Təbii resurslarımız xalqımızın və ölkəmizin milli maraqlarına xidmət edir

 

 

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın təbii resursları xalqımızın milli maraqlarına xidmət edir. Neftdən əldə olunan gəlirlər, o cümlədən Azərbaycan Ordusunun gücünü, qüdrətini artırıb, silah-sursatla təchizatını yüksək səviyyəyə çatdırıb. Dövlət başçısı bu barədə belə demişdir: "Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir”.

Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı apardığı müharibədə, düşmən tapdağında olan torpaqlarımızı azad etmək üçün döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıq deyilənlərin əyani təsdiqidir. Bu gün Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu var. Neft gəlirləri, eləcə də ölkə qarşısında dayanan digər ümdə problemlərin həllinə, məsələn, məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasına, təhsilin, səhiyyənin inkişafına, infrastrukturun təkmilləşdirilməsinə və s. yönəldilir.

Dövlət başçısı keçən ay "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra telekanallara müsahibəsində xalqımızın keçmişində və bu günündə neft amilinin rolundan ətraflı bəhs etmişdir. Xatırlatmışdır ki, Azərbaycan qədim neft diyarıdır. Həm çar Rusiyası və sovet dönəmlərində, həm də indiki müstəqillik dövründə xalqımızın həyatı neft amili ilə sıx bağlı olub. Lakin təbiətin böyük səxavətlə yurdumuza bəxş etdiyi bu sərvətdən uzun illər boyu, yəni ölkəmizin müstəqilliyindən əvvəlki dövrlərdə insanlar lazımınca bəhrələnə bilməyiblər. Prezidentimizin dediyi kimi: "Əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi. Bir daha deyirəm, Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik”.

Sərvətlərimizin özümüzə məxsus olmadığı o çətin dövrlərdə nə yaxşı ki, zəngin neft maqnatları, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev və başqaları əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf ediblər. Onların xeyirxah əməlləri yaşayır və xoş xatirələrlə nəsillərdən nəsillərə çatdırılır.

Məsələn, H.Z.Tağıyevin görkəmli həkim, dövlət xadimi Əziz Əliyevin həyatında böyük rolu olmuşdur. Prezident İlham Əliyev bunu xatırladaraq demişdir: "Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuşduoxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu. Onu da bildirməliyəm ki, İkinci Dünya müharibəsi zamanında o, Dağıstana birinci katib vəzifəsinə göndərilmişdir və müharibə illərində Dağıstana rəhbərlik etmişdir. O vaxt dağıstanlıları da digər Qafqaz xalqları kimi sürgün etmək üçün planlar var idi. Demək olar ki, bu qərar artıq sovet rəhbərliyi tərəfindən verilmişdi. Məhz Əziz Əliyevin fəaliyyəti, onun çox cəsarətli addımları nəticəsində dağıstanlılar bu bəladan xilas ola bildilər. Bu gün onun xatirəsi Dağıstanda yaşayır, onun şərəfinə abidə ucaldılıb”.

Təbii ki, mesenatlar heç də hamıya kömək edə bilməzdilər. Digər tərəfdən, o vaxt Bakının neft maqnatları arasında ermənilər də az deyildi. Onlar torpağımızda qazandıqları pulları xalqımıza ziyan gətirən işlərə sərf edirdilər.

XX əsrin əvvəllərində, eləcə də sonrakı onilliklərdə texnikatexnologiya çox primitiv idi. Odur ki, neft hasilatındakı artım insan əməyinin istismarı nəticəsində baş verirdi. Bir sözlə, neft amili neft ölkəsi olan Azərbaycanda bütün zamanlarda buya digər şəkildə ailələrin və nəsillərin bir çoxunun taleyindən keçib. Prezident İlham Əliyev vaxtilə neft mədənlərindəki ağır işin neftçilərin sağlamlığına zərbə vurduğunu da qeyd etmişdir: "Deyə bilərəm ki, bizim ailədə də bu, öz təsirini göstərdi. Çünki mənim digər babam Əlirza Əliyev pul qazanmaq üçün Naxçıvandan Bakıya gəlirdi və aylarla neft mədənlərində işləyirdi. Bu, onun səhhətinə çox mənfi təsir göstərmişdi və məhz buna görə gənc yaşlarında vəfat etdi”.

Sovet dövründə isə respublikamızın iqtisadiyyatı SSRİ-nin planlı təsərrüfatı ilə birbaşa bağlı idi. Bütün sahələrdə qazanılan vəsaitlər, o cümlədən neft gəlirləri ümumi büdcəyə daxil olurdu.

İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqında yanacağın 80 faizi, sürtkü yağlarının 90 faizi Azərbaycan tərəfindən təmin edilirdi. Azərbaycanda hərbi texnika istehsal olunurdu. Sovet İttifaqı dağılanda üzləşdiyimiz vəziyyətin isə şərhə ehtiyacı yoxdur. Sərvətlərimizlə müdafiə olunan, varlanan o ölkədən bizə dağılmış neft infrastrukturu qaldı. Dəniz özülləri köhnəlib sıradan çıxmışdı. Neft hasilatı aşağı düşmüşdü. Qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı. Rayonlar, ümumiyyətlə, qazdan istifadə edə bilmirdilər.

Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra neft sənayesinin inkişafına da xüsusi diqqət ayırdı. "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz sərvətlərinin sahibi olduğunu bütün dünyaya bəyan etdi .

Ümummilli Lider 1999-cu ildə ARDNF-ni (Azərbaycan Respublikası Dövlət Neft Fondu) yaratdı. Neft hasilatı artdıqca ölkənin gəlirləri, neft fonduna daxil olan vəsaitlər də artdı. Heydər Əliyev ənənələrini davamgünün tələbləri baxımından inkişaf etdirən Prezident İlham Əliyev neft kapitalını insan kapitalına çevirməyi qarşıya məqsəd qoydu. İndi ölkəmizdə bu istiqamətdə artıq çox böyük işlər görülüb. Dövlət başçısı bu barədə belə deyir: "Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik”.

Təsadüfi deyil ki, Davos İqtisadi Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə ölkəmiz dünyada 27-ci yerdədir. Müstəqillik dövründə ölkədə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana inşa edilib və ən müasir avadanlıqla təchiz olunub. Bu illər ərzində Azərbaycan kosmik dövlətə çevrilib, nəhəng neft-qazixrac layihələri icra edir. Bir sözlə, uğurlarımız bütün sahələri əhatə edir. Məsələn, sovet dövründə heç təsəvvür etmək olmazdı ki, Azərbaycan idmançıları indiki qədər uğurlar qazanacaqlar.

Prezidentimizin dediyi kimi: "Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.-17 oktyabr.- S.9.