Vətəndaşların sağlamlığı dövlətin təhlükəsizliyi üçün önəmlidir

 

Özümüzü və eyni zamanda hərbçilərimizi xəstəlikdən qorumalıyıq

 

Bütün Yer kürəsini bürüyən, dünyanın nizamını dəyişən koronavirus pandemiyası kütləvi qırğınlar və yoluxmalar törətməkdə davam edir. İnsanlığın təhdidinə çevrilən COVID-19 infeksiyasına yoluxanların sayı saatbaat artır. Artıq bu təhlükəli virusa yoluxan planet sakinlərinin sayı 40 milyon nəfəri ötüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir ki, son bir həftə ərzində dünyada koronavirusa yoluxanların sayının 2,4 milyondan çox artması rekord göstərici sayılır.

Ən çox yoluxmaölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 18,8 milyondan çox yoluxma və 608 mindən çox ölüm halı var. İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 8 milyonu, ölənlərin sayı isə 256 mini keçib. Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, bu regionda ümumilikdə yoluxanların sayı 8,5 milyonu, ölənlərin sayı isə 135 mini ötüb.

 

Dünya koronavirus girdabında

 

Dünya ölkələrinin əksəriyyətində pandemiya ilə əlaqədar vəziyyət getdikcə pisləşir. Fransada COVID-19 epidemiyasının ikinci dalğası başlayıb. Ölkədə fövqəladə sanitar vəziyyət elan olunmasına və komendant saatının tətbiq edilməsinə baxmayaraq, koronavirus sürətlə yayılmaqdadır. Son 24 saat ərzində koronavirusa 26 min 676 yeni yoluxma faktı aşkarlanıb.

Braziliyada son sutka ərzində 25832 nəfərin koronavirusa yoluxması, 571 nəfərin isə ölməsi təsdiqlənib. Böyük Britaniyada bir gündə COVID-19-a 21331 yeni yoluxma və ölkə üçün rekord sayda ölüm (241 nəfər) qeydə alınıb. Nepalda COVID-19 yayılmağa başlayandan bəri sutkalıq ən çox yoluxmaölüm faktı oktyabrın 21-də olub - 5743 yoluxma və 26 ölüm baş verib. Ukraynada son sutkada koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb. İranda koronavirusdan ölənlərin sayında kəskin artım müşahidə edilir. Yerli mətbuat bunu virusun ikinci dalğası hesab edir. Rusiyada ötən gün ərzində 16 minə yaxın şəxsin COVID-19 testi pozitiv çıxıb. Gürcüstanda son sutkada daha 1351 nəfərə koronavirus diaqnozu qoyulub, 14 pasiyent həyatını itirib.

Ermənistanda oktyabrın 21-də koronavirusa yoluxanların sayında yeni rekord qeydə alınıb. Ötən sutka ərzində ölkədə daha 1836 nəfərdə koronavirus aşkarlanıb. Virusdan ölənlərin sayı 20 nəfər artaraq 825 nəfər 6 nəfər isə vəfat edib.

 

Rəqəmlərin artması qaçılmaz olacaq

 

Dünyanın bir parçası olan Azərbaycanda da son günlər epidemioloji vəziyyət mənfiyə doğru gedir. Ötən sutka koronavirusa yoluxmaölüm sayında son ayların ən yüksək göstəricisi qeydə alınıb - 714 yoluxma, 7 ölüm.

Xəstəliyin qarşısının alınması istiqamətində dünya ölkələri ilə bərabər, Azərbaycanda da aylardır ciddi addımlar atılır. Bu qabaqlayıcı, kompleks tədbirlər həyata keçirilməsəydi, rəqəmlər daha yüksək olardı.

Qlobal pandemiya ilə mübarizənin ilk günlərindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün resursları vətəndaşlarıın sağlamlığının qorunmasına səfərbər edildi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan karantin rejimi tətbiq olundu, pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər, qaydalar qoyuldu. Dövlət başçısının bu məsələyə vaxtında çevik reaksiya göstərərək təxirəsalınmaz təbirlər görməsi ilə ölkəmizdə gizli və gözəgörünməz düşmənlə mübarizədə uğurlar əldə edildi. Təsadüfi deyil ki, bu sahədə ölkəmizin təcrübəsi nümunə kimi göstərildi. Azərbaycan dünyada COVID-19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdən biri kimi tanındı.

Təəssüf ki, payız fəsli başlayandan, xüsusən də son iki həftə ərzində yoluxma sayları artmaqdadır. Son bir neçə gündə isə yoluxma sayında daha nəzərəçarpan artımlar qeydə alınır.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, yoluxma saylarının daha da artacağı gözlənilir: "Rəqəmlərin artması qaçılmaz olacaq. Çünki insanların bir yerə toplanmasına şahidlik edən günlər yaşayırıq. Bir yerə toplandığımız zaman isə əksər vaxt koronavirusu düşünmürük. İnsanlara belə çətin günlərdə bu mesajları ünvanlamaq asan deyil. Lakin özümüz, sevdiklərimiz naminə xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün diqqətli olmalıyıq”.

H.Harmancı qeyd edib ki, yoluxma sayının artımının müxtəlif səbəbləri ola bilər. Belə ki, qış ayları yaxınlaşdıqca COVID, eləcə də digər respirator virus infeksiyaları və mikroblar daha çox yayılır. Buna səbəb insanların qapalı məkanlarda çox vaxt keçirməsidir. Bununla yanaşı, hazırda insanlarda pandemik yorğunluq müşahidə olunur. Çünki fevral ayından bəri insanlara müəyyən qaydalara əməl etmələri, diqqətli olmaları tövsiyə edilir. İnsanlarda həssaslıq azalıb. Bu hal, sadəcə, Azərbaycanda deyil, bütün dünyada baş verir.

