Prezidentin köməkçisi
Hikmət Hacıyev “Al Jazeera”
kanalına müsahibə verib
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev "Al Jazeera”
kanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Ermənistanın hərbi təxribatları barədə danışan Prezidentin köməkçisi deyib ki, sentyabrın 27-də baş vermiş hadisələrə geniş vaxt çərçivəsində baxılmalıdır. 27 sentyabr hadisələri gözlənilmədən baş vermiş adi hadisələr deyil. Azərbaycan Ermənistanın belə hücum edəcəyini gözləyirdi. Belə ki, iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Azərbaycanın Tovuz rayonunda bir hadisə baş verdi. Bu, Ermənistan silahlı qüvvələrinin törətdiyi adi hadisə deyildi. Bu, Azərbaycan Silahlı Qüvvələrinə qarşı qabaqcadan planlaşdırılmış hərbi əməliyyat idi. Məqsəd Azərbaycanın mühüm logistika yollarına nəzarəti ələ keçirmək üçün strateji yüksəklikləri ələ keçirmək idi.
Bundan sonra erməni təxribatçı qruplarının aktivləşdiyini gördük. Ermənistan silahlı qruplaşmalarının sayı təmas xətti boyu artırıldı. Ermənistan silahlı qüvvələrinin bu şəkildə təmərküzləşməsi və aktivləşməsi onu göstərirdi ki, Ermənistan bizə qarşı hücum planı hazırlayıb. Ermənistanın baş naziri Paşinyan demişdi ki, "Qarabağ Ermənistandır”. Bu, o deməkdir ki, ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar və irəli sürülən təşəbbüslər uğursuzluğa düçar olacaq. Ermənistanın müdafiə naziri isə yeni hərbi doktrina qəbul etdiklərini və güc tətbiqi ilə yeni ərazilər əldə edəcəklərini bildirmişdi. Bu, o deməkdir ki, onlar Azərbaycanda yeni torpaqlar ələ keçirməyi planlaşdırırlar. Onlar düşünürdülər ki, beləliklə, işğal etdikləri torpaqlarımızda özlərinin təhlükəsizliyini təmin etmiş olacaqlar. Ermənistanın baş qərargah rəisinin müavini 2018-ci ildə verdiyi bəyanatda bildirmişdi ki, ölkəsinin silahlı qüvvələri Azərbaycanda mülki obyektləri hədəf seçəcək, onların vurulması strateji hədəf və tələbdir. Beləliklə, aydın görünür ki, Ermənistanın sentyabrın 27-də başladığı hücum əvvəlcədən planlaşdırılıb. Azərbaycan da əks-hücum əməliyyatı həyata keçirməyə məcbur oldu.
ABŞ-ın problemin həllində iştirakı ilə bağlı suala cavabında Prezidentin köməkçisi qeyd edib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. ABŞ bizə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş təklifini verdi. Azərbaycan belə təklifləri heç vaxt rədd etmir. Azərbaycan 30 il ərzində səbir və gözləmə siyasəti aparıb, danışıqlar aparmağı müharibədən üstün tutub, bu danışıqlara töhfə verib. Lakin danışıqlar nəticəsiz qalıb. Çünki Ermənistan işğal siyasətindən əl çəkmək istəmir.
