Azərbaycan xalqı qələbə xəbərini gözləyir

 

Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ zonasında və ətraf 7 rayonda 1994-cü ildən etibarən atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, erməni təcavüzkarları mütəmadi olaraq cəbhə xəttində və sərhəd bölgələrində mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alaraq təxribatlar törətməkdədir.

Ermənistanın baş naziri ölkə əhalisinin diqqətini hökumətinin uğursuz daxilixarici siyasətinin nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadisiyasi böhrandan, pandemiya ilə uğursuz mübarizədən və digər problemlərdən yayındırmağa çalışır. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməliyyatlarını davam etdirir. Erməni təcavüzkarlarının hərbi birləşmələri əhalinin kompakt yaşadığı məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, məktəb binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv şəkildə atəşə tutur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan xalqına müraciətində qeyd olunur ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. Hələ iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və mülki şəxs həlak olmuşdur. İlk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavab və dərs verdi. Prezident İlham Əliyevin ədalətə, həqiqətə söykənərək dediyi kimi: "Biz heç kimin torpağına göz dikməmişik, Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

Ermənistanın ardıcıl təxribatının əsas səbəblərini, niyyət və hiyləli hədəflərini göstərən Azərbaycan Prezidenti bunun status-kvonu dəyişməz saxlamağa, danışıqları pozmağa və Azərbaycanı ittiham etməyə hesablandığını söyləmişdi. Həmçinin açıq xəbərdarlıq etmişdi ki, Ermənistan müharibəyə hazırlaşır: Ermənistan təmas xəttinə yeni hərbi qüvvələr, zirehli texnika toplayır. O, öz çirkin planlarından əl çəkməsə, bunun onun üçün çox ağır nəticələri olacaq.

Prezident İlham Əliyevin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında etdiyi çıxış bir daha Ermənistanın işğalçılıq siyasəti barədə əsl həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm hadisə oldu.

Azərbaycan Prezidentinin hücum diplomatiyasının ildən-ilə dünya erməniliyinə, onların yalançı təbliğatına daha güclü zərbə vurması nəticəsində erməni mifi dağılmağa başlayır və saxta erməni təbliğatı iflasa uğrayır. Həmçinin İlham Əliyevin BMT tribunasından çıxışı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı həqiqətlərə yeni işıq saldı, Ermənistan beynəlxalq miqyasda ifşa olundu.

Ermənistanın növbəti hücumunun, təxribatının qarşısını alan qüdrətli Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması ölkə ictimaiyyətinin, siyasi təşkilatların və partiyaların sevincinə səbəb olub. Çünki bugünü xalqımız səbirsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinin başlaması həm də Azərbaycan xalqının həmrəyliyini göstərdi, o cümlədən siyasi baxışlarından asılı olmayaraq, dövlətçilik və milli maraqları rəhbər tutan bütün partiyaların Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsinə səbəb oldu.

Qeyd edək ki, müstəqillik tarixində yaşanan nadir hallardan biri kimi müxtəlif istiqamətli, fərqli məram və məqsədləri olan 50 siyasi partiyanın vahid mövqedən çıxış etməsi olduqca sevindirici hadisədir. Bu siyasi partiyalar vahid məqsəd və ideya ətrafında birlik göstərərək ölkə rəhbərliyinin siyasətini dəstəklədiyini və yanında olduqlarını bəyan etdilər. Bu artıq həm ölkəmizdə siyasi mədəniyyətin, həm də dövlətçilik ənənələrinin formalaşması kimi dəyərləndirilə bilər. Siyasi partiyaların sərgilədiyi milli maraqların bütün korporativ və şəxsi maraqlardan üstün olduğunu göstərdi.

Hazırda Azərbaycan Ordusu Ali Baş Komandanın əks-hücum əmrini həyata keçirməklə işğal olunmuş ərazilərimizin azad edilməsini uğurla reallaşdırır. Bu gün artıq Suqovuşan, Tərtər rayonunun Talış kəndi, Cəbrayıl, Füzuli rayonlarının kəndləri işğaldan azad edilib.

Qələbələr münasibətilə Azərbaycan xalqını təbrik edən dövlət başçısı bildirib: "Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

Şanlı ordumuzun tarixi qələbəsi nəticəsində Azərbaycan Bayrağı Xankəndidə, işğaldan azad olunmuş torpaqlarımızda dalğalanacaq.

 

 

İbrahim ZEYNALOV,

Bakı Dövlət Universitetinin professor

Azərbaycan.-2020.- 9 oktyabr.- S.7.