 

Karantin tədbirləri daha da sərtləşdirilə bilər

 

Ölkədə koronavirusa yoluxma hallarının artmasının digər səbəbi isə insanlarda arxayınlıq hissinin yaranmasıdır. Etiraf etmək lazımdır ki, sentyabrın 27-dən Azərbaycanın haqq savaşına başlaması bütün insanların diqqətini, fikrini ön cəbhəyə yönəltdi, nəticədə koronavirus təhlükəsi aktuallığını itirdi, arxa plana keçdi. Məhdudiyyətlərin çoxunun aradan qaldırılması, tədris müəssisələrinin açılması, gündəlik statistikada müsbət tendensiyanın qeydə alınması vətəndaşlarda xəstəliyin yox olması təəssüratı yaratdı. Nəticədə insanlarda arxayınlıq və laqeydlik yarandı, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət olunmadı, maskadan istifadə halları azaldı, distansiya saxlanılmadı. Bu da çətinliklə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsinə və xəstəliyin sürətlə yayılmasına səbəb oldu. Ölkədə COVID-19 infeksiyasına yoluxma halları kəskin artdı, sanitar-epidemioloji vəziyyət pisləşdi. Nazirlər Kabineti yanında Operativ Qərargah da sanitar-epidemioloji vəziyyəti, koronavirusa yoluxmuş aktiv xəstə sayını və yoluxma sürətini əsas götürməklə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yenidən tətbiq olunmasına qərar verdi.

 

İlkin mərhələdə - 19 oktyabrdan 2 noyabradək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olundu və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldı. Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən rejiminə keçirildi. Lakin sirr deyil ki, yoluxma sayında artım yüksələn xətlə davam edirsə, karantin tədbirləri daha da sərtləşdirilə bilər.

 

Vətəndaşların orduya verəcəyi ən böyük dəstək xəstəlikdən qorunmaqdır

 

Nəzərə alaq ki, hazırda ölkədə vəziyyət əvvəlki aylardan fərqlidir. Bu gün biz iki cəbhədə vuruşuruq. Ön cəbhədə əsgərlərimiz real düşmənlə, arxa cəbhədə isə həkimlər, vətəndaşlar gözəgörünməz düşmənlə mübarizə aparır. Əgər arxa cəbhədə düşmənin - koronavirusa yoluxmanın qarşısını ala bilməsək, bu təhlükə ordu sıralarına qədər çata bilər. Çünki sıravi vətəndaşlar tez-tez cəbhə zonasına yollanır, hərbçilərimizə dəstək göstərirlər. Xəstəliyi simptomsuz keçirən bir şəxs virusu əsgərlərdən birinə yoluxdursa, ciddi problemlər, xoşagəlməz nəticələr yarana bilər. Əsgərlərin sağlamlığı bizim üçün çox önəmlidir. Əsgərlər Vətənin keşiyində dayanırsa, torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlar aparırsa, ən vacib məsələ onların sağlamlığıdır. Digər tərəfdən əsgərlərimiz də döyüşərkən arxayın olmalıdırlar ki, ailələrinin sağlamlığı ilə bağlı problem yoxdur. Bu da onların yüksək ruhla döyüşüb qələbə qazanmalarına müsbət təsir edər.

Ölkədə koronavirus xəstələrinin sayının artması eyni zamanda, xəstəxanaların da yüklənməsinə, tibbi kadr çatışmazlığına, həkim, çarpayı qıtlığına, nəticədə yaralı əsgərlərin müalicəsində çətinliklərin yaranmasına səbəb ola bilər.

Hazırda hər birimizin diqqəti Vətən müharibəsindədir, xalqın ürəyi ön cəbhə ilə döyünür. Hər kəs hansısa formada ön cəbhəyə kömək etmək istəyir. Hazırkı şəraitdə sıravi vətəndaşların orduya verəcəyi ən böyük dəstək özlərini, həm də hərbçiləri xəstəlikdən qorumaqdır. Biz koronavirusla mübarizəyə ciddi yanaşmalı, qaydalara əməl etməli, diqqətli və məsuliyyətli olmalıyıq.

Unutmayaq ki, hər iki məsələ - istər insanların sağlamlığı, istərsə də torpaqlarımızın işğaldan azad edilməsi dövlətin təhlükəsizliyi üçün önəmli məsələlərdir. Biz qorunma tədbirlərinə əməl etməklə dövlətimizə də, ordumuza dəstək vermiş olarıq. Prezident İlham Əliyev COVID-19 virusuna qarşı mübarizənin leytmotivinə çevrilən "Biz birlikdə güclüyük!” şüarını irəli sürəndə təkcə xalq-dövlət birliyini nəzərdə tutmamışdı. Bu şüar, ilk növbədə, bütün Azərbaycan vətəndaşlarının bir-birilərinin həyatlarını, sağlamlıqlarını, dövlətin resurslarını qorumaq üçün daha məsuliyyətli davranmalarına çağırışdır. Gəlin, bu çağırışa hamılıqla qoşulaq, bir olaq, birlikdə olaq, qalib olaq!

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 23 oktyabr.- S.11.