağa qovuşmaq sevinci gözləyir bizi. Mərd oğullarımızın, qəhrəman Azərbaycan əsgərinin qazanacağı QƏLƏBƏNİ səbirsizliklə və həm də böyük ümidlə gözləyirik.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2020.- 7 oktyabr.- S.6.