Milix Yevdayev: “Azərbaycan qəhrəmanlar diyarıdır”

 

Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qalması, düşmənin ardı-arası kəsilməyən təxribatları xalqımızın səbir kasasını doldurmuşdur.

Sentyabrın 27-də Silahlı Qüvvələrimizə və dinc əhaliyə qarşı törədilmiş növbəti təxribatdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Dağlıq Qarabağdaişğal olunmuş digər ərazilərdə əks-hücum əməliyyatı başlamışdır. Məqsəd erməni faşistlərini və muzdlu terrorçuları əzəli torpaqlarımızdan təmizləməklə tarixi ədaləti, Azərbaycanın hamılıqla tanınmış ərazi bütövlüyünü bərpa etməkdir. Ordumuzun cəbhədə qazandığı uğurlar hər bir vətəndaşda fəxarət hissi doğurur.

Bakıdakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qəzetimizə müsahibəsində son hadisələrə münasibət bildirmişdir:

- Cəbhədən yenicə qayıtmışam. Ağdamda, Ağcabədidə, Beyləqanda, Horadizdə gördüyüm Ali Baş Komandan-xalq-ordu birliyi məni valeh etdi. Ermənilərin törətdiyi təxribatlar, dinc əhalinin atəşə tutulması və qətlə yetirilməsi çox ağır cinayətdir. Lakin bu vəziyyətdə də əhali təmkinlə davranır, narahatlıq üçün əsas görmür. Hamı qəhrəman hərbçilərimizdən yeni-yeni qələbələr gözləyir.

Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarmasını tələb edən BMT qətnamələrinə məhəl qoymurbuna görə cəzalandırılmırdı. Cəzasızlıq isə düşməni yeni cinayətlər törətməyə sövq edirdi. Hazırda işğalçılar Azərbaycan Ordusundan layiq olduğu cavabı alırlar.

Milli azlıq nümayəndələri kimi biz ermənilərin bu təxribatlarını qətiyyətlə pisləyir, Vətənimiz Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyirik.

Müdriklər deyiblər ki, qəhrəmanı olmayan xalq bədbəxtdir. Vuruşan hər bir əsgərimiz qəhrəmandır. Biz ölkəmizin azadlığı uğrunda mücadilədə həmişə Azərbaycan xalqının yanındayıq. Millətimizin nümayəndəsi Albert Aqarunov bu yolda şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bizi bir-birimizdən ayırmaq mümkün deyil. Harada olsaq da, ürəyimiz birgə döyünürbunu hamı bilir.

Mən bütün icmamız adından əcdadlarımıza minnətdaram ki, vaxtilə bu torpaqda məskunlaşıblar. Tarix boyu Azərbaycan xalqı bizi həmişə düşmənlərdən qorumuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnşallah, tezliklə qələbə qazanarıq və Azərbaycan bayrağı Qarabağda dalğalanar.

 

Rizvan HİLALOĞLU

 

Azərbaycan.- 2020.-11 oktyabr.- S.6.