Ermənistan yeni humanitar atəşkəsi elə ilk dəqiqələrindən pozdu

 

Bu, işğalçı ölkənin beynəlxalq vasitəçilərin səylərinə saymazlığının göstəricisidir

 

 

İkinci Qarabağ müharibəsinin başlanmasından bir ay ötür. Azərbaycan Ordusunun haqq savaşı davam edir, torpaqlarımız erməni işğalçılarından təmizlənir. Ordumuz yalnız Dağlıq Qarabağdakı hərbi obyektlərə zərbə endirdiyi halda Ermənistanın kriminal xunta rejimi öz çirkin əməlindən əl çəkməyərək yenə də dinc əhalini hədəf alır.

 

Erməni xisləti

 

 

Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələr nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistan hər gün həmsədr dövlətlərə yalvararaq atəşkəsə nail olmaq istəyir. İlk olaraq oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə humanitar atəşkəsə razılıq verdiyi halda düşmən riyakarlığını nümayiş etdirərək ilk andan bu razılaşmanı kobud şəkildə pozdu.

Belə ki, oktyabrın 11-də atəşkəs razılaşmasının hələ mürəkkəbi qurumamış döyüş əməliyyatları zonasından aralıda yerləşən şəhər və rayonlarımıza ballistik raketlər ataraq vəziyyəti daha da gərginləşdirən Ermənistan gücünü mülki əhaliyə göstərməyə başladı.

Kriminal rejimin mülki əhalini hədəf alması düşmənin Gəncəyə ballistik raket atması ilə pik həddə çatdı. Tərtərdə dəfn mərasimində iştirak edən gözüyaşlı insanlara artilleriya atəşi açıb dərdlərinin üstünə dərd əlavə etmək müasir dünyanın gözü qarşısında törədilən daha bir müharibə cinayəti idi. Gəncə şəhərinə raket hücumu 10 nəfərin ölümünə, 34 nəfərin yaralanmasına səbəb oldu.

Döyüş meydanında ağır itkilər verən Ermənistanın növbəti yalvarışından sonra ikinci dəfə oktyabrın 18-də humanitar atəşkəs elan edildi. Bu dəfə həmsədr ölkə olan Fransanın vasitəçiliyi ilə...

Yenə də düşmən ilk dəqiqələrdən buna riayət etmədi. 18 oktyabr - humanitar atəşkəsin ilk günü: 00:00-dan etibarən Ermənistan mülki şəxslərə və yaşayış məntəqələrinə hücumlara başladı. Gəncəyə, Tərtərə, Ağdama, Goranboya, Xızıya və Ağcabədiyə mərmilər atıldı. Gəncə şəhərinə düşən mərmi daha 14 nəfərin həlak olması, 50-dən çox insanın yaralanması ilə nəticələndi.

Oktyabrın 24-də ABŞ dövlət katibi Maykl Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüş keçirdi. Bunun ardınca oktyabrın 25-də 3-cü humanitar atəşkəs elan edildi. Ancaq yenə də erməni məkri, erməni xisləti özünü göstərdi. Yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu, eləcə də dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi, bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlartoplardan atəşə tutmaqda davam etdi.

Məhz sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb. Bundan başqa, 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yararsız hala düşüb. Bu, əsl erməni vandalizminin göstəricisidir. Tarix boyu belə xain hücumlara məruz qalmışıq.

Bir sözlə, 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabrda Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozuldu. Bu, hər dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Görünür, Ermənistan baş nazirinin bəyan etdiyi kimi, bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalını davam etdirməkdir.

 

 

 

Erməni əsgəri Qarabağdan rədd olmayınca, Azərbaycan Ordusu dayanmayacaq

 

 

Azərbaycan öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə daim hörmət nümayiş etdirir. Atəşkəsin pozulmasına və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Əlbəttə ki, humanitar atəşkəs razılaşmasının Ermənistan tərəfindən pozulmasının səbəbləri hər kəsə bəllidir. Bu ölkənin baş naziri Nikol Paşinyan yaxşı anlayır ki, savaş meydanındakı uğursuzluq onun siyasi hakimiyyətinin sonunu qaçılmaz edir. Humanitar atəşkəsin tələblərinə əməl edib Azərbaycan torpaqlarında məhv edilən minlərlə erməni hərbçisinin cəsədlərinin Ermənistana daşınması isə bu prosesi daha da sürətləndirəcək. Erməni əsgərinin savaş meydanından qaçdığını görən N.Paşinyanın bu çirkin oyunları oynamaqda əsas məqsədi Azərbaycanı dayandırmaq və münaqişəyə kənar qüvvələri cəlb etməkdir.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Qarabağdakı uğurlu əməliyyatları başlanandan sonra xarici KİV-ə verdiyi bütün müsahibələrində bu məsələyə xüsusi olaraq toxunur və qətiyyətlə vurğulayır ki, Ermənistanın xain hücumları Azərbaycanı yolundan döndərə bilməz. Çünki Azərbaycan haqq yolundadır və bu yolu uğurla davam etdirir.

Xalqa növbəti dəfə müraciət edən Prezident İlham Əliyev bir daha bu məsələyə toxunaraq həm düşmənə, həm də həmsədr ölkələrə mesaj ünvanladı. Azərbaycanın hər zaman verdiyi sözü tutduğunu, illərdir məsələnin sülh yolu ilə həllinə razılaşdığını deyən İlham Əliyev vurğuladı ki, Ermənistan hər zaman danışıqlar prosesini pozmaqla vaxt udub. Ancaq bu dəfə vəziyyət tam başqadır. Əgər kimsə Qarabağda atəşkəsin bərqərar olmasını istəyirsə, işğalçıdan silahlı birləşmələrini Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir. "Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”, - deyə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

Erməni əsgəri Qarabağdan rədd olmayınca, Azərbaycan Ordusu dayanmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət, tarixi ədalət Azərbaycanın tərəfindədir. Azərbaycan ərazi bütövlüyünü bərpa etməlidir və tezliklə buna nail olacaq.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 28 oktyabr.- S.1;5.