Ermənistanın qeyri-konstruktiv mövqeyi, təcavüzkar siyasətini davam etdirməsi bugünkü vəziyyətə gətirib çıxarıb

 

Oktyabrın 8-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fransanın Rusiyadakı səfiri Pyer Levin ilə görüşüb. Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşün keçirilməsində əsas məqsəd Azərbaycanın Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatların mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Polad Bülbüloğlu cəbhədə yaranmış gərginliyi şərh etmək üçün, ilk növbədə, 30 ilə yaxın davam edən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınma­sının zərurətini qarşı tərəfin diqqətinə çatdırıb. O, həmsöhbətinə münaqişənin hüquqi aspektləri və Ermənistanın ölkəmizə qarşı təcavüzünün nəticələri haqqında ətraflı məlumat verib. Azərbaycan səfiri münaqişənin nizam­lanması həvalə edilən ATƏT-in Minsk qrupunun fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT-in Lissabon Zirvə görüşü çərçivəsində qəbul edilmiş Yekun sənədin mahiyyəti, danışıqlar prosesində həmsədrlərin iştirakı ilə ortaya qoyulan Madrid prinsipləri, Mayendorf Bəyannaməsi və bu kontekstdə bir sıra digər sənəd və bəyanatlara toxunaraq, onların mövcud olan status-kvonun qəbuledilməzliyi, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxa­rılmasının münaqişənin həllinin əsasını təşkil etdiyini vurğulayıb.

Bununla yanaşı, Polad Bülbüloğlu Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqe, təcavüzkar siyasətinin davam etməsi, Azərbaycanın ərazilərinə yeni iddialar irəli sürməsi və ümumilikdə danışıqların mahiyyətini tam şəkildə pozaraq onu mənasız etməsi kimi addımlarının bugünkü yaranmış vəziyyətə gətirib çıxardığını söyləyib.

Fransanın səfiri ölkəsinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib. Həmçinin danışıqların konkret nəticəyə yönəlmiş məsələlər ətrafında aparılmasının əhəmiyyətini anladığını bildirib.

Eyni zamanda, səfir Polad Bül­büloğlu Azərbaycanın uzun müddət ərzində danışıqlar apardığını, daim konstruktiv mövqedən çıxış etdiyini, səbir və təmkinlə ədalətli qərarın qəbul edilməsini gözlədiyini və ölkəmizin ərazi bütövlüyünün heç bir zaman müzakirə predmeti olmadığını diqqətə çatdırıb.

Həmçinin Polad Bülbüloğlu bildirib ki, son iki il ərzində Ermənistanın yeni hakimiyyətinin hərbi ritorikası, ölkəmizə qarşı törətdiyi təxribatlar, eləcə də atəşkəsin pozulması nəticəsində cəbhə xəttindən kənarda yaşayan çox sayda azərbaycanlı mülki şəxslərin öldürülməsi və mülki obyektlərin dağıdılması ona gətirib çıxarıb ki, Azərbaycan xalqı işğala son qoymaq tələbi ilə öz qəti iradəsini ortaya qoyub.

Azərbaycan səfiri Fransa prezidentinin son günlərdə etdiyi məlum çıxışa münasibət bildirən ölkəmizin 50 siyasi partiyasının imzaladı­ğı bəyanatı fransalı həmkarına təqdim edib. Səfirin sözlərinə görə, belə bir bəyanatın qəbul edilməsi onu göstərir ki, müxalifət daxil olmaqla Azərbaycanın bütün siyasi qüvvələri birləşib Fransa prezidentinin ölkəmizə qarşı qəbuledilməz hərəkətlərini pisləyir və bu iki dövlət arasında müsbət olan əlaqələrə ciddi xələl gətirir.

Polad Bülbüloğlu Azərbaycanın təcavüzkar ölkənin sülhə məcbur edilməsi əməliyyatının dayandırılması­nın mümkünlüyünü yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında, bu prosesin həyata keçirilməsi üçün konkret cədvəlin təqdim edilməsində və Minsk qrupuna daxil olan ölkələrin buna qarant çıxma­sında gördüyünü bildirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.- 2020.- 10 oktyabr.- S.6.