Düşmən Bərdəni kasetli raketlərlə atəşə tutub, ölən və yaralananlar
var
Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudcasına pozmaqda davam edir. Düşmən oktyabrın 27-də Azərbaycanın Bərdə rayonundakı dinc əhalini hədəf alaraq, yaşayış məntəqələrini mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə atəşə tutub.
AZƏRTAC-ın
cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər
verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən
saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin
müxtəlif istiqamətlərdən kasetli raketlərlə
atəşə tutulması nəticəsində Cəfərova
Ofeliya Məcid qızı, Əhmədova Aybəniz
Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil
oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova
Aysu Rövşən qızı həlak olub, 10-dan çox
dinc sakin yaralanıb.
Qeyd edək ki, Ermənistan atəşkəs rejiminə üçüncü dəfədir əhəmiyyət vermir. Oktyabrın 10-da Moskvada birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulub.
Beləliklə, Ermənistan növbəti dəfə
məqsədli şəkildə öz
öhdəliklərinə məhəl qoymur
və beynəlxalq vasitəçilərin səylərinə
açıq hörmətsizlik göstərir.
Azərbaycan.-2020.- 28 oktyabr.- S.5.