Türkiyənin bu məsələdə iştirakı ilə bağlı sualı cavablandıran Hikmət Hacıyev Ermənistanın bununla əlaqədar qaralama kampaniyası apardığını diqqətə çatdırıb. O deyib ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, eyni zamanda, müştərək strateji dəyərlər var. Türkiyə bu müharibədə iştirak etməyib və buna ehtiyac da yoxdur. Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatları öz imkanları ilə uğurla yerinə yetirir. Ermənistan qəbul etsə də, etməsə də Türkiyə danışıqlar masasında iştirak edir. 1992-ci ildə fəaliyyətə başlamış ATƏT-in Minsk qrupuna 11 üzv dövlət daxildir. Üç dövlət - ABŞ, Rusiya və Fransa Minsk qrupuna həmsədrlik edir. Türkiyə 1992-ci ildən bəri qrupa üzv dövlətlər arasındadır. Türkiyə Azərbaycanla sıx əlaqələri olan dövlətdir. Həmçinin Türkiyə region ölkələrindəndir, Cənubi Qafqaz coğrafiyasına aid dövlətdir. Cənubi Qafqazdakı problemlər, oradakı müharibələr Türkiyənin təhlükəsizliyinə də təsir edir. Buna görə də qardaş Türkiyənin müharibədən sonrakı mərhələdə daha fəal iştirakında israr edirik. Ermənistan buna etiraz etsə də, bu vacibdir.
Münaqişənin həllində Rusiya-Türkiyə-İran vasitəçiliyi formatında danışıqlara dair təkliflə bağlı suala cavabında Prezidentin köməkçisi deyib ki, Minsk formatı qalır, onu ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur. Lakin biz bu prosesi daha da inkişaf etdirmək istəyirik. Bütün müharibələrdə görünüb ki, region ölkələrinin prosesdə iştirakı faydalıdır. Başa düşürük ki, İran, Rusiya, Türkiyə baş verən hadisələrin ölkələrinə təsirindən çəkinirlər. Ona görə də Minsk qrupu ilə paralel olaraq, bizimlə yaxşı əlaqələri olan İran, Rusiya və Türkiyənin iştirakı ilə başqa qrupların fəaliyyəti faydalı ola və Cənubi Qafqazda möhkəm sülhün yaranmasına gətirib çıxara bilər.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını hərbi yolla, beynəlxalq hüquqa və qanunlara məhəl qoymadan ələ keçirib. Ermənistan işğal etdiyi ərazilərdə bəşəri cinayətlər və qırğınlar, eləcə də etnik təmizləmə törədib. Bu azmış kimi, işğal etdikləri ərazilərdə Azərbaycan xalqının mədəni və dini abidələrini dağıdıb. Onlar məscidlərimizi dağıdıblar. İslama aid dəyərli nə varsa, hamısını hədəfə alıblar. Azərbaycan torpağı olan Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayon da Ermənistan tərəfindən işğal edilib. Ermənilər 700 min azərbaycanlını bu rayonlardan didərgin salıblar. Həmçinin Dağlıq Qarabağdan da azərbaycanlılar qovulublar. Bu köçkünlərin sayına Ermənistandan qovulan azərbaycanlı qaçqınların sayını da əlavə etsək 1 milyon nəfər edir. Bütün danışıqlarımızda ilk olaraq Dağlıq Qarabağın ətrafındakı rayonlarımızın işğaldan dərhal azad edilməsini tələb etmişik. Lakin Ermənistan bunu rədd edib. Otuz ildir ki, Ermənistan Azərbaycanın bu rayonlarını qaytarmamaq üçün prosesi uzadıb. Razı idik ki, işğal addım-addım bitsin, məcburi köçkünlər geri qayıtsın. Lakin Ermənistan qəti şəkildə bununla razı olmadı. Çünki o, bu ərazilərin ilhaqına cəhd edir.
