XİN: Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti təzahürüdür

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti departamenti Ermənistan xarici işlər nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamanı şərh edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti departamentindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq həqiqətə uyğun olmayan bir sıra məqamlar əksini tapır. Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədini güdür.

Bununla əlaqədar olaraq Azərbaycan XİN-i xatırladır ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır. Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən və onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlardan və digər tədbirlərdən ibarətdir. Onların arasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanunsuz nəticələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davamlı hərbi işğalını möhkəmləndirmək üçün çoxsaylı praktik addımlar yer alır. Bunun ən bariz nümunələri “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi, “yeni ərazilər üçün yeni müharibə” hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir.

Ermənistanın silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycana qarşı növbəti hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti təzahürüdür. Suveren dövlət olaraq Azərbaycan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququ çərçivəsində müvafiq addımlar atıb. Nəticədə bir sıra Azərbaycan əraziləri Ermənistanın işğalından azad edilib. Təəssüf ki, erməni tərəfi ənənəvi olaraq terror taktikasına əl ataraq münaqişə zonasından uzaq məsafədə yerləşən məntəqələr və insanlardaxil olmaqla, Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu intensiv atəşə tutur. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 42 azərbaycanlı mülki şəxs həlak olub və 206 nəfər yaralanıb, 1479 ev, 66 çoxmənzilli yaşayış binası və 241 infrastruktur obyekti dağıdılıb.

Xoşməramlı niyyətini nümayiş etdirən Azərbaycan tərəfi Rusiya Federasiyasının müraciətlərinə müsbət reaksiya göstərdi, 3 nazirin Moskva görüşünə qatıldı və orada konstruktiv şəkildə danışıqlar apardı. Azərbaycan tərəfi iclasda razılaşdırılmış humanitar atəşkəsə sadiqliyini elan etdi və silahlı qüvvələrinə müvafiq təlimat verdi.

Lakin Ermənistan tərəfi çox fərqli bir yol seçdi. Onun silahlı qüvvələri Azərbaycanın Tərtər rayonu, Suqovuşan ərazisi yaxınlığında erməni hərbçilərinin cəsədlərini toplayan Azərbaycan həkim qrupuna minaatandan atəş açdı. Nəticədə Azərbaycan bir tibb işçisi ağır yaralandı. Bundan əlavə, oktyabrın 11-i gecə saat 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raket atdı. Raket çoxmərtəbəli yaşayış binasını yerlə-yeksan etdi, 10 mülki şəxs həyatını itirdiuşaqlar da daxil olmaqla çox sayda xəsarət alanlar oldu.

Ermənistanın Moskva görüşündən sonrakı diplomatik hərəkətləri də göz qarşısındadır. Moskva görüşünün yekun bəyanatı mövcud danışıqlar formatına sadiqliyi bir daha təsdiqləyir və təməl prinsiplər əsasında mahiyyət üzrə danışıqların başlanılmasını ehtiva edir. Azərbaycan tərəfi ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Ermənistan tərəfi öz növbəsində dərhal Moskva görüşünün bəyanatını birtərəfli və qeyri-dəqiq təfsir edən, öz müqəddəratını təyinetmə və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin tanınması şüarlarını əks etdirən bəyanatlar verməyə başladı.

Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT-in qərarlarının, eləcə də Moskva görüşünün bəyanatının müddəalarını pozduğu üçün bu cür yanaşmanı tamamilə qeyri-konstruktiv hesab edir.

 

Azərbaycan.-2020.- 14 oktyabr.- S.2.