Epidemiya vəziyyəti məhdudlaşdırıcı tədbirlər görməyi zəruri edir

 

Virusu nəzarətolunan həddə salmaq vətəndaşların nizam-intizamı və məsuliyyətindən asılıdır

 

 

Koronavirus pandemiyası dünyanın bir nömrəli problemi olmaqda davam edir. Təhlükəli virus payız-qış mövsümünün başlaması ilə insanların yoluxma riskini daha da artırıb. Son statistikaya əsasən, hazırda dünyada COVID-19-a yoluxanların sayı 42 milyonu ötüb,

 

1 milyondan çox insan bu virus səbəbindən dünyasını dəyişib.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən xəbərdarlıq edib ki, növbəti bir neçə ay çox çətin olacaq: "Biz COVID-19 pandemiyasının kritik vacib kəsişməsindəyik, xüsusilə şimal yarımkürəsində. Növbəti bir neçə ay çox çətin olacaq bəzi ölkələr təhlükəli trayektoriyadadır”.

ÜST rəhbəri dünya ölkələrinin liderlərini ölüm hallarının artması, səhiyyə sistemlərinin çökməsi məktəblərin bağlanmasının qarşısının alınması istiqamətində dərhal addımlar atmağa çağırıb.

 

 

 

Tibb işçilərimizi iki cəbhəyə bölməyək

 

 

Bir müddət əvvələ qədər Azərbaycanda COVID-19-a qarşı aparılan mübarizədə müsbət dinamika əldə olunsa da, təəssüf ki, son günlər bunun əksi ilə qarşılaşırıq. Ölkəmizdə koronavirusa yoluxma sayının pik həddə çatması ciddi narahatlıq yaratmaya bilməz. İndi cəbhə bölgəsində şiddətli döyüşlərin getdiyi bir məqamda xəstəxanalarda COVID -19-a yoluxanların sayının artması yolverilməzdir. Belə arzuolunmaz hal tibb işçilərimizin iki cəbhəyə bölünməsinə rəvac verə bilər ki, buna heç birimiz razı olmamalıyıq.

Buna görə mövcud sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı yoluxma sürəti əsas götürülməklə, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Belə ki, oktyabrın 19-dan noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılıb, digər əməkdaşlar məsafədən rejiminə keçirilib. Özəl sektorda digər sahələrdə fəaliyyət göstərən qurum təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunub. Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilib. Eyni zamanda Nazirlər Kabinetinin qərarına əsasən, noyabrın 2-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

 

 

 

Bəzi yerlərdə yüksək yoluxma faktları aşkarlanıb

 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən gündən karantin qaydaları yenidən sərtləşdirilib. Belə ki, ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında Mingəçevir şəhərində yüksək yoluxma faktları qeydə alınıb.

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə oktyabrın 24-dən Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına Mingəçevir şəhərinə operativ xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılıb. Eyni zamanda, adıçəkilən rayonlarda şəhərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Qurum vətəndaşları COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə qoruyucu maskalardan digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırıb.

 

 

"İnsanların məsuliyyət hissinin azalması bizi daha çox narahat etməlidir

 

 

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, insanlarda bu məsələ ilə bağlı məsuliyyət hissinin azalması daha çox narahatlıq yaradıb. Müşahidələr göstərir ki, aprel, may, iyun, iyul aylarında insanlar virusa yanaşmada daha ciddi idi, həm bir-birini, həm də özünü qoruma vərdişləri kifayət qədər yüksək idi. Avqust-sentyabr aylarında yoluxma sayında azalma başlayan kimi elə düşündülər ki, daha koronavirus ölkədə bitdi: "Düzdür, indi müharibə dövrüdür, insanlarımızın müəyyən hissəsinin əhvali-ruhiyyəsi ön cəbhəyə köklənib. Amma bu bizə əsas vermir ki, arxa cəbhədə düşmən olan koronavirusla mübarizəni də zəiflədək”.

COVID-19-dan birdəfəlik qurtuluş yolu olan peyvəndlərlə bağlı hələlik proqnozlar ümidverici deyil. TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, koronavirusla bağlı hazırda təsdiqlənmiş, öz effektivliyini dəqiq sübuta yetirmiş bir peyvənd növü çox təəssüf ki, yoxdur. O, məlumat verib ki, peyvənd hər hansı bir müddətdə təsdiqlənsə belə, bu, müəyyən qrup insanlara vurulacaq. "Bunlar da yaşlı şəxslər, xroniki xəstəliyi olanlar, ürək-damar sistemi xəstəliyi, şəkərli diabeti olanlar, xroniki böyrək, qaraciyər xəstəlikləri olan şəxslər, ağciyərlərin xroniki xəstəliyindən əziyyət çəkənlərdir. Biz ölüm statistikalarını araşdırdığımız zaman görürük ki, onlarda ağırlaşma və ölüm riski çox yüksək olur”, -deyə o bildirib.

Göründüyü kimi, hazırda bu qorxulu bəladan qorunmaq yalnız profilaktik tədbirlər görməklə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməklə mümkündür. COVID-19-la bağlı hazırkı vəziyyətdə mövcud karantin rejiminə ciddi əməl etmək, maska taxmaq, mümkün qədər ictimai yerlərdə olmamaq, evdən yalnız zəruri hallarda çıxmaq, şəxsi gigiyenaya riayət etmək həyati əhəmiyyət daşıyır. Eyni zamanda, müvafiq pandemiya qaydalarına riayət etməklə həm sağlamlığımızı qoruya bilmək, həm də dövlətimizə və ordumuza böyük dəstək vermiş olarıq.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 25 oktyabr.- S.1;8.