Azərbaycan tarixinin şanlı səhifəsi yazılır

 

Azərbaycan Ordusunun Qarabağda apardığı uğurlu əməliyyatlar, haqq savaşı sürətlə böyük qələbəni yaxınlaşdırır. Bu günə qədər 40-dan çox yaşayış məntəqəsi, şəhərlər və kəndlərimiz işğalçılardan azad edilib. Hər gün bu rəqəmlər dəyişir. Həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq ordumuzun nəzarətindədir. Təcavüzkar Ermənistanın silahlı bölmələri isə haqq savaşı aparan Azərbaycan əsgəri qarşısında duruş gətirə bilmir. Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusu pərən-pərən salınıb. Düşmənin yüzlərlə zirehli texnikası, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvəsi məhv edilib, xeyli sayda hərbi texnikası, silah-sursatı ələ keçirilib.

Bu gün də cəbhə xətti boyu işğalçının müdafiə istehkamları darmadağın edilməkdədir. Erməni əsgəri sağ qalmaq üçün yeganə çıxış yolunu silahını, hərbi texnikasını, döyüş bayrağını atıb qaçmaqda görür. İşğal edilmiş torpaqlarımız azad edildikdən sonra ucaldılan üçrəngli bayrağımız düşmənə göz dağı verir. İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın müstəqillik tarixinin şanlı səhifəsi yazılır.

 

 

 

Ermənistan dünyanın gözü qarşısında müharibə cinayəti törədir

 

 

Tərəflər arasında humanitar atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatlarından, çirkin əməllərindən əl çəkmir. Səbəbi isə hər kəsə bəllidir.

Ermənistanın baş naziri Nikol Paşinyan yaxşı anlayır ki, savaş meydanındakı uğursuzluq onun siyasi hakimiyyətinin sonunu qaçılmaz edir. Azərbaycan topraqlarında məhv edilən minlərlə erməni hərbçisinin cəsədlərinin Ermənistana daşınması isə bu prosesi daha da sürətləndirəcək. Ona görə də düşmən oktyabrın 11-dən, hələ atəşkəs razılaşmasının mürəkkəbi qurumamış döyüş əməliyyatları zonasından aralıda yerləşən şəhər və rayonlarımıza ballistik raketlər ataraq vəziyyəti daha da gərginləşdirməyə çalışdı. Azərbaycan Ordusunun hədəfi hərbi obyektlər olduğu halda, Ermənistan, hər zamankı kimi, "gücünüdinc əhaliyə göstərir. Mülki əhalinin hədəfə alınması Gəncəyə ballistik raket atması ilə pik həddə çatdı. Tərtərdə dəfn mərasimində iştirak edən insanlara artilleriya atəşi açıb dərdlərinin üstünə dərd əlavə etmək isə Ermənistanın dünyanın gözü qarşısında törətdiyi növbəti müharibə cinayəti oldu.

Erməni əsgərinin savaş meydanından qaçdığını görən N.Paşinyanın bu çirkin oyunları oynamaqda əsas məqsədi Azərbaycanı dayandırmaq və münaqişəyə kənar qüvvələri cəlb etməkdir.

Ermənistanın bu ağır cinayətinə beynəlxalq birliyin, xüsusən Minsk qrupu həmsədrlərinin səssiz qalması isə ikili standartların, özgə dərdinə, başqasının faciəsinə laqeydliyin təəssüf doğuran təzahürüdür.

 

 

İlham Əliyev Azərbaycana qarşı olan bütün təzyiqləri neytrallaşdırır

 

 

 

Ali Baş Komandan İlham Əliyev Qarabağda əks-hücum əməliyyatları başlanandan sonra xarici KİV-ə verdiyi bütün müsahibələrində bu məsələyə xüsusi toxunur və qətiyyətlə vurğulayır ki, Ermənistanın xain hücumları Azərbaycanı zərrə qədər yolundan döndərə bilməz. Çünki Azərbaycan haqq yolundadır və bu yolu uğurla davam etdirir.

Münaqişəyə kənar qüvvələrin cəlb edilməsi məsələsinə gəlincə isə, Prezident İlham Əliyev konkret olaraq deyib ki, erməni tərəfinin məqsədi kimlərinsə hesabına yenə müdafiə olunmaqdır. Yəni N.Paşinyanın niyyəti odur ki, Azərbaycan Ordusu Ermənistan ərazisinə zərbələr endirsinbununla da münaqişəyə başqa dövlətləri cəlb edərək daha 30 illik qanunsuz işğalı təmin etsin.

Bütün bu planlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Ancaq Prezident İlham Əliyev bu siyasi təzyiqlərə qətiyyətlə sinə gərir. Təmkinli addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Bununla da Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.

Bu gün Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirib. Ermənistanın danışıqların formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkilib. Ermənistan etiraf edir ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir.

Aylar öncə Azərbaycanın ancaq qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalı olduğunu iddia edən, qarşımıza 7 şərt irəli sürən N.Paşinyan artıq bunları dilinə gətirə bilmir. İndi Paşinyan ona diktə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür.

Prezidentin də söylədiyi kimi, istənilən bəyanat, təzyiq Azərbaycanı yolundan döndərə bilməz. Ali Baş Komandanın qətiyyətli mövqeyi ortadadır. Azərbaycan Ordusunun əməliyyatları yalnız Prezident İlham Əliyevin şərtlərinin yerinə yetirildiyi halda dayandırıla bilər. Ermənistan silahlı birləşmələri Azərbaycan torpaqlarından tam çıxmayınca Ordumuz dayanmayacaq. Bu, Azərbaycanın haqq işidir.

 

 

Status-kvo, təmas xətti deyilən anlayış yoxdur

 

İllərdir cəzasızlıq mühitindən yararlanan Ermənistanın status-kvonu saxlamaq niyyəti də alt-üst oldu. Artıq status-kvo, təmas xətti deyilən anlayış yoxdur. "Münaqişənin hərbi həlli yoxdurtezisi də məhv olub.

Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində söylədiyi kimi, hədəflər dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilməlidir. Azərbaycan döyüş meydanında dayanmağa da hazırdı. Ancaq bir şərtlə ki, Ermənistan da şərtlərə əməl etsin və Azərbaycan torpaqlarını nə zaman tərk edəcəyi ilə bağlı təqvim versin.

Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmğa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardına vurur, öz iradəsini diktə etməyə çalışırdı. Amma bu müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı. Eyni zamanda iqtisadiyyatını tam çökdürdü. İndi Ermənistanın yeganə qurtuluş yolu var - İlham Əliyevin irəli sürdüyü şərtlərin icrasını təmin etmək.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.-17 oktyabr.- S.1;4.