"Azərbaycanın bu problemin həlli üçün nəyi güzəştə gedə bilər?” sualını cavablandıran Prezidentin köməkçisi qeyd edib ki, bizim qırmızı xətlərimiz var. Bu, bütün dünya dövlətlərinə də aiddir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu, bütün dünyada qəbul edilən məsələdir, hər bir xalq və dövlət üçün müqəddəs məsələdir. Ərazimizin heç bir hissəsini güzəştə gedə bilmərik. Bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etmək lazımdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Lakin Qarabağ və ətraf rayonların işğalı problemi var. Birinci hədəfimiz işğala son qoymaqdır. Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün ərazilərimizdən çıxmalıdır və azərbaycanlı köçkünlər, həmçinin Dağlıq Qarabağa geri qayıtmalıdır. Onların sayı 80 min nəfərdən çoxdur. Lakin bu, Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarının pozulması da demək deyil. Onlar burada qalmalıdırlar. Onlar azərbaycanlılarla birlikdə yaşaya biləcəklər. Onların yaşayışı təmin ediləcək. Elə yol tapa bilərik ki, onlar öz işlərini özləri də idarə edə bilərlər. Qarşılıqlı razılıq əsasında özünüidarə formasına da nail olmaq mümkündür. Dünyada buna oxşar nümunələr vardır. Biz bu nümunələrə baxa bilərik. Lakin Ermənistan bunu qəbul etməlidir. Ermənistan bunu qəbul etmir. Onun aydın hədəfi budur ki, işğal etdiyi ərazilərə azərbaycanlıların qayıtmasını əngəlləsin və əraziləri ilhaq etsin.
Humanitar atəşkəsin
pozulması ilə bağlı suala
münasibət bildirən Hikmət Hacıyev, ilk
növbədə, qeyd edib
ki, bu atəşkəsi
digər atəşkəsdən fərqləndirən cəhət
var. Humanitar atəşkəs
zamanı humanitar fəaliyyətlər həyata
keçirilir, əsgərlərin cəsədlərinin
dəyişdirilməsi prosesi baş verir. Buna Azərbaycan müsbət cavab
verib. Lakin Ermənistan
vədlərinə sadiq qalmayıb.
Oktyabrın 11-də Moskvada humanitar atəşkəslə bağlı bəyanat
verildi. Ertəsi gün
Ermənistan Azərbaycanın ikinci ən
böyük şəhəri Gəncəni
"SCUD” raketi ilə vurdu.
Burada 500 min insan yaşayır. Bu, o deməkdir ki, Ermənistan
mülki əhalinin sıx
yaşadığı yaşayış məskəninə atəş
açıb. Bu, o deməkdir ki,
Ermənistan humanitar atəşkəsi pozub. Ondan sonra
ikinci dəfə humanitar atəşkəs elan edildi. Ermənistan bunu da pozdu.
İkinci humanitar atəşkəs
elan ediləndən 2 dəqiqə sonra Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini
atəşə tutdu.
Onlara necə etibar etmək olar?! Onlar ikinci dəfə də Gəncə şəhərini "SCUD” raketi
ilə vurdular, nəticədə 14 mülki
şəxs öldü
və 40-dan çox insan yaralandı. İndiyədək 60-dan çox mülki
azərbaycanlı öldürülüb.
Döyüşlər başlayandan bəri
250 mülki şəxs
yaralanıb. Bu, o deməkdir ki, Ermənistan humanitar məqsədli atəşkəsdə
maraqlı deyil. Əksinə,
bundan istifadə edərək vaxt qazanmaq, yenidən qruplaşmaq, yeni hücumlara hazırlaşmaq
istəyir.
