Zəngilan sakini: Ömrümün qalan hissəsini öz yurdumda yaşayacağıma görə hədsiz sevincliyəm

 

Tanrıya şükürlər olsun ki, bizə bu günləri nəsib etdi. Zəngilana qayıdacağımız günü səbirsizliklə gözləyirdim. Allah-Təala dualarımızı eşitdi və haqqın, ədalətin bizim tərəfimizdə olduğunu göstərdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyi ilə döyüşən igid əsgərlərimizə sonsuz təşəkkürümü bildirirəm. Vətənindən, el-obasından didərgin düşən insanların adından “Çox sağ olun!” deyirəm. Ömrümün qalan hissəsini öz yurdumda yaşayacağıma görə hədsiz sevincliyəm. Tanrı PrezidentimiziOrdumuzu qorusun.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun 70 yaşlı sakini Tutu Heydərova deyib.

Digər ərazilərimiz, rayonlarımız kimi, Zəngilanın da işğaldan azad edilməsi xəbərini böyük sevinclə qarşıladığını deyən T.Heydərova bildirib: “Elə bilirəm ki, dünyaya yenidən gəlmişəm. Azərbaycanın hər bir guşəsi bizim üçün Vətəndir, amma doğma yurd başqadır. Daha ölsəm də, qəm yemərəm. Çünki doğma yurdum Azərbaycanın qüdrətli rəhbəri və Ordusu tərəfindən ermənilərdən təmizlənib. Mənim 6 qızım, 1 oğlum var. Məcburi köçkün düşənə qədər Zəngilanda təsərrüfatla məşğul olmuşuq. Hazırda burada da yaşayışımız yaxşıdır, amma doğma el-obanın dadı başqadır”.

Zəngilan sakini azğın və qəddar ermənilər tərəfindən didərgin salındıqları illəri də xatırlayarkən kövrəlib. O deyib: “İllər keçsə də, onların bizim başımıza gətirdiklərini yaddan çıxara bilmərik və çıxarmamalıyıq. Hadisələr başlayandan sonra günümüz-güzəranımız olmadı, hər dəqiqə səksəkə içərisində idik. Atılan qradların nəticəsində evlər gözümüzün qabağında od tutub yanırdı. Amma zəngilanlılar son nəfəslərinə qədər döyüşdülər”.

Tutu Heydərova tezliklə bütün torpaqlarımızın düşmən işğalından azad olunacağına əminliyini ifadə edib. Bildirib ki, hər gün namaz qılarkən bütün əsgərlərimiz üçün dua edir.

 

Azərbaycan.- 2020.-23 oktyabr.- S.1; 6.