Yaponiyanın ölkəmizdəki səfiri Ermənistanın son təxribatları haqqında məlumatlandırılıb

 

Oktyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Cuniçi Vada ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Yaponiya arasındakı əməkdaşlıq münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

M.Quliyev səfir Cuniçi Vadanı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Nazir Ermənistanın son təxribatları haqqında səfiri ətraflı məlumatlandırıb. Qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın mülki şəxsləri və infrastrukturu humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə məqsədli şəkildə hədəfə alınır. Gəncə şəhəri ilə yanaşı, sənaye obyektlərinin və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri və digər yaşayış məntəqələri ağır artilleriya, həmçinin raket atəşinə tutulur.

Mülki əhali arasında öldürülən və yaralanan şəxslər barədə qarşı tərəfə geniş məlumat verilərkən bildirilib ki, Ermənistanın hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır və hərb meydanında düşmənə yetərli cavab verilir.

Görüşdə, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

Azərbaycan.- 2020.-15 oktyabr.- S.4.