Hünər sənin, zəfər sənin...

 

Salam, əsgər!

Qarabağ uğrunda vuruşan cəngavər igidim, hər addımın səni qələbəyə yaxınlaşdırır! Çünki buna layiq olduğunu, cəngavər kimi döyüşdüyünü, inamla irəlilədiyini, əsarətdə qalan doğma yurdlarımızı qarış-qarış, addım-addım, kənd-kənd... erməni işğalçılarından azad etdiyini görürəm!

Bu gün həyatımızın hər anı sınaqdır, oğlum, qardaşım! Bu sınaqdan üzüağ çıxmaq isə bizim borcumuzdur. Bu borcumuzu ödəməkdə Tanrı sizə yar olsun!

Haqq uğrunda aparılan savaş müqəddəs sayılır! Ana torpağımız uğrunda gedən haqq savaşında qələbə qaçılmazdır!

Bu gün səbrimiz, qeyrətimiz, milli hisslərimiz, Vətənə məhəbbətimiz sınanır, igidlərim! Bu sınaqların ağır yükü, unutma, sizin çiyinlərinizdə daşınır!

Hər addımında xalqını sevindirən əsgər oğlum, bu sınaq bir coşğuya da səbəb oldu, güc-qüvvə, təkan verdi: gənclərimizdəki Vətən sevgisini, silaha sarılmaq istəyini alovlandırdı!

Bu gün yaşından asılı olmayaraq hər birimiz müsəlləh əsgər kimi döyüşə hazırıq! Qızlı-oğlanlı, kişili-qadınlı, qocalı-cavanlı mənfur düşmənin başının əzilməsini, işğaldakı ərazilərimizin azad edilməsini gözləyirik, həm də səbrlə, təmkinlə... Çünki buna varlığımız qədər inanırıq.

Ali Baş Komandan da məhz bu ümumxalq istəyini və coşqusunu hiss edib, görüb sənin kimi cəsur oğulların ən müasir silahlarla döyüşə atılacağına inanaraq, illərlə gözlədiyimiz "İrəli” əmrini verdi! Unutma ki, xalqın inamsevgisini qazanan Ali Baş Komandan İlham Əliyevin əmri haqq uğrunda aparılan savaşımızın qələbə ilə başa çatması üçün verilib!

Bu gün bir nəfərinizin belə çöhrəsində qəm-qüssə, kədər cizgisi duyulmur. Əksinə, düşmən üzərində qələbənin sevinc hisslərini yaşadırsınız bizə. Çünki əzmkarlıqla mübarizə aparır, düşmənə layiq olduğu cavabı verir, irəliləyirsiniz! Mənim kimi milyonları da sevindirən məhz budur: sizin iradəli, qətiyyətli, qələbəyə inamlı və cəsur olmağınız!

Dünyanın böyük və tanınmış sərkərdələrindən olan Bonopart Napoleonun belə bir ifadəsi var: "Öz ordusunu yedirdə bilməyən millət, başqasının ordusunu yedirtməli olacaq!” Müstəqilliyini qanı-canı bahasına əldə edən, əzəli, tarixi dədə-baba torpaqlarına qovuşmaq əzmində olan xalqımız öz ordusunu, əsgərini saxlamağa, ona arxa-dayaq olmağa qadirdir! Xalqımız buna hələ Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu düzgün iqtisadi siyasətin nəticəsində nail olub. İnkişafa aparan həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən əzmkarlıqla davam etdirilir.

Bəlkə də bunu yazmağa ehtiyac yoxdur! Lakin, xatırladım, siz də yəqin bilirsiniz ki, Vətənimiz ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil! Artıq iqtisadi inkişafına, hərbi-siyasi potensialına görə Cənubi Qafqazda, eləcə də dünya düzənində əsas söz sahiblərindən biridir!

Möhkəm dayan, igid əsgər! Hər şeyin zamana ehtiyacı olduğunu bilirik! Artıq bu gün həmin zamandır: hünər, qeyrət vaxtıdır!

Müstəqillik tarixinin zəfər döyüşlərində düşmən üzərinə alıcı quş kimi gedən Azərbaycan əsgəri, Vətənə oğul olmağı bacardığını göstərən igidim, öndə sən, arxa cəbhədə mən savaşırıq, sən silahınla, mən qələmimlə zəfərlər yazırıq tarixə! Qələbəmizə aparan yolumuz müqəddəsdir! Bu savaşda sənə bir daha əzmkarlıq, hünərpərvərlik arzulayır və 30 ilə yaxındır ki, musiqimizə, nəğməli, muğamlı-segahlı dilimizə həsrət qalmış, yolumuzu hər an gözləyən könül şüşəmizə - Şuşamıza üçrəngli bayrağımızı sancmağı arzulayır və gözləyirik!

 

Hörmətlə:

Vahid ƏZİZ, Xalq şairi

Azərbaycan.-2020.- 9 oktyabr.- S.1;11.