Jurnalistin Ermənistanın mülki şəxslərə hücumlar etdiyini inkar etməsinə dair sualına cavabında Hikmət Hacıyev deyib ki, bu, şərəfsizlikdir. Bu qədər mülki insanı öldürəsən, sonra deyəsən ki, bunu mən etməmişəm. Doğrudan da bu, şərəfsizlikdir. Erməni hərbçiləri həmişə döyüş meydanında məğlub olanda deyirdilər ki, onlar mülkiləri hədəf alacaqlar. Onlar bunu etdilər. Əgər raketin haradan atıldığını xatırlaya bilmirlərsə, onlara bunun Ermənistan ərazilərindən atıldığını göstərə bilərik - Ermənistanın Vardenis şəhərindən atılıb. Onun əsl adı Basarkeçərdir. Vaxtilə oranın əhalisinin çoxu azərbaycanlılar olub. Əgər bunu Ermənistan atmayıbsa, bəs kim edib? Azərbaycanda bu silahlar yoxdur. Bəs haradan gəldi bu raket?! Radarlar və müasir texnologiya ilə onun haradan gəldiyini görmək və qeydə almaq mümkündür. Mən əminəm ki, təkcə Azərbaycan deyil, həm də qonşu dövlətlərin radarları raketin atıldığı və düşdüyü yeri qeydə alıblar. Məqsəd də çoxlu sayda mülki şəxsi öldürmək olub.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur. Xankəndidə erməni ordusunun üç əsas nöqtəsi var idi. Azərbaycan şəhərlərinə oradan raket atırdılar. Azərbaycan Ordusu həmin hərbi hədəfləri məhv etdi. Ola bilər ki, orada mülkilər arasında itkilər olsun. Lakin bu, məqsədli şəkildə edilməyib. Ermənistandan fərqli olaraq, Azərbaycan erməniləri məqsədli şəkildə bilərəkdən hədəfə almır.
Ermənistan tərəfinin Azərbaycanı Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə təhdid etməsinə münasibət bildirən Prezidentin köməkçisi qeyd edib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı heç bir siyasi, hüquqi, tarixi əsas və sənəd yoxdur. Qarabağ tarixən Azərbaycan torpağıdır. Hüquqi baxımdan beynəlxalq aləm Qarabağı Azərbaycan torpağı hesab edir. Siyasi baxımdan bu addım ədalətli ola bilməz. Hətta Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Tanıya bilmir. Bu addımın atılması bütün danışıqların sona çatması deməkdir.
Azərbaycana
xaricdən döyüşçülərin gətirilməsi
ilə bağlı iddialara dair sualı cavablandıran
Prezidentin köməkçisi Azərbaycanın bunu qəti
şəkildə rədd etdiyini bildirib. Xaricdən
döyüşçüləri gətirib müharibədə
istifadə etmək - Azərbaycanın siyasətində belə
bir şey yoxdur. Azərbaycanın nizamlı, peşəkar
ordusu var. Azərbaycan
Ordusu qarşıya qoyulmuş
vəzifələri uğurla yerinə
yetirə bilir. Xaricdən
döyüşçülərin Azərbaycana gətirilməsi
iddialarını irəli sürənlər konkret
bir şey demirlər,
ümumi şəkildə "Qarabağda xarici muzdlular var” deməklə
kifayətlənirlər. Əksinə, erməni tərəfindən
xüsusilə Suriya və Livandan
gətirilən muzdlular var.
Ermənistan onları Azərbaycan Ordusuna
qarşı döyüşlərdə istifadə edir. Həmçinin Avropa
ölkələrinin, Kanada, ABŞ kimi ölkələrin erməni əsilli vətəndaşları
da onlar tərəfindən
vuruşurlar. Ermənistanın terrorçu PKK silahlılarından da istifadə etdikləri barədə məlumatlarımız
var. Azərbaycan kiçik
dövlətdir. Əgər burada muzdlular olsaydı, hamı bunu
bilər və bu barədə eşidərdi.
Heç kim
muzdluları görməyib və bu barədə
eşitməyib. Hesab edirəm ki, bu iddialar
Ermənistanın qara təbliğatının
bir hissəsidir. Ermənilər qəbul
edə bilmirlər ki, onların
qarşısında duran, onları məğlub
edən Azərbaycan Ordusudur. Türkiyə
Ordusunun da bu müharibədə iştirak
etməsi ilə bağlı iddialar tamamilə
yalandır. Türkiyə bizə mənəvi, diplomatik və siyasi dəstək
verir. Bu müharibədə
üçüncü tərəf yoxdur. Azərbaycan Ordusu
ölkəmizin ərazisini azad etmək üçün vuruşur.
Azərbaycan.-2020.- 28 oktyabr.- S.4.