Türkiyənin Baş Ombudsmanı: Gəncədə dinc insanların, azyaşlı uşaqların öldürülməsi cinayət və vəhşilikdir

 

Gəncəni ziyarət etməkdə məqsədimiz burada insanlığa qarşı vəhşiliyi, gecə vaxtı atılan raketlərlə dinc insanların, mülki vətəndaşların, azyaşlı uşaqların öldürüldüyünü bilavasitə görməkdir. Dinc insanları hədəfə alaraq mərmi atmaq, onları gecə vaxtı öldürmək cinayət və vəhşilikdir.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncəyə səfər edən İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç deyib.

Baş Ombudsman bildirib ki, belə cinayətlər tarixin heç bir dövründə bağışlanmayıb. Bu cinayəti məqsədyönlü şəkildə törədənlər, mülki şəxsləri qətlə yetirənlər, insanları raket atəşinə tutanlar mütləq müəyyənləşdiriləcək və onlar cəzalandılacaqlar. Tarix bunun canlı şahididir. Mən Türkiyənin Ombudsmanı olaraq, eyni zamanda, İslam Ölkələri Ombudsmanlar Assosiasiyasına sədrlik edirəm. Bu məsələdə Azərbaycan Ombudsmanı ilə həmrəylik içərisindəyik. Zərərçəkmiş insanlarla, səlahiyyətli şəxslərlə görüşmək üçün buraya gəlmişəm. İnşallah, buradakı işlərdən sonra hazırlayacağımız məruzəni əvvəlcə Türkiyədəki insan haqları təşkilatlarına, sonra İƏT-in, daha sonra dünyadakı bütün insan haqları qurumlarına və ombudsmanlara, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, BMT-yə göndərəcəyik. Çünki haqsızlıqlardan danışmadıqca yalan söyləyənlər həqiqətləri deyənləri üstələyir.

Türkiyənin Baş Ombudsmanı qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını otuz ildir işğal altında saxlayır. BMT, ATƏT və digər beynəlxalq qurumlar münaqişənin həlli üçün ciddi addım atmayıblar. Otuz il davam etmiş bu münaqişənin daha da uzanması mümkün deyil. Bu baxımdan Azərbaycanın haqlı mübarizəsini, beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini müdafiə etməsini biz insan haqları təşkilatı, ombudsman olaraq ürəkdən dəstəkləyirik. Çünki bu, haqlının mübarizəsidir.

Şərəf Malkoç diqqətə çatdırıb ki, Azərbaycan xalqının və dövlətinin birliyi bu dövrdə çox böyük əhəmiyyət kəsb edir. Digər bir mühüm amil isə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin dostluğu və həmrəyliyidir. Bu dostluq və qardaşlıq Qafqazda sülhüsabitliyi təmin edəcək. Ümidvaram, Azərbaycan bu haqlı mübarizəsində zəfər qazanacaq, işğala son qoyulacaq, məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

“Ermənistanın bu işğal siyasəti hüquqa və mənəviyyata ziddir. Mülki şəxslərin hədəfə alınması, onların raket atəşinə məruz qalması nəticəsində çoxlu sayda şəxs həlak olub. Azərbaycanın özünü qanuni müdafiəsi və Türkiyənin, eləcə də beynəlxalq hüquqa hörmət edən digər ölkələrin bu özünümüdafiəyə dəstəyi nəticəsində mülki şəxsləri hədəfə alanlar mühakimə ediləcəklər”, - deyə Türkiyənin Baş Ombudsmanı vurğulayıb.

 

Azərbaycan.- 2020.- 23 oktyabr.- S.5.