Gəncədə tökülən nahaq qan yerdə qalmayacaq

 

Azərbaycan bu vandallığın da cəzasını verəcək

 

 

Erməni cəlladları nahaq qan tökməkdən əl çəkmirlər. Məğlubiyyətə uğrayan, cılızlaşan, mənəviyyatı gündən-günə aşınan işğalçılar əllərini dönə-dönə günahsız insanların qanına batırırlar.

Yerə-göyə sığmayan faciə, misli görünməmiş vəhşilik, qanun qarşısında bağışlanmaz cinayət və insanlıq qarşısında sözlə ifadə edilə bilməyəcək bir günahdır bu!

Oktyabrın 17-nə keçən gecə erməni vandalları Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endiriblər. Evlər dağıdılıb, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar dağıntılar altında qalıb. Faciəli surətdə həyatını itirənlər, yaralananlar var.

Dinc əhaliyə divan tutmaq erməni faşistlərinin dəyişməz xisləti, köhnə üzdəniraq adətidir. Xocalı soyqırımı kimi ağlasığmaz vəhşilik törədən vicdanı ləkəli erməni cəlladlarının əlindən nahaq qanlar tökməkdən başqa bir gəlmir. Nə vaxtdır yenə də Azərbaycanın şəhər və kəndlərində dinc insanları, onların mal-mülkünü hədəfə alırlar. O cümlədən tarixlər şahidi olan qədim Gəncəmiz hədəfdədir. Artıq neçənci dəfədir bu şəhərdə dağıntı, qırğın törədirlər.

Gücsüzlüklərinin, acizliklərinin və ilk növbədə, şərəfsizliklərinin, namərdliklərinin daha bir sübutudur bu! Azərbaycan xalqının haqq savaşı qarşısında, Azərbaycan Ordusunun gücü-qüdrəti qarşısında dözüş-duruş gətirməyi bacarmırlar. Şəhər və kəndlərimizi bir-birinin ardınca onların murdar pəncələrindən azad etməyimizlə, zirvələri almağımızla barışa bilmirlər. Məğlubiyyətlərinin acısının və xəcalətinin intiqamını ən alçaq və şərəfsiz yolla alırlar. Gecə yuxuda olan şəhərə zərbə endirirlər. Cəbhədən, döyüş meydanından çox-çox uzaqlarda olan yaşayış məntəqələrinin sakinlərini qətlə yetirirlər.

Təbiətin qoynunda, meşənin dərinliklərində yaşayan vəhşi heyvanlar belə körpəyə toxunmaz, hücum etməz heç vaxt. Erməni vəhşiləri isə körpəyə güllə atır. Bax, gülləyə gülən o körpədə olduğu qədər qeyrət, mərdlik yoxdur o vandallarda, onların eybəcər mənəviyyatlı hərbi-siyasi rəhbərliyində.

Namərd yağı! Başlıca hədəfin Azərbaycan xalqının əzmini sındırmaqdır, bilirik. Əlində saxlaya bilmədiyin silahı nə qədər çaxsan da, bu hədəfə dəyə bilməyəcəksən! Azərbaycan əsgərinin döyüş ruhunu söndürməyə gücün çatmayacaq!

Biz Murovu, Suqovuşanı, Cəbrayılı, Füzulini, neçə-neçə obamızı sənin ləpirlərindən təmizlədikcə, taqətin tükənir, nəfəsin kəsilir, əlbəttə. Odur ki, gücünüz bir uşağın iradəsinə də çatmır.

Deyəsən, əyri-əyri yollarla əldə etdiyiniz bahalı silahlara çox güvənirsiniz. Ermənistanda millətiniz acından ölür, ölkədən dəstə-dəstə çıxıb gedir. Siz öz millətinizin də düşmənisiniz. Onu inkişafdan, dolanışıqdan geridə qoymağınız bir yana qalsın, övladlarını da əsgər kimi gətirib özgə torpağında ucuz, urvatsız ölümə məhkum edirsiniz.

Erməni əsgəri ən bahalı silahı nə qədər möhkəm çaxsa da, faydası yoxdur. Çünki onun döyüşü haqq yolunda deyil. Çünki onun hərəkəti, işi-əməli vəhşilikdir, cinayətdir. Bunların əvəzində cavabı döyüş meydanında alır, məğlub olur, məhv edilir, bir çox hallarda silahını atıb qaçır. Qaçmaqla insanlığın, qanunun, vicdanın mühakiməsindən qurtula bilməyəcək. Azərbaycan xalqının qəzəb və nifrətindən can qurtarmağa gücü çatmayacaq. Allahın lənətinə gələcək gecə-gündüz günahsız insanlara qarşı təxribat törədənlər və onların əllərinə silah verib "Al, çax!” deyən alçaqlar.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 18 oktyabr.- S.7.