Onların əfsanələri puç, bizim arzularımız çin olur

 

"Könlüm Zəngilanı istər...”

 

Erməni işğalçılarının iddiası və hikkəsi yerə-göyə sığmırdı. İş o yerə çatmışdı ki, qondarma Dağlıq Qarabağ qurumunun "müstəqilliyini” tanımağımız üçün bizi yeni torpaqlarımızın işğalı ilə hədələyirdilər. Elə sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktının törədilməsinin səbəbi də bununla bağlı idi. Ancaq qoy onlar saydıqlarını saysınlar...

Ermənistan və havadarları Dağlıq Qarabağın "müstəqilliyi” barədə qurduqları xam xəyalın puç olduğunu gördülər. Rəşadətli Azərbaycan Ordusu müqəddəs Qarabağ torpağının kimə məxsus olduğunu hamıya sübut etdi.

Bu gün işğal olunan torpaqları azad etmək üçün azərbaycanlılar cəbhəyə könüllü şəkildə getdiyi halda, erməni gənclər döyüş bölgələrinə "dubinka” ilə gətirilir. Gələn kimi də Azərbaycan əsgəri bir çoxunu məhv edir, salamat qalanlar isə canlarını qurtarmaq üçün döyüş meydanından qaçırlar.

Bu reallığı ermənilərin çoxu - hətta qatı millətçilər, Dağlıq Qarabağın "müstəqilliyindən” başqa heç bir variantla razılaşmayanlar da dərk edirlər.

Təxminən 10 gün əvvəl erməniəsilli kinorejissor Karen Şahnəzərov "Rossiya 1” telekanalının aparıcısı, "erməni bülbülüV.Solovyovun verilişində deyirdi ki, münaqişənin yeganə həll yolu Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanımasından keçir. Həm də boynumuza böyük minnət qoyurdu ki, belə olarsa, Ermənistan tərəfi əvəzində işğal altında olan 5 (7 yox-R.K.) rayonu qaytara bilər. Onun sözündən belə çıxırdı ki, Laçın və Kəlbəcər "qalib tərəf” kimi Dağlıq Qarabağa peşkəş edilməlidir.

Amma ordumuzun işğalçılara vurduğu ağır zərbələr "isti baş”ları xeyli "soyudub”. Artıq reallığı dərk və qəbul etməyə başlayıblar. Onlardan biri də elə həmin Karen Şahnəzərovdur. Erməni rejissoru indi bəyan edir: "Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi mümkün deyil. Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanıdığı halda mümkün ola bilər. Bu isə yalnız Ermənistan ordusu Bakıya daxil olduğu halda baş verə bilər ki, o da heç vaxt olmayacaq. Ermənilərin buna nə gücləri, nə də imkanları var. Odur ki, İrəvan hər halda kompromisə getməlidir və həmin kompromis çox ciddi olmalıdır”.

Türk qardaşlarımız demiş: "Vay, arkadaş”. Bəs hanı "erməni xalqının iradəsi, qəti mövqeyi, Dağlıq Qarabağın müstəqilliyi üçün axıra qədər vuruşmağı?” Hanı "məğlubedilməz erməni ordusu”? Deyirdiniz ki, hər bir erməni kişisi anadangəlmə döyüşçüdür. Belədirsə, niyə arvad batalyonları yaradırsınız? Adamdan soruşarlar ki, bəs həmişə döyüşməyi bacarmayan, qorxaq kimi təqdim etdiyiniz Azərbaycan əsgərinin qarşısından niyə dovşan kimi qaçırsınız? Azərbaycan əsgərinin şapalağı üzünüzə dəyən kimi özünüz barədə uydurduğunuz bütün obrazların sadəcə əfsanə olduğunu gördük. Erməni tarixinin uydurulmuş rəvayət olduğunu dəfələrlə gördüyümüz kimi.

Azərbaycan Ordusu isə öz iradəsini döyüş meydanında ortaya qoyur. Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 20-də xalqa etdiyi növbəti müraciətində Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının işğaldan azad olan kəndlərinin adlarını sıra ilə söyləyərək birdən xüsusi vurğu ilə dedi: "...Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ Azərbaycandır!”

Dövlət başçısının Zəngilanın azad edilməsi barədə müjdəsi bizə 15 il əvvəl şahidi olduğumuz bir hadisəni xatırlatdı. Zəngilandan olan ağsaqqal jurnalist, şəhid atası Əvəz müəllimin yubileyi keçirilirdi. Hamı yubilyarı təbrik edərək növbəti ad gününü Zəngilanda, doğma yurdunda qeyd etməsini arzulayırdı. Amma Əvəz müəllim torpaq itkisinə, şəhid övladının nisgilinə dözməyərək dünyasını dəyişdi. Təkcə Əvəz müəllimmi? Nə qədər zəngilanlı həyatdan yurd həsrəti ilə köçüb. İndi onların ruhu Zəngilan üzərində dolaşaraq dinclik tapır. Sağ qalan, illərlə yurd həsrəti çəkən zəngilanlılar isə doğma yerlərə qayıdacaq, qurub-yaradacaq, əvvəlki həyatlarını davam etdirəcəklər.

...Əvəz müəllimin yubiley gecəsində həsrətdən doğan bir musiqi tez-tez səslənirdi: "Könlüm Zəngilanı istər”. İndi zəngilanlıların könlü də, gözü də, dimdik duran ayaqları da doğma yurdun üstündə olacaq.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.-23 oktyabr.- S.1; 6.