Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrinə qadağan olunmuş bombalar atır

 

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardanartilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, düşmən Goranboy rayonunun kəndlərini və yaşayış məntəqələrini də qadağan olunmuş raketlərdən atəşə tutur. Həmin raketlərin birinin bombleti rayonun kəndlərinin birinin ərazisində aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə əməliyyat meneceri Mədət Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan ordusu tərəfindən rayon ərazisinə atılan xeyli sayda mərmilərin və raketlərin içərisində aşkarlanan bir ədəd kaset başlıqlı raketə məxsus bomblet aşkarlanıb. Məlum olub ki, bu bombletSmerçadlanan 300 millimetrlik 9M55KA modelli raketlərin kaset başlığı daşıyan növündən atılıb. Yaşayış məntəqəsinin yaxınlığına düşdüyünə görə mülki əhalinin hədəfə alındığı məlumdur. Bunlar istifadəsi qadağan olunmuş bombalardır. Eyni zamanda, kaset başlıqlı bütün bombalar, bütün bomblet daşıyan mərmilər hamısı beynəlxalq konvensiyaya uyğun olaraq qadağan edilib. Modeli 9N235 olan bu bombletlər qəlpəlidir. İçərisində yüngül zirehli maşınları, texnikaları sıradan çıxarmaq üçün 96 və canlı qüvvəni məhv etmək üçün 360 ədəd qəlpə var. Bu raketin ümumi çəkisi 800 kiloqramdır.

Qeyd edək ki, həmin bomblet oktyabrın 9-da partlayış yolu ilə zərərsizləşdirilib.

 

Azərbaycan.-2020.- 10 oktyabr.- S.7.