Başını uca tut, Azərbaycan!

 

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xətti boyu yaşayış məntəqələrimizin və hərbi birləşmələrimizin mövqelərinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində hərbi qulluqçularımız, mülki şəxslərimiz, o cümlədən iki uşaq həlak olmuş, çoxlu mülki şəxs yaralanmışdır. Bu hərbi təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan Ordusu zəruri əks-hücum tədbirlərini həyata keçirməyə başlamışdır.

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluğunda 20-dən çox cinayət işi açılmışdır. İşğalçı dövlət bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür. Beynəlxalq hüququ kobud şəkildə pozan ölkə Azərbaycanın işğal olunmuş ərazilərində xarici vətəndaşların qeyri-qanuni məskunlaşmasını həyata keçirmiş, torpaqlarımızda vuruşmaq üçün xarici dövlətlərdən on minlərlə erməni əsilli könüllü hərbi birləşmələr gətirmışdır.

Azərbaycan Ordusu tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad etmək üçün savaşır. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT bəyanatlar veriblər. İşğal etdiyi Azərbaycanın Qarabağ torpaqlarının danışıqsız boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 Qətnaməsinə məhəl qoymayan Ermənistan Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə qarşı ən böyük təhlükə mənbəyinə çevrilmişdir. Əgər bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonuna işğalçı Ermənistanın hərbi təcavüzünə, qanunsuz əməllərinə beynəlxalq təşkilatlar, xüsusən də BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və dünyanın digər aparıcı dövlətləri tərəfindən təcilı qiymət verilsəydi və təcavüzkar cəzalandırılsaydı, Azərbaycan indi Ermənistanın növbəti hücumlarına məruz qalmazdı. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, düşməni işğal olunmuş torpaqlarımızdan ya təkbaşına, ya da BMT dövlətlərinin iştirakı ilə çıxarmağa ixtiyarımız var. Ordumuz həm də BMT -nin 27 il bundan əvvəl yerinə yetirmədiyi qərarları icra edir.

Biz beynəlxalq təşkilatları, xarici ölkələrin dövlət başçılarını Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, yeni işğal niyyətini durdurmağa, onun 30 ildən artiq işğal altinda saxladıgı 20 min kvadrat km ərazimizi təcili boşaltmaları üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.

Azərbaycan hər zaman qan tökülmənin əlehinə olmuş, əbədi torpaqlarımızın dinc yolla düşmən işgalından azad olunmasına calışmışdır. Ermənistanın baş naziri Paşinyanın həyasızcasına dediyi "Qarabağ Ermənistandır” ifadəsi tamamilə yalan, absurddur. Tarixi mənbələr təsdiq edir ki, hətta indiki Ermənistan Respublikasının ərazisi ən qədim zamanlardan həmişə Azərbaycanın tərkibində olmuşdur. Bu ərazilər sonrakı tarixi dövrlərdə də akademik Yaqub Mahmudovun yazdığı kimi Sacilər, Salarilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarilər və Qacarların idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Yalnız 1805-ci il mayın 14-də Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahimxəlil xanRusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən Kürəkçay müqaviləsi imzalanmışdır...

Sonralar 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçmişdir. 1920-ci ildə isə Azərbaycanda sovet hakimiyyəti qurulandan bir il sonra, 1921-ci ildə bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında, bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi "təhvil verilməsi” deyil, "saxlanılması” haqqında qərar qəbul etmişdir. Erməni millətçiləri Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988, 1994-cü illərdə çoxsaylı soyqırımlar, kütləvi qırğınlar həyata kecirmişlər.

Bu gun dünyada 7 min 104 millətin yaşadıgı 220-yə qədər dövlət vardır. Xoşbəxt o xalqdır ki, onun qətiyyətli iradəli lideri var. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev dünya şöhrətli siyasi xadimin övladı olmaqla yanaşı, həm də Ümummilli Liderin hərtərəfli məktəbində yetişmişdir. Ulu Öndər Heydər Əliyev hədər yerə deməmişdir ki, "Mən Ona özüm qədər inanıram...”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında müalicə olunan yaralı hərbcilərlə görüşdə Ali Baş Komandan demişdir: "Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq”.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır. Hər ötən gün düşmənin istər canlı qüvvə, istər hərbi texnika baxımından imkanları tükənməkdədir. Onun təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşməni darmadağın edərək irəliləyir.

Dövlət başçımızın qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Nəhayət, düşmən tapdağında olan torpaqlarımızı azad edə biləcəyik fikirləri, ölkə Prezidentinin qətiyyətlə söylədiyi hər söz, hər kəlmə hər birimizi daxilən səfərbər edib.

"Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”. Oktyabrın 4-də Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu fikirlər hər zaman olduğu kimi, dövlət başçısının diplomatik bacarığının, qətiyyətli mövqeyinin, prinsipiallığının daha bir nümayişi oldu.

Ermənistan silahlı qüvvələrinin ölkəmizə işğalı ilə açılan 27 sentyabr səhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atdığı ilk addım - hərbi vəziyyət elan edilməsi haqqında fərman, Azərbaycan televiziyasi ilə xalqa müraciəti, Təhlükəsizlik Şurasının iclasını keçirməsi və oradakı çıxışları olmuşdur. Daha sonra "Əl-Cəzirə”, "Əl-Ərəbiyyə”, Türkiyənin TRT Haber-1, Rusiya-1 televiziya xəbərləri kanallarına verdiyi musahibələr, 4 oktyabr 2020-ci ildə Cəbrayılın azad olunması ilə bağlı xalqa təbriki Azərbaycan vətəndaşlarını dəqiqələr ərzində bir yumruğa çevirdi. Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” sözləri bu gün də ölkəmizin həyatında xüsusi yer tuturxalq-iqtidar birliyinin bariz ifadəsidir. Bütün xalq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir və bu çətin gündə Prezidentinə, Şanlı Ordusuna əminliklə inanaraq bilirlər ki, Qələbə bizimlədir.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev sülhə tərəfdardır, müharibənin tez bir zamanda dayandırılmasını istəyir. Amma bir şərtlə: işğal olunmuş ərazilərimiz təcili boşaldılmalıdır. Bu gün Azərbaycan xalqı sevinc içindədir.

"Ancaq irəli!” Bütün ölkəni hazırda bu əzm, bu yekdillik, bu böyük ideal qovuşdurur. Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var - zəfər bayrağını azad olunmuş torpaqlarımızda sancmaq.

 

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Azərbaycan.-2020.- 10 oktyabr.- S.11.