Yolunu azanları yola qaytarırlar

 

Bu gün Azərbaycan 30 il işğal altında olan torpaqlarının azad edilməsi üçün Vətən müharibəsi aparır. Ordumuz qəhrəmanlıqla vuruşub düşmənə sarsıdıcı zərbələr endirir. Dostlarımızı, düşmənlərimizi heyrətə salan təkcə ordumuzun qələbələri deyil, həm də Azərbaycan xalqının ruh yüksəkliyidir. Qocaların, qadınların, gənclərin döyüşə getmək üçün can atmasıdır. Hamı bilir ki, müharibə ölümqan deməkdir. Bu gün Azərbaycan xalqı müqəddəs savaşda ölümdən belə çəkinmir. Təki Vətən torpağı işğaldan azad olsun!

Xalqımız kin-küdurətdən uzaq, sülhsevərdir. Ədalətə, qanuna, haqqın öz yerini tutacağına inanandır. Biz illərlə gözlədik ki, bu məsuliyyəti üzərinə götürən Minsk qrupu və digər beynəlxalq təşkilatlar münaqişəni sülhlə, ədalətlə, qanun çərçivəsində həll edəcəklər. Görünür, həmsədrlər, beynəlxalq təşkilatlar xalqımıza məxsus yüksək bəşəri dəyərləri - humanizmi, sülhsevərliyi acizlik kimi qiymətləndirdilər. Bu yanlış fikrin nəticəsində onlar yanlış da yola düşdülər. Bizim işğal altında olan Dağlıq Qarabağı ermənilərə güzəştə getməyimizi istədilər. Onların "həyalı” olması ondan ibarət idi ki, bu fikri açıq şəkildə deyil, bağlı qapılar arxasında səsləndirirdilər.

Bizim sülhsevərliyimizi hətta acizlik, qorxaqlıq kimi də dəyərləndirməyə başladılar. Amma Azərbaycan xalqının nəyə qadir olduğunu sentyabrın 27-də ordumuz tərəfindən aparılan əks-hücumda gördülər. Adi bir hücumun bir gün ərzində Vətən müharibəsinə çevrildiyinin şahidi oldular. Bu fakt onları heyrətə gətirdi. Düşmənlərimiz bizim döyüş bacarığımızı da, Vətən yolunda səfərbər olmağımızı da gördülər. İndi həmsədrlərə də, beynəlxalq təşkilatlara da bəlli oldu ki, onların iştirakı olmadan da torpaqlarımızı işğaldan azad etməyə qadirik. Necə deyərlər, yanılmışdılar, ayıldılar.

Gördülər ki, onların vasitəçiliyinə ehtiyacımız yoxdurbiz torpaqlarımızı azad etməkdə qətiyyətliyik. İndi də atəşkəsin dərhal bərpa edilməsini, sülh danışıqlarına başlanmasını xahiş edirlər. Azərbaycan xalqı bunun nə demək olduğunu 30 ildə yaxşı dərk edib. Bizi bununla yenidən mənasız danışıqlara vadar edib torpaqlarımızın daha 30 il işğal saxlanmasını istəyirlər. Təbii ki, bununla razılaşa bilmərik. Ən başlıcası isə, yüksək biliyə malik, səmimi və sülh tərəfdarı olan Prezident İlham Əliyevin göstərdiyi qətiyyətdir. Anladılar ki, dövlətimizin başçısı səmimi, sülhsevər olduğu qədər də cəsarətlidir. Prezidentin atəşkəs barədə xahiş-minnət edənlərə cavabı qətidir: "Erməni silahlı qüvvələri işğal altındakı torpaqlarımızdan dərhal çıxmalıdır”.

Müharibə fərdlərlə yanaşı, xalqları da sınağa çəkir. Qorxaqlar, xainlər və qəhrəmanlar bu çətin anda üzə çıxır, kimin kim olduğu bilinir. İndiki halda Azərbaycan xalqı özünün bütün tərəflərdən düşməndən üstün olduğunu sübut edir. Belə ki, ermənilər müxtəlif bəhanələrlə ordudan yayınmaqla kütləvi şəkildə fərarilik edirlər. İndi Ermənistan məcbur olub hərbi çağırışla bağlı qanunda dəyişiklik edərək, belə hallarda cəzanı daha da sərtləşdirərək 4 ildən 8 ilədək qaldırıb. Biz isə öz ölkəmizdə bunun əksini görürük, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin qarşısında böyük izdiham var. Sevindirici hal isə odur ki, orduya yazılmaq istəyənlər təkcə gənclər deyil, həmçinin yaşlılardır.

Azərbaycan əsgərinin düşmənə endirdiyi zərbələr nəticəsində Qarabağdan erməni əsgərləri qaçmağa başlayıb. "Məğlubedilməz erməni ordusumifi dağılan kimi Qarabağda dinc azərbaycanlılara qarşı qəddarlıq göstərmiş "mülki əhali” də Ermənistan tərəfə üz tutub. Hər gün düşmənin artilleriya atəşi nəticəsində ölən və yaralananların olmasına baxmayaraq, cəbhəyanı rayonlarımızdakı bizim əhali isə ev-eşiklərindədir. Bununla kifayətlənməyib düşmənə qarşı döyüşən ordumuza dəstək də olurlar.

Əsgərlərimizin qələbə qazanacağına şübhəmiz yoxdur. Döyüşlərin ilk günündən düşməni sındıran ordumuzun zəfər çalacağına hamı inanır. İndi özündənrazı erməni siyasətçiləri və diplomatları da əvvəlki məğrur görkəmdə deyillər. Üzlərindəki çaşqınlıq və məyusluq aşkar görünür.

Ancaq bütün müharibələrə diplomatik danışıqlarla son qoyulur. Sözsüz ki, bu Vətən müharibəsi qələbəmizlə başa çatdıqdan sonra biz ermənilərlə birlikdə danışıqlar masası arxasında əyləşəcəyik. Ancaq bu dəfə ermənilər də, həmsədrlər də masada təklif verərkən əvvəlcə yaxşı-yaxşı düşünəcəklər ki, bu, Azərbaycan tərəfindən təpki ilə qarşılanmasın. Çünki onlar gücümüzün nəyə qadir olduğunu artıq bilirlər.

 

Rüstəm KAMAL,

 

Azərbaycan.- 2020.-7 oktyabr.- S.11.