“Sərhəd tanımayan vəhşilik”

 

İşğalçı Ermənistanın mülki əhalini hədəf alması Türkiyə mediasında diqqətdə saxlanılır

 

Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı uğurlu hərbi əməliyyatları ilk gündən Türkiyədə KİV-in xüsusi diqqətindədir. Eyni zamanda qardaş ölkənin media orqanları Ermənistan ordusunun insanlıq əleyhinə olan cinayətlərinin də dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar. Türkiyənin aparıcı qəzetləri və xəbər agentlikləri cəbhədə baş verənləri operativ şəkildə oxuculara təqdim edir.

"Milliyət” qəzeti "Mülki əhaliyə yenə bomba atıldı” başlıqlı xəbərini manşetdən verib. Xəbərdə bildirilir ki, erməni silahlı birləşmələri Tərtər şəhər qəbiristanlığını dəfn zamanı artilleriya atəşinə tutublar. Nəticədə 4 nəfər ölüb, 4 nəfər yaralanıb. Qeyd olunur ki, Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürütməkdə davam edir.

"Karar” qəzetində "Sərhəd tanımayan vəhşilik” başlıqlı məqalədə döyüş bölgəsində uduzan Ermənistanın acığını mülki əhalidən çıxdığı qeyd olunur. Vurğulanır ki, terrorçu dövlət olan Ermənistan Tərtərdə qəbiristanlığı dəfn zamanı atəşə tutub ki, nəticədə günahsız insanlar qətlə yetiriliblər.

"Azərbaycan Ordusu irəliləyir” başlıqlı məqalə "Yeni Şafak” qəzetinin manşetində yer alıb. Bildirilib ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Azərbaycan isə döyüş meydanında onların layiqli cavablarını verir. Sevindirici haldır ki, Azərbaycan Ordusu son iki gündə daha 14 kəndi işğaldan azad edib.

İlk gündən Azərbaycan Ordusunun uğurlarına geniş yer verən "Sabah” qəzeti "Azərbaycan yetim uşaqlara ağlayır” başlıqlı xəbərində yazır ki, Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saat 2-də öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni "SCUD” ballistik raketi ilə bombalayıb. Nəticədə 10 nəfər həlak olub, 17-si qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 3 bina tamamilə məhv edilib, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

"Aydınlık” qəzeti "Türkiyə danışıqlarda olsun” başlıqlı xəbərində yazır ki, Azərbaycan hansı sahədə ehtiyac duyarsa, Türkiyə hər cür dəstəyi verməyə hazır olduğunu dəfələrlə bəyan edib. "Dağlıq Qarabağ Azərbaycanındır. İşğal olunmuş ərazilər tam azad edilməyib və bu günədək qəbul edilmiş qətnamələr yerinə yetirilməyib. Bir milyondan çox azərbaycanlı qardaşımız öz evlərinə dönməyi gözləyirlər” - deyə qəzet yazır.

"Diriliş Postası” qəzeti "Azərbaycan tam güclə irəli” başlıqlı xəbərində göstərilir ki, Prezident İlham Əliyevin idarəçiliyi dönəmində daha da güclənən Azərbaycan Ermənistanı olduqca zəif bir dövlətə çevirməyi, dünya erməniliyinə isə böyük zərbələr vurmağı bacarıb. Bildirilir ki, cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan azğınlıq edərək günahsız insanları hədəfə alıb. Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandallıq həyata keçirirlər. Azərbaycan Ordusu tərəfindən son 2 gündə daha 14 kənd işğaldan azad edilib.

"Ermənistan çarəsizdi” başlıqlı məqalə "Milat” qəzetində dərc olunub. Qəzet yazır ki, Ermənistanın atəşkəs rejiminə əməl etməməsi bölgədə sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bildirilir ki, cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan azğınlıq edərək günahsız insanları hədəfə alıb: "Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandalizm həyata keçirirlər. Oktyabrın 11-də gecə Gəncədə yaşayış binasının hədəf alınması, Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktlarıdır”.

"Türkgün” qəzeti "Terroristdən şəfa gözlənilərmi?” başlıqlı xəbərində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirlərinə geniş yer ayrılıb. Yazıda Ermənistanın bölgə və beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılıb.

"Türkiyə” qəzetinin "Qardaş təpələrinə mindi” başlıqlı xəbərində oxuculara cəbhədə baş verən ən son məlumatlar çatdırılır. Yazılır ki, cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar davam edir. Yazıda xüsusən son iki gündə daha 14 kəndin işğaldan azad edildiyi sevinc hissi ilə oxucuların diqqətinə çatdırılır. Müəllif onu da göstərir ki, Azərbaycanın uğurlu əks-hücum əməliyyatı ədalətsizliyə və 30 ilə yaxın davam edən işğala son qoyacaq.

"Yeni akit” qəzetinin "Fahişə Ermənistan qəbiristanlığı vurdu” başlıqlı xəbərində 4 mülkü şəxsin vəfat etdiyi, 4 nəfərin yaralandığı diqqətə çatdırılır. Qeyd olunur ki, hazırkı vəziyyət bölgədəki bütün böyük dövlətlərə real və ədalətli həll üsullarını tətbiq etmək imkanı verir. "Otuz ildir bu problemin həlli üçün heç nə edilməyib, ona görə Azərbaycan problemini özü həll etmək məcburiyyətində qalıb və bunun üçün hərəkətə keçib, istədiyi nəticələrə də nail olmaqdadır”- deyə qəzet yazır.

Qəzetlərdən "Akşam”ın "Ermənistan müharibə cinayəti işləyir”, "Cümhuriyyət”in "Ermənistan mülki əhalini vurdu”, "Yeniçağ”ın "Ankara olmadan Qarabağ problemi çözülməz”, "Yeni birlik”in "Əliyevə dəstək məktubu”, "Yeni söz”ün "Ermənistan şərəfsizcə hücum edir” başlıqlı xəbərlərində Ermənistanın işğalçı siyasəti, son terror əməlləri pislənilir, Azərbaycan Ordusunun öz torpağında ərazi bütövlüyü uğrunda mübarizə apardığı diqqətə çatdırılır.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.-17 oktyabr.- S.7.