“Müzəffər Ali Baş Komandanımız, Şanlı Ordumuz sayəsində arzumuz gerçəkləşir”

 

İyirmi səkkiz ildən sonra doğma yurdlarının işğaldan azad olunmasının sevincini Xocavənd rayonunun Günəşli kəndinin sakinləri də yaşayırlar. Günəşli sakinləri indi uzun illərdir həsrətində olduqları kəndlərinə qayıdacaqları günü gözləyirlər.

Sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən kənd sakini Şakir Balakişiyev Xocavənd rayonunda keçən gənclik illərinin ən gözəl xatirələr kimi yaddaşına həkk olunduğunu deyib: "Kəndimiz işğal olunanda 28 yaşım var idi. Gəncliyim o gözəl yerlərdə keçib. Həmin illər yaddaşımda ən gözəl xatirələrlə qalıb. 28 ildir doğma yurdumuzun həstəri ilə yaşayırıq. Artıq bu həsrətə son qoyulur. Bizim kəndimiz də düşmən tapdağından azad edilib. Uzun illər gözlədiyimiz bu xəbəri eşidəndə bayram elədik. Sevinirəm ki, övladlarımla ata yurduma qayıdacağıq, nəvələrim o torpaqlarda böyüyəcək. Bu sevinci bizə bəxş edən Prezidentimizə minnətdaram".

Ailənin xanımı Nuriyə Balakişiyeva dövlətimizin məcburi köçkünlər üçün yaratdığı şəraitdən razılıqla danışsa da, hər zaman ən böyük istəklərinin doğma yurdlarına qayıtmaq olduğunu bildirib: "Dövlətimiz bizim üçün gözəl şərait yaradıb. Lakin biz hər zaman öz yurdumuza qayıtmaq istəmişik. Bu gün çox sevinirik. Müzəffər Ali Baş Komandanımız, Şanlı Ordumuz sayəsində arzumuz gerçəkləşir. Oğlum da hazırda cəbhədə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdədir. Ən böyük arzum odur ki, oğluma doğma kəndimizdə toy edək. Bundan sonrakı həyatımızı kəndimizdə keçirək".

Ailənin qızı Türkanə Sadıqova köçkünlük illərində doğulub. Ata-baba yurdlarını görməsə də, o yerlərə sevgi ruhunda böyüyüb. "Ata yurdumuzu heç zaman görməmişəm, lakin həmişə ora getməyi istəmişəm. Çünki atamın doğulduğu kənd mənim də Vətənimdir. İndi çox sevinirəm, artıq kəndimiz işğaldan azad edilibbiz o yerləri görəcəyik", - deyə o bildirib.

 

 

Azərbaycan.-2020.- 25 oktyabr.- S.8.