Vuran qolun bükülməsin...

 

Əsgərə məktub

 

Salam, Azərbaycan əsgəri! Bu gün adı dilimizin əzbəri olan Vətən övladı! Bu məktubu sənə ürəyimi qanadlandıran coşqu ilə yazıram. Biz hamımız sizinlə, bugünlərdə dağ boyda sevinci bizə yaşadan, xalqımıza xoş ovqat bəxş edən Milli Ordumuzla qürur duyuruq.

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərimizdə apardığımız əks-hücum əməliyyatları sayəsində strateji əhəmiyyətli Murovdağın və bu qəbildən olan digər yüksəkliklərin, Cəbrayıl şəhərinin və ətraf yaşayış məntəqələrinin, Füzuli rayonunun zəbt olunmuş neçə-neçə kəndinin, habelə Xocavənd rayonunun Hadrut qəsəbəsi və 8 kəndinin düşməndən azad edilməsi dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsinin, ordumuzun əzmkarlığının daha bir göstəricisidir. Müzəffər ordumuz gündən-günə artan ruh yüksəkliyi, mübarizə əzmi və sərkərdəsinin qətiyyəti ilə çağdaş günümüzdə tarix yazır. Bu qəhrəmanlıq tarixi sənin də hünərinlə yazılır, əsgər oğlum!

Düşmən əsarətində qalmış yurd yerlərimizin hər qarışı uğrunda çarpışan, şirin canından keçən igidlərimizin torpağa səpələnmiş al qanıyla yazılır hərb salnaməmiz. Doğma yurdun ərazi bütövlüyü uğrunda şəhid olan oğulları dünyaya gətirmiş analar "Təki Vətən sağ olsun!” deyirlər. Axı məmləkəti düşmənə çəpər oğullar qoruyar, millətin namusunu, heysiyyətini, şərəfini hər şeydən uca tutarlar. Bu gün ordumuzun sıralarında birləşən ərənlər kimi. Sənin kimi, sənin silahdaşların kimi.

"Qalib haqlı olandır” deyiblər. Siz haqq işimiz naminə döyüşür, məlum münaqişə nəticəsində öz yurdunda qaçqına və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq soydaşımızın çəkdiyi iztirablara son qoyulması, əzəli torpaqlarımızın murdar düşməndən təmizlənməsi üçün od-alov püskürən, barıt qoxulu cəbhədəsiniz. Çünki bizim öz müstəqil respublikamızın ərazi bütövlüyünü müdafiə etmək hüququmuz var. Siz Vətən müharibəsinə qoşulmusunuz. Savaşınız, mücadiləniz müqəddəs amal uğrundadır.

İndi hər birimiz möhtəşəm həmrəyliyin şahidiyik: dövlət, xalq və ordu birliyinin! Bu sıx vəhdət ürəyimizdə ehtişam, fəxr-fəxarət duyğusu yaradıb. Xalqımız bütün dünyaya, bizi dəstəkləyən və dəstəkləməyən dövlətlərə haqq işi naminə bir yumruqtək birləşmək nümunəsi göstərdi. Bu gün Vətənimiz düşmənin strateji nöqtələrini sərrast nişan alan, hədəfi iti görən qartal baxışınıza, aslan pəncənizə, gücünüzə, təpərinizə güvənir. İşğal altında olan torpaqlarımızı buxovdan, qandaldan sən qurtaracaqsan, əsgər oğlum, əsgər qardaşım!

Birinci Qarabağ savaşında döyüşmüş cəsur oğul və qızlarımızın övladları indi odlu cəbhələrdə zəfər yürüşünə çıxıb, düşmənə qan uddurur. Uzun müddətdən bəri bağlanmış, kol-kos basmış yollarımız açılır. Otuz il əsirlikdə qalan, tank tırtıllarından cadar-cadar olmuş torpaqlarımız tezliklə öz gerçək sahiblərinin nəfəsi ilə sevinəcək.

Uğrunda çarpışdığın Vətənin anaları, həm də yurd aydınları adından deyirəm: "Vuran qolun bükülməsin, Azərbaycan əsgəri!”

 

Yaşasın tarix yazan Milli Ordumuz!

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!

 

Hörmətlə:

Zemfira MƏHƏRRƏMLİ,

yazıçı-publisist